RF MN öz saytında “Dağlıq Qarabağ” arxaizmini işlədə bilmək üçün sülhməramlılara hər bir erməniyə 3 cüt ayaqqabı və 1 jilet paylamaq əmri verib?

2021-10-08 14:04:00

RF MN öz saytında “Dağlıq Qarabağ” arxaizmini işlədə bilmək üçün sülhməramlılara hər bir erməniyə 3 cüt ayaqqabı və 1 jilet paylamaq əmri verib?

Hurriyyet.az Rusiyanın Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya Departamentinə istinadən xəbər verir ki, rusiyalı sülhməramlılar Qarabağda ermənilərə yardım paylayıblar.

Açıqlamada deyilir: “Rusiya sülhməramlıları Dağlıq Qarabağın Aterk qəsəbəsində humanitar aksiya keçiriblər”.

Rusiyanın Müdafiə Nazirliyi “sülhməramlı humanitar”lardan bəhs edərkən bir cümlədə iki səhv edib - əvvəla, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “Dağlıq Qarabağ” ifadəsi artıq keçmişdə qalıb, ikincisi isə, “Aterk” adlandırılan məntəqənin tarixi Həsənriz adı 1992-ci il 29 dekabr tarixindən etibarən bərpa edilib.

Həsənriz (əvvəlki adı Aterk) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Həsənriz kənd inzibati ərazi dairəsində kənddir. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Aterk olub.

Tərtər çayının sol tərəfində, Həsənriz çökəkliyindədir. Keçmış adı Aterk/Haterk qalası olmuşdur. Tədqiqatçıların ehtimalına görə, aterk türk dillərindəki atrak (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə Həsənriz adlanıb.

Kəndin adı Osmanlı qaynaqlarında 1727-ci ildə Çаlаbеrd nаhiyəsi nin kəndi olaraq keçir. Qədim dövrdə Qafqaz Albaniyası ərazisində yerləşən Həsənriz kəndinin inkişafının əsası təxminən XV əsrdə Cənubi Azərbaycandan köçmüş türk tayfaları tərəfindən qoyulmuşdur. Lakin Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bu kəndin ərazisinə İrandan çoxlu sayda erməni ailəsi köçürülməyə başlanmışdır. Qısa bir müddət ərzində kənddəki ermənilərin sayı azərbaycanlıların sayını ötməyə başladı və bundan sonra ermənilər buranı "qədim erməni ərazisi" kimi adlandırmağa başladılar. Bu kəndin erməni əhalisi hələ 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımda fəal şəkildə iştirak etmişdi. Sovet dövründə kəndin adı ermənilərin tələbi ilə dəyişdirilərək Aterk qoyulmuşdu. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə kəndin adı dəyişdirilərək öz tarixi adına qaytarıldı.

Həsənriz kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Həsənriz kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçirdilər. Lakin 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində həmin ilin 4 iyulunda kənd Azərbaycanın nəzarətinə keçmişdir. Lakin 1993-cü ilin əvvəlində erməni işğalçıları hücuma keçərək kəndi yenidən ələ keçirdilər. Hazırda Həsənriz kəndi İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, Rusiya sülhməramlı kontingentinin nəzarətindədir.

İndi isə RF Müdafiə Nazirliyinin açıqlamasına qayıdaq:

“Rusiyanın sülhməramlı hərbçiləri xeyriyyə fondunun nümayəndələri ilə birlikdə Dağlıq Qarabağın Mardakert rayonunun Aterk yaşayış məntəqəsində humanitar aksiya keçiriblər. Humanitar yük Rusiyadan Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələri tərəfindən çatdırılıb. Rusiya sülhməramlı kontingentinin ictimai qəbul mütəxəssisləri yerli administrasiya ilə birlikdə ehtiyacı olanların siyahısını tərtib edib və onlara yardım edib.

Sülhməramlı kontingentin nümayəndəsi Dmitri Tusidi deyib: “Bu gün biz Dağlıq Qarabağın ucqar rayonlarından olan Aterk yaşayış məntəqəsinə gəlmişik. Burada 48 köçkün ailəsi və çoxuşaqlı ailələr yaşayır. Biz onlara xeyriyyə cəmiyyətləri assosiasiyasının verdiyi ayaqqabı və isti paltarları gətirmişik. Hər bir ailə üzvünə üç cüt ayaqqabı veriləcək: yay, qış və mövsümlərarası ayaqqabı. Həmçinin, kişi əhalisinə isti jiletlər veriləcək”.

Aksiya Aterk yaşayış məntəqəsinin inzibati binasında keçirilib. 16 çoxuşaqlı ailəsi və 32 köçkün ailəsinə yardım edilib. 

Aterkdə 1,5 min nəfərdən çox adam yaşayır. Bura Dağlıq Qarabağın ən iri ucqar yaşayış məntəqələrindəndir. Rusiya sülhməramlılarının ehtiyacı olanları aşkar eləmək işi davam edir.

Rusiya Federasiyasının Prezidentinin, Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin birgə bəyanatında ifadə edilmiş razılaşmaya görə, 2020-ci il 10 noyabr tarixində Moskva vaxtı ilə 00.00-dan etibarən Dağlıq Qarabağda atəşin və bütün hərbi əməliyyatların tam dayandırıldığı elan edilib.

Atəşkəsə və hərbi əməliyyatların dayandırılmasına görə Dağlıq Qarabağda Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib”.

Hürr Tərcüman