Rəsul Quliyevin son cəhdi... - Azərbaycana dönüşü baş tutacaqmı?

2022-12-14 09:24:00

Rəsul Quliyevin son cəhdi... -  Azərbaycana dönüşü baş tutacaqmı?

Vaxtı ilə hakimiyyətdə yüksək postlarda təmsil olunmuş, sonrakı illərdə isə mövqelərini dəyişərək iqtidarın rəqiblərinə çevrilmiş məmurların əksəriyyəti ya yenidən əvvəlki mövqelərinə qayıdıblar, ya da iqtidara “konstruktiv müxalifət” rolunu oynamağa başlayıblar.

Siyahı kifayət qədər geniş və zəngindir: Prezidentin sabiq köməkçisi Eldar Namazov, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli, keçmiş dövlət katibi Lalə Şövkət, keçmiş Səhiyyə naziri Əli İnsanov və sair. Həmçinin, mərhum Prezident Ayaz Mütəllibovun ölkəyə qayıtmasını, eks-prezidentlər haqqında qanunun ona və ailəsinə şamil olunmasını da xatırlatmaq yerinə düşər.

Bu gün sözügedən şəxslərə hər hansı məhdudiyyət yoxdur, hətta iqtidar və dövlət mediasının tribunaları da onlar üçün açıqdır. Onlar dövlət tədbirlərinə dəvət alır, hökumətin yürütdüyü daxili və xarici siyasəti müdafiə edirlər.

Bu zümrənin içində nədənsə hakimiyyətə qarşı “silahı çoxdan yerə qoyub”, Prezident İlham Əliyevi dəstəkləyən eks-spiker Rəsul Quliyev gözə dəymir. Baxmayaraq ki, o, bəzi həmkarlarından daha əvvəl müxaliflik etmək fikrindən daşınıb, çoxsaylı açıqlamalarında hakimiyyət rəhbərliyinə reveranslar edib.

Bu günlərdə tanınmış kinorejissor Eldəniz Quliyev tərəfindən R.Quliyevin 75 illik yubileyi ilə əlaqədər hazırlanmış sənədli filmdə eks-spikerin, onun haqqında fikir söyləyən ziyalıların, eləcə də R.Quliyevin yaxınlarının dilindən bu cür çağırışlar səslənir. Onun ölkəyə qayıdışına “yaşıl işıq” yandırılmasının vacibliyi xüsusi ilə qeyd olunur.

Rəsul Quliyev özü isə Azərbaycan Prezidenti haqqında “İlham Əliyev Azərbaycan xalqının qəhrəmanıdır” ifadəsini işlətməklə keçmişdəki bütün umu-küsülərinin üstündən xətt çəkdiyini göstərir. Vurğulamaq yerinə düşər ki, onun hakimiyyətə dəstək mövqeyi bir çox kolleqalarından fərqli olaraq açıq, ardıcıl və səmimi təsir bağışlayır.

Bəs, Rəsul Quliyev ölkəyə qayıdarsa, onu nə gözləyir? Təxminən 30 il əvvəlki fəaliyyətini əhatə edən cinayət işi hələ də qüvvədədirmi?

Sabiq parlament sədrinin vəkili olmuş Osman Kazımov “AzPolitika.info”ya bildirib ki, R.Quliyev haqqında ötən əsrin 90-cı illərində açılmış cinayət işinin istintaqı dayandırılıb. Eks-spiker külli miqdarda dövlət əmlakını mənimsəmə və ələ keçirmə maddəsi ilə təqsirli bilinib: “Hazırda onun istintaqdan yayınması ilə əlaqədər cinayət işinin istitntaqı dayandırılıb, barəsində axtarış və həbsetmə qərarı verilib. Əgər ölkəyə qayıdarsa, istintaqın dayandırılması ilə bağlı qərar ləğv olunacaq və cinayət təqibi davam etdiriləcək”.

Beləliklə, R.Quliyevin ölkəyə qayıdışı ancaq siyasi razılıq əsasında baş tuta bilər. Onun iqtidara reveranslarının, xüsusi ilə özü haqda sənədli filmdə səsləndirdiyi mövqeyinin hakimiyyət rəhbərliyində dəyərləndirilib-dəyərləndirilməyəcəyini zaman göstərəcək.

Ehtimal etmək olar ki, eks-spiker də digər keçmiş hakimiyyət kolleqaları kimi bağışlana, 2023-cü ildə onun ölkəyə dönüşünə şərait yaradıla bilər. Amma onun uzun müddət Azərbaycanda qalması da real görünmür. Çünki ötən 26 ildə ABŞ-da məskunlaşmış və yəqin ki, müəyyən mənada Amerika cəmiyyətinə inteqrasiya olunmuş Quliyevlərin yenidən Azərbaycanda həyat qurması inandırıcı görünmür.

Eks-spiker yəqin ki, ölkəsinə qayıtmağa can atır, burada daimi yaşamağa yox. O, sadəcə iqtidarla düşmənçilik səhifəsini bağlayıb ömrünün ahıl çağlarını rahat yaşamağa çalışır...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.317662