Rəsmi İrəvan Vaşinqtonla Moskva arasında "şpaqat pozasında"...

2022-05-04 16:25:00

Rəsmi İrəvan Vaşinqtonla Moskva arasında

Ermənistanın yelkənlərində “Amerikadan dəyişiklik küləyi” əsməyə başlayır. Məlum olduğu kimi, Ermənistanın XİN naziri Ararat Mirzoyan ABŞ-da səfərdədir. O, artıq dövlət katibi Entoni Blinken və dövlət katibinin müavini Viktoriya Nulandla görüşüb, danışıqlar aparıb.

Tərəflər Zaqafqaziyada, Qarabağdakı vəziyyəti fəal müzakirə edib, hətta “ATƏT-in Minsk Qrupunun işinin bərpasının vacibliyi” probleminə də toxunublar. Hərçənd bədnam və yartımaz fəaliyyətlə siyaət gündəminə öz imzalarını atmış Minsk qrupu eləABŞ ilə Fransa tərəfindən buraxıldı, amma göründüyü kimi "bəlkə də qaytardılar"prinsipi ilə nostalgiya yaşayan Ermənistan bədheybət Frankenşteyni diriltmək ümidindən əl çəkə bilmir.
Mirzoyanın Vaşinqtonda daha çox, o cümlədən erməni-amerikan strateji dialoq formatında, Atlantik Tərəfdaşlıq forumunda və ABŞ Konqresinin yüksək səviyyəli nümayəndələri ilə görüşləri olacaq. Ona görə də Mirzoyanın xaricə səfərini "fövqəladə" adlandırırlar. Belə ki, son 10 ildə ilk dəfədir ki, iki ölkənin diplomatlarının başçıları arasında danışıqlar heç bir konkret beynəlxalq formata istinad edilmədən və ya sadəcə Qarabağ münaqişəsi ilə bağlı aparılır.
Amma təkcə bu deyil. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, “ABŞ və Ermənistan arasında münasibətlərdə” işlər strateji dialoqa doğru gedir. Nikol Paşinyanın da son vaxtlar tez-tez təkrarlanan Moskva səfərlərini, yaxud Kremlin verdiyi "qulaqburması"nı nəzərə alsaq deyə bilərik ki, İrəvan Vaşinqtonla Moskva arasında "şpaqat pozası"nda qalıb.
Son vaxtlar Ermənistan-Amerika münasibətlərində müəyyən böhran müşahidə olunur. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə Rusiya prezidenti Vladimir Putinlə görüşüb, lakin ABŞ prezidenti Co Baydendən qəbul görməyib.
Paradoks ondan ibarətdir ki, Paşinyanın 2018-ci ilin mayında Ermənistanda hakimiyyətə gəlişi onun demokratik islahatlara başlamağa hazır olması barədə səs-küylü bəyanatlarla müşayiət olundu. Amma sonra iş o yerə gəldi ki, Paşinyan ABŞ-ı “inqilabdan” sonra Ermənistana kömək etmədiyinə görə dəfələrlə açıq şəkildə qınadı. Üstəlik, amerikalılar ikinci Qarabağ müharibəsi zamanı özlərini passiv aparıblar. Nəticədə 2020-ci il noyabrın 9-da üçlük - Rusiya, Azərbaycan və Ermənistan formatında sülh sazişi imzalandı.
Bundan sonra Vaşinqton Minsk Qrupu formatında Fransa ilə birlikdə regionda təşəbbüsü ələ keçirməyə hazır olduğunu bəyan edib. Amma o dağıldı. İndi ABŞ, Mirzoyanın səfərindən də göründüyü kimi, regionda “xüsusi tipli” ikitərəfli münasibətlərin qurulmasına keçir. Və təsadüfi deyil ki, ABŞ Zaqafqaziyanın geosiyasi mövqeyini dəyişmək, Rusiyanın oradakı dominant mövqeyini sarsıtmaq niyyətini gizlətmədiyi zamanda bu yeni siyasət Ukrayna böhranı ilə üst-üstə düşür. Məhz bu məqsədlə Vaşinqton İrəvanla birbaşa təmasları yenidən bərpa etmək, onları strateji dialoq səviyyəsinə çatdırmaq qərarına gəlib.
Vaşinqton daha bir manevrə zəmin hazırlayır. O, Türkiyə-Ermənistan nizamlanması prosesini öz nəzarəti altına almaq istəyir ki, nəinki erməni cəmiyyətində türk təhlükəsinin səviyyəsini aşağı salsın, həm də Ermənistanın Rusiya ilə strateji müttəfiqliyə yenidən baxmasına nail olsun. Başqa sözlə nəhayət ki, Ermənistanı Rusiyadan qoparsın. 
Bu məntiq çərçivəsində ABŞ İrəvana xüsusi diqqət göstərməkdə davam edə və “sıçrayışlı hadisələr”ə təkan vermək üçün ona yeni diplomatik təşəbbüslər təklif edə bilər. İrəvana gəlincə, o, Rusiya ilə Qərbin qarşıdurması fonunda sürüşkən siyasi və diplomatik manevrlərin təhlükəli cığırına qədəm qoyur. Məsələni yığcam şəkildə yekunlaşdırsaq deyə bilərik ki, Nikol Paşinyanın da son vaxtlar tez-tez təkrarlanan Moskva səfərləri, yaxud Kremlin verdiyi "qulaqburması" fonunda İrəvan Vaşinqtonla Moskva arasında "şpaqat pozası"nda qalıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya