Saat:04:44
Haqqımızda

Rəsmi Bakı COP29 konfransına qədər ERMƏNİSTANLA SÜLH MÜQAVİLƏSİ BAĞLAMAQDA MARAQLIDIR

2024-04-23 11:02:27

Rəsmi Bakı COP29 konfransına qədər ERMƏNİSTANLA SÜLH MÜQAVİLƏSİ BAĞLAMAQDA MARAQLIDIR

Məhəmməd Əsədullazadə: "Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxması Paşinyanı real addımlar atmağa, Qazaxın 4 kəndini qaytarmağa sövq edib"

Elxan Şahinoğlu: "Zəngəzur dəhlizi ilə bağlı danışıqları uzatmağın Ermənistan üçün faydası yoxdur"

Zeynal Əmrəliyev: "İlham Əliyevin usta siyasəti üç Cənubi Qafqaz ölkəsi arasında əməkdaşlıq mühitinin qurulması, bölgəyə xarici təsirlərin minimuma endirilməsi və bölgənin Baltik regionu kimi inkişaf etdirilməsi ilə nəticələnəcək"

Fuad Qəhrəmanlı: "Açıq-aydın görünür ki, Azərbaycanla Ermənistan arasında sülhə xidmət edən hər bir addım, mövqe Rusiya rəsmilərini qara sancıya salır"

Bugünlərdə, daha dəqiq desək, aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və iki ölkənin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Və bu zaman Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Bununla bağlı açıqlama verən Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll edib: "Mən baş verənləri çox şişirtməyimizi istəməzdim, eyni zamanda, qiymətləndirməməyimizi də. Razılaşma ilə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb, həmçinin təsdiqləyiblər ki, yeni sərhəd yaradılmır, SSRİ-nin dağılması zamanı mövcud olan sərhəd bərpa olunacaq". Paşinyan bu faktı Ermənistanın suverenliyi və müstəqilliyinin növbəti mərhələsində əsas faktor hesab etdiyini də vurğulayıb.

"Artıq Avropa İttifaqı və ABŞ-ın Azərbaycanla Ermənistan arasında vasitəçiliyinə ehtiyac yoxdur"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxması Nikol Paşinyanı real addımlar atmağa, Qazaxın 4 kəndini qaytarmağa sövq edib. Politoloq bildirib ki, rəsmi Bakı Azərbaycanın ev sahibliyi edəcək COP29 konfransına qədər Ermənistanla sülh müqaviləsi bağlamaqda maraqlıdır.

Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, artıq Avropa İttifaqı və ABŞ-ın Ermənistanla Azərbaycan arasında vasitəçiliyinə ehtiyac yoxdur: "Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik etmiş və nəticəsiz olan Moskva formatı fiaskoya uğradı. Bundan sonra Avropa İttifaqı və ABŞ-ın da vasitəçiliyinə ehtiyac yoxdur. Çünki Azərbaycan və Ermənistan ikitərəfli danışıqlarla, üçüncü tərəfin iştirakı olmadan real nəticələr əldə edə bilir. Düşünürəm ki, əldə olunmuş məlum razılıq və protokolun imzalanması ikitərəfli danışıqların müsbət dinamikasının göstəricisidir. Burada təkcə Azərbaycan deyil, Ermənistan da uduşludur. Ermənistan danışıqlarda daim üçüncü tərəfin iştirakını təklif edirdi, amma Azərbaycan bundan imtina edirdi. Hesab edirəm ki, əgər İrəvanın təklifi reallaşaydı, o zaman heç bir irəliləyiş olmayacaqdı. Nikol Paşınyan siyasi iradəsini davam etdirəcəksə, Azərbaycan tərəfinin təklifləri əsasında irəliləyiş əldə olunarsa, onda tezliklə liderlərin iştirakı ilə sülh müqaviləsi bağlana bilər. Sülh müqaviləsi isə ya Qazaxıstanın paytaxtı Astanada, ya da Gürcüstanın paytaxtı Tiflisdə bağlana bilər".

"İki ölkə arasında delimitasiya və demarkasiya prosesi davam edəcəksə, tərəflər Zəngəzur yolunun açılmasını da razılaşdıracaq"

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın Qazaxın 4 kəndini danışıqlar əsasında Azərbaycana qaytarması iki ölkə arasında müharibə ehtimalını aşağı salıb: "Məhz son 30 ildə ilk dəfədir ki, ikitərəfli danışıqlar müsbət nəticə verərək hərbi əməliyyatlarsız ərazi məsələsi həllini tapdı. Əgər danışıqlar prosesində Rusiya və Avropanın digər ölkəsi iştirak edərdisə, heç bir müsbət nəticə olmayacaqdı. Növbəti mərhələdə anklav olan kəndlər və Gədəbəyin Başkəndi məsələsi müzakirə oluna bilər. Ermənistan tərəfi Başkəndi anklavı sayır və Azərbaycan da bundan imtina etmir. Danışıqlar prosesində Azərbaycanla anklavlarla bağlı mübadilə edilə bilər. Əgər dörd kəndlə bağlı müsbət nəticə varsa, danışıqlar yolu ilə həll edilibsə, deməli qarşılıqlı etimad mühiti yaranıb. İki ölkə arasında delimitasiya və demarkasiya prosesi davam edəcəksə, tərəflər Zəngəzur yolunun açılmasını da razılaşdıracaq. Qeyd edim ki, Zəngəzur yolunun açılması Ermənistan hakimiyyətinin siyasi iradəsindən asılıdır. Azərbaycanın Zəngəzur yolu üçün heç bir hərbi təzyiqlərə əl atması gözlənilmir. Ermənistan rəhbərliyi Zəngəzur yolunun açılmasına bir şərtlə gedər ki, təhlükəsizliyə və gömrük sisteminə özü nəzarət etsin. Azərbaycan da bununla o halda razılaşa bilər ki, Zəngəzur yolundan Naxçıvana daşınan yüklər və Azərbaycan vətəndaşları üçün imtiyazlı güzəştlər tətbiq edilsin. Düşünürəm ki, Ermənistan tərəfi yolun açılmasına gedərsə, İran tərəfi bununla razılaşacaq".

"Moskva və Tehranda Bakı ilə İrəvanın vasitəçi olmadan razılaşmasına sevinən yoxdur"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, 4 kəndin Azərbaycana qaytarılması və sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlanılması bölgədə sülh quruculuğu prosesinə təkan verəcək: "Bakı və İrəvan razılaşma əldə ediblər. Bu, Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasının ardından növbəti uğurlu razılaşmadır. Cənubi Qafqazda yeni mərhələ başlayır. 4 kəndin qaytarılması iki ölkə arasında çərçivə sazişinin imzalanmasını sürətləndirəcək. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurnası fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar hamının xeyrinədir. Növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsi gələcək. Bunu da uzatmağın Ermənistan üçün faydası yoxdur. Nikol Paşinyanın dediyi kimi, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə son mərhələni də keçməli – Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir və bu belə də olacaq".

Politoloq hesab edir ki, Azərbaycanla Ermənistanın vasitəçi olmadan sərhədlə bağlı ilk razılaşması Rusiya və İrandakı siyasi dairələri düşündürüb: "ABŞ, Avropa İttifaqı və Türkiyə əldə edilən razılaşmanı təqdir edərkən, ard-arda açıqlamalar gələrkən, Moskva və Tehrandan hələ ki, xəbər yoxdur. Halbuki, Moskva və Tehran hər dəfə deyirlər ki, bölgə ölkələri uzaq ölkələrin iştirakı olmadan danışıqlar aparmalıdırlar. Bakı və İrəvan məhz uzaq ölkələrin iştirakı olmadan müsbət nəticə əldə ediblər. Ancaq Moskva və Tehranda buna sevinən yoxdur. Çünki Rusiya və İrandakı dairələr bölgədə sülhdən çox Cənubi Qafqaz ölkələrinin onların təsiri altında olmasını istəyirlər. Bakı ilə İrəvan arasında əldə edilən razılaşma isə Rusiya və İranın bölgəyə təsirini azaldacaq. Misal üçün baş nazir Nikol Paşinyan Tavuş bölgəsində artıq Rusiya sərhədçilərinə ehtiyac olmadığını deyib. Bakı ilə İrəvan razılaşma əldə etdiyi gün İranın Ermənistandakı səfiri Mehdi Sübhani Cənubi Qafqazda təhlükəsizliyin hazırkı kövrəkliyinin səbəbini regionda güc balansının pozulması ilə əlaqələndirmişdi: "Biz qəti əminik ki, Cənubi Qafqaz regionunda qüvvələr balansı yaradılmalıdır". Yəni Tehran öz səfiri vasitəsilə demək istəyib ki, onlar bölgədə güclü Azərbaycanın əleyhinədirlər. Güclü Azərbaycan olmasaydı, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirər və bugünkü razılaşmalar əldə olunmazdı. Tehrana əvvəlki Cənubi Qafqaz lazımdır. Geri dönüş mümkün deyil".

"Əgər Ermənistan sonuna qədər siyasi iradə göstərə bilsə, o zaman bölgədəki problemlər tez bir zamanda həll olunacaq"

Siyasi şərhçi Zeynal Əmrəliyev isə bildirib ki, Qazax rayonunun 4 kəndinin qaytarılması mühüm tarixi hadisə, Azərbaycan dövlətinin və şəxsən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin möhtəşəm qələbəsidir. Siyasi şərhçi qeyd edib ki, rus qoşunlarının çıxmasından dərhal sonra bu barədə razılığın əldə olunması bölgədə sülhün, əmin-amanlığın yaranacağının, Azərbaycanın artıq Cənubi Qafqaz regionundakı məsələlərdə əsas rola sahib olduğunun sübutudur: "Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş strateji siyasətinin parlaq nəticəsi idi. Prezident Əliyevin dünyada və regionda bu qədər gərgin hadisələrin fonunda bu cür ciddi uğur qazanması həm də Azərbaycana dünya səviyyəli liderin rəhbərlik etdiyini bir daha sübut etdi. İlham Əliyev bir çox şəxsin həyata keçirə bilmədiyi tarixi missiyanı uğurla icra edir. Odur ki, "Qafqaz evi" layihəsi reallığa daha yaxındır. Bu layihənin müəllifi İlham Əliyevdir. Cənab Əliyev usta siyasəti ilə bölgəni inkişaf etdirmək, üç Cənubi Qafqaz ölkəsi arasında əməkdaşlıq mühitinin qurulması, bölgəyə xarici təsirlərin minimuma endirilməsi və bölgənin Baltik regionu kimi inkişaf etdirilməsi ilə nəticələnəcək".

Zeynal Əmrəliyevin fikrincə, hadisələr bizim gözlədiyimizdən daha böyük çərçivədə inkişaf edir: "ABŞ və Fransanın rus qoşunlarının bölgədən çıxmasına qarşı qərəzi bundan qaynaqlanır. Azərbaycan dövləti bölgə üzərinə oynanılan imperial oyunları darmadağın etdi. Növbəti mərhələdə Gürcüstanda da problemlərin həll olunacağını, Abxaziya və Cənubi Osetiya məsələlərinin bitəcəyini görə bilərik. Cənubi Qafqaz regionu üçün "sıfır problem" regionu və 3 ölkənin qarşılıqlı əməkdaşlıq mühitində yüksək inkişafı ən böyük arzudur. Azərbaycan bunun üçün bütün siyasi iradəni göstərir. Gürcüstan da bunu arzulayır. Əgər Ermənistan da sonuna qədər siyasi iradə göstərə bilsə, o zaman bölgədəki problemlər tez bir zamanda həll olunacaq".

