"Rəsulzadə Azərbaycanın müstəqilliyini yalnız Rusiyaya qarşı deyil, Osmanlıya qarşı da qoruyub" - XAQANİ CƏFƏRLİ

2022-06-01 14:35:00

"Əgər bu gün Putin Azərbaycanı da Ukrayna və Qazaxıstan kimi Lenin tərəfindən yaradılmış saxta dövlət adlandırıb aşağılaya bilmirsə, buna görə Rəsulzadənin 1918-ci ildə Azərbaycanın müstəqilliyini güzəştə getməməsinə borcluyuq"

"Məhəmməd Əmin Rəsulzadəni, Müsavat Partiyasını Türkiyəyə arxa çevirməkdə suçlayan əhrarçıların fikir daşıyıcıları da məni Türkiyəyə qarşı çıxmaqda ittiham edirlər. Azərbaycan xalqının üç minillik tarixindəki beş ən böyük dahidən biri və sonuncusu olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyini yalnız Rusiyaya qarşı deyil, Osmanlıya qarşı da qoruyub". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli deyib.

Politoloq qeyd edib ki, buna görə də Rəsulzadəni, rəhbərlik etdiyi Müsavat Partiyasını Türkiyəyə arxa çevirməkdə ittiham ediblər: "1918-ci ildə Azərbaycanın böyük bir hissəsinin Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinə baxmayaraq, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsinə qarşı çıxmaqla bugünkü mövcudluğumuzu təmin etdi. Əgər 1918-ci ildə Azərbaycan Osmanlı dövlətinin tərkibinə keçsəydi, Osmanlının çöküşündən sonra ilk bölünən ərazi heç şübhəsiz Azərbaycan olacaqdı. Əgər bu gün Putin Azərbaycanı da Ukrayna və Qazaxıstan kimi Lenin tərəfindən yaradılmış saxta dövlət adlandırıb aşağılaya bilmirsə, buna görə Məhəmməd Əmin Rəsulzadənin 1918-ci ildə Azərbaycanın müstəqilliyini güzəştə getməməsinə borcluyuq".

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın xarici və daxili siyasətinin çox təhlükəli bir mərhələdə olduğunu düşündüyünü vurğulayan Xaqani Cəfərli Azərbaycanın bu təhlükədən kənarda qalması üçün həqiqətləri ifadə etməkdən vaz keçməyəcəyini də bildirib: "Yeni əhrarçılıların hücumları məni mövqeyimdən daşındıra bilməz. Cəmiyyəti çaşdıran isə əhrarçıların başlarının üzərində Rəsulzadənin portretinin olmasıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya