Rəşad Bayramov: “Sifariş Rusiyadakı ayrı-ayrı qruplardan verilib”
“Daxili İşlər Nazirliyinin açıqlamalarına görə, Sovet bayrağını qaldıran şəxslər ictimai-siyasi sabitliyi pozmaga yönələn hərəkətlərə yol verdikləri üçün saxlanılıblar və barələrində də buna müvafiq olaraq cinayət işi başlanılıb”.
Bu barədə Hurriyyet.az-a açıqlamasında AMİP Ali Məclisinin sədri Rəşad Bayramov deyib.
“Mətbutadan yayılan məlumatlara əsaslanaraq demək olar ki, saxlanılan qrupun ofis icarəyə götürməsi, müxtəlif Sovet simvolları və ideoloji materialları toplaması, hətta xarici maliyyə dəstəyi şübhələrinin araşdırılması bu hadisəni adi, belə deyək, nostalji nümayişi olmaqdan çıxarır və daha ciddi təhlükəsizlik məsələsinə çevirir”,-R.Bayramov əlavə edib.
R.Bayramovun fikrincə, sosial-psixoloji baxımdan, bu, postosevet məkanına xas kimlik boşluğunun təzahurdur: “Yəni bəzi fərdlər sürətlə dəyişən müasir reallığa adaptasiya olmaqda çətinlik çəkirlər və nəticədə tarixi simvollara qayıdış meyli artır. Ümumiyyətlə isə son illərdə bölgədə artan gərginlik fonunda sovetləşmiş ideoloji çağırışların Vaşinqtondan Brüsselə, Tbilisidən Kiyevə qədər bir çox paytaxta təhlükəsizlik riski kimi qiymətlədirilməsi təcrübəsi mövcuddur. Azərbaycan üçün də bu cür təşəbbüslər-suverenlik, dövlətçilik, ictimai sabitlik kontekstində təbii olaraq diqqətlə izlənilməlidir. Nəticə etibarilə Bakıda baş verən hadisə təkcə hüquqi yox, həm də ideoloji və sosial təhlükəsizlik çağırışı kimi dəyərləndirilməli və radikalyönümlü ideoloji boşluqların qarşısı həm preventiv, həm də maarifləndirici mexanizmlərlə alınmalıdır”.
“O ki, qaldı bu qrupun “5-ci kolon” və ya Ramiz Mehdiyevlə əlaqələrinə bunu təbii ki, istintaq dövründə araşdırma ortaya çıxaracaq, amma bir şey dəqiqdir ki, bu qrupun kiminlə əlaqədə olmasından asılı olmayaraq, sifariş eyni mərkəzdən, yəni Rusiyadakı ayrı-ayrı qruplardan verilib”,-deyə R.Bayramov vurğulayıb.
CAVİD
