RƏQS ANSAMBLLARININ İXTİSASLAŞMIŞ NADİR NAĞARA İFAÇISI - Əhsən Rəhmanlı yazır

2022-12-28 12:11:00

RƏQS ANSAMBLLARININ İXTİSASLAŞMIŞ NADİR NAĞARA İFAÇISI - Əhsən Rəhmanlı yazır

Musiqi, rəqs sənəti aləmində bir zamanlar o, Bığ Əli kimi tanınırdı. Gənclik illərində və orta yaşlarda o, sifət quruluşuna yaraşan qalın bığ saxlayırdı. Sənətindən əlavə bığ da onu tanıdırdı. Musiqi aləmində eyni adlı sənətkarlar çox olanda onların hər birinin təxəllüsü olur ki, bu da bir növ tanıtmadır. Kimisə soyadı, kimisə şəhərdə yaşadığı küçə və ya məhəlləsi, kimisə doğulub böyüdüyü kənd və qəsəbənin adı, boy-buxunu ilə adlandırırlar və s.

Əli Əlipənah oğlu Əliyev 1955-ci il iyunun 30-da Bakının Əmircan qəsəbəsində anadan olub. O, hazırda da Əmircanda ata-baba yurdunda yaşayır. Bu zəhmətkeş, sadə, halal ailədə səkkiz uşaq böyüyüb. Üç qızdan sonra ailə Əlinin gəlişi ilə oğul sevincini də dadıb.

Əligilin əsli təbrizlidir. Onun ata tərəfdən babası Əli Canalı mömin, inanclı, mötəbər insan, əsl din xadimi kimi tanınıb cəmiyyətdə böyük nüfuz qazanmışdı. O, Təbrizdən köç edərək Bakıya gəlib, burada da tanınaraq əhalinin dini kəsimi arasında dərin rəğbət qazanıb. Əli Canalı müctehid olaraq dini elmləri çox yaxşı bilib və harada olubsa dinimizə, öz əqidəsinə, məsləkinə sadiq qalıb. 1930-cu illərdə Sovet Azərbaycanında “Allahsızlar cəmiyəti”nin” tüğyan etdiyi bir zamanda din xadimlərinin fəaliyyətinin hər anı təhlükəli idi. Əlinin fikirlərindən: “Atam Əlpənah Canalı oğlu Əliyev (1925-1991) neft sahəsində fəhlə olub. O, danışırdı ki, 1937-ci ildə əllərində süngülü tüfənglər olan Sovet əsgərləri bizim evə hücum edərək ailə üzvlərinin gözləri qarşısında atamın qollarını qandallayıb apardılar. İki qardaş, bir bacı yetim qaldıq. Anamız rəhmətə getmişdi. Atamızı Sibirə göndərdilər. Çox keçməyib ki, orada acından ölüb, çünki rusun çörəyini yemirmiş”.

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

Əli Əliyev söhbət edir ki, atamın yaxşı səsi vardı, boş vaxtlarında oxuyurdu. Evdə hər bazar günləri radio ilə “Muğamat konserti”ni dinləyir, buradan nəsə öyrənirdi.

Ə.Əliyev 1962-ci ildə Qaraçuxurdakı 146 saylı orta ümumtəhsil məktəbə daxil olub, burada 5-ci sinfi bitirib. Sonra təhsili 104 saylı məktəbdə davam etdirərək 11-ci sinfi başa vurub. Onda da çoxları kimi musiqiyə həvəs az yaşlardan başlayıb. 9 yaşından Qaraçuxurda yerləşən Neft və Qazçıxarma İdarəsinin mədəniyyət sarayının musiqi kursuna gedərək Mirzə İbrahimovdan nağara dərsi alıb. Mirzə müəlim qarmon, klarnet, tar siniflərinin də müəllimi idi. Əli nağara sinfində 5 il oxuyub. Həmin zamanlarda mədəniyyət sarayında və oxuduğu ümumtəhsil məktəbin özfəaliyyət ansambllarında çalıb. Mədəniyyət sarayındakı ansamblın rəhbəri Mirzə müəlim idi. Həmin ansambl baxış-müsabiqələrdə çıxış edir, mədəniyyət sarayının özündə, onun qarşısındakı böyük parkda konsertlər verirdi. Bütün bunlar təbii ki, ansamblın gənc üzvlərinin və bu sırada Əlinin sənət həvəsini daha da artırır, onların ifaçı kimi yetişib formalaşmasına imkan yaradırdı. Mirzə müəllim Əlinin bacarıq və həvəsini görüb onu Türkan qəsəbə mədəniyyət evində rəhbərlik etdiyi özfəaliyyət ansamblına da aparmışdı. Onu da qeyd etməliyik ki, Əli nağara sinfində oxuyarkən 1 ay ərzində bütün ritmləri öyrənmişdi. Odur ki, Mirzə müəllim bacarıqlı, sevimli şagirdini özüylə evlərdə keçirilən şadyana, xırda məclislərə aparırdı. Belə tədbirlər ad günləri, yubileylər, əsgərliyə gedənlərin, qayıdanların adına təşkil olunan şənliklər idi.

