“Rəsmi İrəvan xarici siyasət kursunu Qərbə doğru kökləyir”

2022-05-07 22:37:00

“Rəsmi İrəvan xarici siyasət kursunu Qərbə doğru kökləyir”
“Bu da Rusiyanın xoşuna gəlmir” 
 
Ermənistanda müxalifətin aksiyaları 24 il əvvəlki hadisələrə oxşayır. 1998-ci ildə Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun təklif etdiyi “Mərhələli həll” variantını məqbul sayırdı. Hətta bu istiqamətdə addımlar atmaq istəyirdi. 
Ancaq ovaxtkı baş nazir Robert Koçaryan, müdafiə naziri Vazgen Sarkisyan, daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyanla etiraz aksiyası təşkil edərək Petrosyanın istefasına nail oldular. Hakimiyyətə Robert Koçaryan gətirildi. 2008-ci ildə Ter-Petrosyan yenidən prezidentliyə namizədliyini irəli sürdü. Koçaryan öz yerinə Sarkisyanı oturmaq üçün həmin il martın 1-də İrəvanda qan tökdü. İndiki müxalifət Azərbaycan torpaqlarının dinc yolla qaytarılmasını istəməyənlər, 1999-cu ildə terror təşkil edənlər və “Daşnaksütyun” Partiyasıdır. Xarakter və siyasi-ideoloji baxımdan çoxdan ifşa olunmuş bu qüvvələr yeni fikir və ideya irəli sürmək potensialına malik deyillər. Onlar mürtəce düşüncələri, geri qalmış siyasi təfəkkürlə Ermənistanı uçuruma aparırlar. Dünyada və regionda baş verənlərdən hələ də dərs almırlar. 
 
Politoloq Sədrəddin Soltanın sözlərinə görə, Azərbaycan torpaqları ilə bağlı məsələ artıq dünyanın regional siyasətinin gündəliyindən çıxıb. Eləcə də ATƏT-in Minsk qrupu, “münaqişə”, “status” kimi ifadələr danışıqların predmeti deyil. İndi danışıqların başlıca mövzuları Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlıdır: 
 
“Bu istiqamətdə müntəzəm birbaşa görüşlər keçirilir. 
 
Son günlər Prezidentin köməkçisi Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Brüsseldə görüşüb. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar görüşdə iştirak edib. Görüşdə tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətləri, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə etdiyi də ehtimal olunur. Bundan əvvəl Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. 
 
Mayın 3-də Xarici işlər naziri Ceyhun Bayramov Fransanın Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb. Görüşdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. 
Ötən gün Türkiyə təmsilçisi Serdar Kılıç və Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan arasında Vyanada görüş olub. 
 
Təmsilçilər iki ölkə arasında normallaşma prosesinin sürətləndirilməsi üçün danışıqların intensivləşdirilməsi barədə birgə razılığa gəliblər. Regionda gedən yeni proseslər fonunda Ermənistanda müxalifət sayılan qüvvələrin fəaliyyət və tələbləri çox gülünc görünür. 
Bu ölkənin havadarları və müxalifəti saxta vətənpərvərlik şüarları ilə ölkəni uçuruma yuvarlayır. Azərbaycanın və Türkiyənin əleyhinə mənasız çıxışlar etməklə mövcud vəziyyəti dəyişmək kimi gerçəkləşməsi mümkün olmayacaq iddialar irəli sürürlər. 
 
Ermənistan cəmiyyətini aldadır, sakinlərə yalan danışırlar. Ermənistanda müxalifət sayılan bu qüvvələr normallaşma proseslərinə mane olmağa səy göstərirlər. Rəsmi İrəvan bu hadisələrdən öz mövqeyini gücləndirmək üçün istifadə edə bilər”.
 
S.Soltan vurğulayıb ki, mayın 2-3-də ABŞ-la Ermənistan arasında strateji dialoq olub: 
 
“Rəsmi İrəvan xarici siyasi kursunun qərbə doğru köklənməsini davam etdirir. Heç şübhəsiz, bu da Rusiyanın xoşuna gəlmir. 
 
Odur ki, Ukraynada baş verənlər fonunda etiraz aksiyaları Qərbin Cənubi Qafqazda təsirinin azalmasına yönəlmiş hadisədir. 
Ona görə də “müxalifət” rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə mane olur. Bu həm Ermənistanın inkişafına, həm də regionda və dünyada etibar qazanmasına problem yaradır”. \\Şərq.az

Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya