"Rəsmi Ankaranın bəzi regional məsələlərə müdaxilə imkanları azala bilər" - NATİQ CƏFƏRLİ

2023-02-09 14:05:00

"Demokratik Türkiyə avtoritar Türk Respublikaları liderləri üçün təhlükəyə çevrilsə, onlar yenidən arxa-dayaq axtarışında Rusiya və Çinə yönələ bilərlər"

"Türkiyədə növbəti seçkilərdə iqtidarın dəyişəcəyi ehtimalı artıq çox yüksəkdir. Yeni iqtidar demokratik olmağa məcbur, Türkiyənin daxili problemlərinə, sistem dəyişiklərinə, fəlakətli zəlzələnin nəticələrinin aradan qaldırılmasına fokuslanmağa məhkum olacaq. Dövlət institutlarının son 20 ildə zəiflədildiyini nəzərə alsaq, yeni iqtidarın daxili problemlərə, sistem dəyişikliklərinə, dünyada özünü təsdiq etməyə çox zaman və güc sərf edəcək ki, bu isə Türkiyənin xarici siyasətdə aktivliyinə, istər-istəməz, təsir göstərəcək". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloq hesab edir ki, Türkiyədə iqtidara kim(lər)in gələcəyindən asılı olmayaraq Azərbaycanla dost, qardaş münasibətlər, stateji müttəfiqlik dəyişməyəcək, amma rəsmi Ankaranın bəzi regional məsələlərə müdaxilə imkanları azala bilər: "Azərbaycan olaraq bunu nəzərə almalı, digər müttəfiqlik münasibətlərini dərinləşdirməliyik. Bunun üçün Qərblə, Avropa Birliyi, əsasən də Britaniya və ABŞ-la daha yaxşı münasibətlər alqoritmi qurulmalıdır, bu yol isə ölkəmizin demokratikləşməsindən keçir".

REAL-ın icra katibinin sözlərinə görə, Türkiyədə iqtidar dəyişikliyi yeni-yeni institutlaşmağa başlayan Türk Resbuplikaları Birliyinin gələcəyinə də təsir göstərəcək: "Daha demokratik Türkiyə həmin ölkələr üçün örnəyə, müsbət mənada çağırışa çevrilə bilər. Amma incə məqam da odur ki, demokratik Türkiyə avtoritar Türk Respublikaları liderləri üçün təhlükəyə çevrilsə, onlar yenidən arxa-dayaq axtarışında Rusiya və Çinə yönələ bilərlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137167