Saat:18:16
Haqqımızda

Rəşad Həsənov: “Azərbaycan iqtisadiyyatında ciddi durğunluq müşahidə olunur”

2025-12-04 17:56:40

Rəşad Həsənov: “Azərbaycan iqtisadiyyatında ciddi durğunluq müşahidə olunur”

“Makroiqtisadi mühitin sabitliyi, sürətli iqtisadi artıma nail olunması, strateji valyuta ehtiyatlarının dayanıqlığı bütün hökumətlər, o cümlədən Azərbaycan hökuməti üçün strateji hədəflər sırasına daxildir”. 

Bu barədə Hurriyyet.az-a iqtisadçı Rəşad Həsənov deyib.

“İndiki şərtlər daxilində hökumət strateji valyuta ehtiyatlarının dayanıqlığı məsələsində və makroiqtisadi sabitlik məsələsində qismən, sürətli iqtisadi artım məsələsində isə cüzi şəkildə hədəfləri təmin edə bilir. Yəni kənar nöqteyi-nəzərdən məsələyə baxmış olsaq, bu üç hədəfin hər biri üzrə qənaətbəxş nəticənin əldə edilməsi mümkün olmayıb. Azərbaycan iqtisadiyyatında ciddi durğunluq müşahidə olunur. Mövcud resurslar, yəni xam, işlənməmiş iqtisadiyyat olduğu nəzərə alınmış olsa, iqtisadiyyat çox zəif templə böyüyür. Mövcud iqtisadi model yalnız bura qədər müəyyən bir inkişafı təmin etdi. Görünən ondan ibarətdir ki, fundamental islahatlar aparılmadan, iqtisadi artımın təmin edilməsi mümkün olmayacaq”,-deyə iqtisadçı əlavə edib.

R. Həsənovun sözlərinə görə, strateji valyuta ehtiyatlarının qorunması ilə bağlı məsələ, bir tərəfdən gəlirlərin xərclənməsindən asılıdırsa, digər tərəfdən resursların ixracı, dünya bazarlarında qiymət və hasilatın səviyyəsindən asılıdır: “Görünən ondan ibarətdir ki, indiki şərtlər daxilində hökumət mümkün qədər strateji valyuta ehtiyatlarının səviyyəsini qoruyub saxlamağa çalışır. Biz əgər orta müddətli xərclər çərçivəsi sənədinə baxsaq, görərik ki, hökumət orta müddətli dövrdə, yəni 2029-cu ilə qədər neft gəlirlərinin azalmasını proqnozlaşdırır. O cümlədən də dövlət büdcəsinin neft sektoru üzrə gəlirlərinin bu dövr ərzində 5 milyard manat ətrafında azaldılması nəzərdə tutulur. Yəni 2029-cu ildə neft sektorundan büdcəyə daxilolmalar 13 milyard manat proqnozlaşdırılır ki, bu da 2026-cı illə müqayisədə 5 milyard daha az olacaq və bu strateji yanaşma məhz azalan resurslar fonunda ortaya qoyulan fiskal yanaşmadır. Yəni hökumət daha çox bu istiqamətdə hədəfi tutdurmaqla bağlı nisbətən daha konkret mövqeyə malikdir, amma eyni zamanda təcrübə özü hələlik bu istiqamətdə tam qənaətin ortaya qoyulmasında çətinliklər yaradır. Belə ki, müxtəlif dövrlərdə biz hökumətin resurs gəlirlərinin daha radikal xərclənməsi ilə bağlı mövqe ortaya qoyması və yaxud büdcə qaydasını dayandırması ilə bağlı qərar qəbul etdiyini müşahidə etmişik. 

“2015-ci il və 2026-cı il sonrası nəzərdə tutulan yanaşmalar, 2015-ci ildən sonra yaranmış situasiyaya uyğun qərarların ümumi təhlili göstərir ki, strateji valyuta ehtiyatlarının qorunması məsələsinə daha həssas yanaşılır və hər hansı bir risk ortaya çıxdığı təqdirdə büdcənin xüsusilə də investisiya xərclərinə sekvestr tətbiq etməklə, bu hədəfin təmin olunmasına nail olacaq. Amma sürətli iqtisadi artımla bağlı fundamental islahatlar olmadığı təqdirdə, nəticənin əldə edilməsi indiki şərtlər daxilində aydın təsvir edilə bilmir”,-deyə iqtisadçı vurğulayıb.

Qeyd edək ki, maliyyə naziri Sahil Babayev Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib ki, biz həm sabit makroiqtisadi mühiti, həm sürətli iqtisadi artımı, həm də dayanıqlı strateji ehtiyatlarımızı təmin etməyə çalışırıq. 

“Əlbəttə ki, bu üç hədəf müəyyən qədər bir-birinə ziddir və bunların üçünü də eyni şəkildə maksimum dərəcədə əldə edə bilmərik. Ona görə də biz burada düzgün balans tapılması üzərində öz siyasətimizi qururuq”,-deyə nazir əlavə edib.

CAVİD