"İndi Rusiyanın, yoxsa Qərbin müharibə istədiyi o qədər açıq-aydın ortadadır ki, bunun üçün dərin təhlilə də ehtiyac yoxdur, sadəcə Rusiya rəsmilərinin mövqeyinə baxmaq lazımdır"

Siyasi şərhçi Fuad Qəhrəmanlı isə bu qənaətdədir ki, Qazaxın 4 kəndinin geri qaytarılması Ermənistanın Qərblə yaxınlaşmasının heç də Azərbaycana qarşı olmadığını sübut edir: "Əgər doğrudan da Qərb Ermənistanı Azərbaycana qarşı silahlandırmağa çalışırsa, o zaman İrəvan niyə bu kəndləri geri qaytarmağa razı olsun ki? Dünyanın harasında görülüb ki, müharibə etmək istəyən öz əlindəki torpağı sülh yolu ilə geri vermək istəyir? Əksinə, təcavüzkar həmişə yeni torpaqlar almağa çalışır və ya cığal davranıb müharibə üçün səbəblər, bəhanələr yaratmağa çalışır. Baxın, ancaq Rusiyanın xarici işlər naziri Lavrov yana-yana deyir ki, "Paşinyan bu gün hamını inandırır ki, Qazaxın 4 kəndini Azərbaycana qaytarmaq lazımdır". Adam elə danışır ki, sanki Nikol Paşinyan Rusiyanın 4 kəndini alıb Azərbaycana vermək istəyir. Açıq-aydın görünür ki, iki dövlət arasında sülhə xidmət edən hər bir addım, mövqe Rusiya rəsmilərini qara sancıya salır. Hiss olunur ki, əlacları olsa buna görə Paşinyanı publik söyüb təhqir edərlər. İndi Rusiyanın, yoxsa Qərbin müharibə istədiyi o qədər açıq-aydın ortadadır ki, bunun üçün dərin təhlilə də ehtiyac yoxdur, sadəcə Rusiya rəsmilərinin mövqeyinə baxmaq lazımdır".

"Azərbaycan Ermənistan və Rusiya arasında gərginlikdə özünü Kremlin maraqlarını müdafiə edən tərəfə çevirmədiyi təqdirdə Nikol Paşinyanın Qərbə inteqrasiya kursu regionda sülhə və bizim milli maraqlarımıza da xidmət edir"

Fuad Qəhrəmanlı həmçinin, onu da xatırladıb ki, 5 aprel görüşü ərəfəsində Nikol Paşinyanın ABŞ dövlət katibi Blinken və Avropa Birliyi Komissiyasının rəhbəri Ursula von der Leyen ilə görüşünün Azərbaycana qarşı yönəldiyi ilə bağlı böyük bir təbliğat kampaniyası başlamışdı: "Hətta məsələ o qədər böydü ki, adları çəkilən şəxslər İlham Əliyevə zəng edib belə olmadığını izah etdilər. Ancaq bu gorüşün nəticəsi olaraq Qarabağı tərk etmiş ermənilərin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün pul ayrılması və onların geri qaytarılması mövzusunun bu yolla da gündəmdən çıxarılması qərarlaşdırıldı. Bizim də istədiyimiz, milli maraqlarımızın tələb etdiyi bu deyilmi? Burada bizə qarşı olan nə var, hansı təhdid elementi var ki, buna görə sülhə xidmət edən bu prosesi belə aqressiv qarşılayırıq? Ancaq bundan bir neçə gün sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi açıqlama verərək Rusiyanın Qarabağ ermənilərini yenidən öz tərk etdikləri yerə qaytarılması üçün yardım etməyə hazır olduğunu bildirdi. Hər şey bu qədər açıq ikən, kimin regionda müharibə üçün zəmin, səbəb yaratmağa çalışdığını görmək adı uşaq ağlı ilə də mümkündür. Demək ki, Azərbaycan Ermənistan və Rusiya arasında gərginlikdə özünü Kremlin maraqlarını müdafiə edən tərəfə çevirmədiyi təqdirdə Nikol Paşinyanın Qərbə inteqrasiya kursu regionda sülhə və bizim milli maraqlarımıza da xidmət edir".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.265788