"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı
Bakının əsas sağlamlıq ocaqlarından biri olan Respublika Klinik Xəstəxanasında gedən təmir işləri bir çox xəstənin rahatlığını pozub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Oxu.az-a şikayət daxil olub.
Qeyd olunub ki, xəstəxananda aparılan təmir işləri səbəbindən həkimlər Bilgəh qəsəbəsindəki xəstəxanaya köçürülüblər, bu isə xəstələr üçün böyük çətinliklər yaradıb.
"Problem budur ki, yollarda qalmışıq. Hər hansı müayinədən keçmək istəyən xəstə əvvəlcə Bilgəhə getməli, həkimlə görüşdükdən sonra yenidən şəhərə, Respublika Klinik Xəstəxanasına qayıdıb lazımi tibbi aparatlardan keçməli və sonda yenə də Bilgəhə qayıdaraq həkimə nəticələri təqdim etməlidir. Bu isə bizim yollarda qalmağımız deməkdir", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Respublika Klinik Xəstəxanasından bildirilib ki, xəstəxananın I korpusunda yerləşən 6 şöbənin (Endokrinologiya, Qastroenterologiya, Kardiologiya, Pulmonologiya, Nefrologiya, Nevrologiya) və Terapevtik reanimasiya bölməsinin məhz həmin ünvana köçürülməsinə əsas səbəb Modul tipli xəstəxanada çarpayı fondunun müraciət edəcək pasiyentləri qəbul edə bilmək imkanına malik olmasıdır:
"Əlavə olaraq bildirək ki, cari təmirə dayanan II korpusun (Cərrahi) müasir standartlara uyğun təmirindən sonra bütün zəruri infrastruktur yaradılacaq. 12 müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək. Ən son müasir avadanlıqlarla təchiz olunan cərrahi şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar icra olunacaq.
Qeyd edək ki, Modul tipli xəstəxanaya müraciət edən pasiyentlərin hər birinə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün xidmətlər tək şəxsiyyət vəsiqəsi ilə ödənişsiz əsaslarla göstərilir. Sözügedən xəstəxanada vətəndaşlara tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə (dövlət və ya müqaviləli tibb müəssisəsinə) göndəriş verir".
"Hazırda Modul tipli xəstəxanada instrumental-diaqnostik müayinələr də həyata keçirilir. Elektrokardioqram (EKQ), ultrasəs müayinəsi (USM), exokardioqrafiya (EXO), elektroensefaloqrafiya (EEQ) və rentgenoqrafiya üçün avadanlıqlar mövcuddur.
İxtisaslı həkimin göstərişi əsasında yalnız kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiya (MRT) müayinələri üçün Respublika Klinik Xəstəxanasına göndəriş təqdim olunur", - məlumatda vurğulanıb.