“Reuters”: Rusiya tutduğu əraziləri Ukraynaya qaytarmayacaq
Putinin Ukraynada sülh üçün gizli şərtlərinin təfərrüatları bəlli olub. Belə ki, Rusiya prezidentinin Trampla Ukraynada sülhə dair danışıqlara açıq olduğu bildirilib, lakin o ciddi ərazi güzəştlərini, yəni tutduğu əraziləri Ukraynaya geri qaytarmağı istisna edir və Kiyevin neytral statusunda israrlıdır. Bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, Kreml Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bölünməsi, eləcə də Xarkov və Nikolayev vilayətlərindən qoşunların qismən çıxarılmasının müzakirəsinə imkan verməklə hazırkı cəbhə xətti boyunca müharibəni dayandırmağa hazırdır. Bununla belə, Rusiya tərəfi Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsində, silahlı qüvvələrinin sayını məhdudlaşdırmaqda və rus dilindən istifadə hüquqlarını qorumaqda israrlıdır.
Putin, mənbələrə görə, mümkün atəşkəsin əsas şərq ərazilərinə nəzarəti, rusdilli əhalinin qorunmasını və Krıma quru dəhlizini təmin edəcək "qələbə"nin reallaşması kimi görür. Eyni zamanda, rəsmilərin fikrincə, Krımın özünün statusu müzakirə mövzusu deyil.
Agentliyin həmsöhbətlərinin qeyd etdiyi kimi, ABŞ-ın ATACMS raketlərini Ukraynaya ötürmək qərarı Moskvanın tələblərini gücləndirərək, sülh yolu ilə nizamlanma perspektivlərini çətinləşdirir. Əgər razılıq əldə olunmasa, Rusiya hərbi əməliyyatları davam etdirməyə hazırdır.
Ülviyyə, Hurriyyet.az