Əli Əliyevin xatirələrindən: “11 yaşımda Ehtiyat Əmək Qüvvələri İttifaqının mədəniyyət evindəki xalq çalğı alətləri ansamblına üzv oldum. Bu məşhur mədəniyyət ocağı şəhər daxilində yerləşirdi. Ansamblın rəhbəri Ramiz Zahidov idi. Bir müddətdən sonra Ramiz müəllim mənə dedi:

-Əllərin, çalğı qaydan təmizdir, ifanda dəqiqilik var, səndən rəqs ansamblı üçün yaxşı müşayiətçi çıxar, səni Hacı müəllimlə tanış edəcəyəm.

Tanışılq zamanı məşhur rəqqas, müəllim, mədəniyyət evinin direktoru Hacı Ağayev bildirdi:

-Sizin məşqləriniz zamanı mən onun nağarasının səsini eşitmişəm, bəyənmişəm.

Bir 1 nəfər, ayaqda və açıq hava şəkili ola bilər

H.Ağayev rəqs müəllimi Böyükağa Məmmədovu çağırıb dedi ki, bu oğlan sənin məşqlərinə gələcək, qəbul et. Beləliklə 11 yaşdan başlayıb əsgərlik çağına qədər həmin özfəaliyyət rəqs ansamblının nağaraçalanı oldum”.

Əli Əliyev Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblına işə qəbul edilir. 1974-cü il iyulun 4-də işə başlayır. Əsgər çağrılır və hərbidən sonra yenə ona çox doğma olan iş yerinə, ürəyincə olan peşəsinə qayıdır.

Əli Əliyev 1974-cü ilin noyabrından Sovet ordusu sıralarında olub. Əvvəl Ukraynanın Jitomir şəhərində hərbi tədris mərkəzində, sonra isə Ujqorodda tank diviziyasında xidmət edib və 1976-cı ilin noyabrnda əsgərlikdən evə dönüb. O, Dövlət Mahnı və Rəqs Ansamblnın nağaraçalanı kimi 1985-ci ilə qədər burada əsl hünər göstərib və səmərəli, layiqli fəaliyyəti ilə seçilib.

Bir 8 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar, gitara və içəridə şəkili ola bilər

Əlinin fikirlərindən: “Baletmeyster Fərhad Vəliyev 1985-ci ildə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyində “Xoreqrafik miniatürü” adlı rəqs ansamblı yaratdı. Bu ansambl cəmi 1 il fəaliyyət göstərdi. Mən orada çalışırdım. Bu ansamblın Dövlət Filarmoniyası, Respublika sarayı, “Gülüstan” sarayı, Bakıdakı “Moskva” mehmanxanası və rayonlarımızda konsertləri olurdu”.

Ə.Əliyev Mahnı və Rəqs Ansamblında çalışarkən Yunanıstan, Malta adası, İspaniya, İtaliya, Türkiyə və başqa ölkələrdə səfərlərdə olub. Bundan başqa o, keçmiş SSRİ məkanının əksər böyük şəhərlərində konsertlərdə olub.

Əli bəy dəvət alaraq 1986-1988-ci illərdə Çeçenistan Dövlət rəqs ansamblında konsertmeyster ştatında çalışıb. Əli bəy bu ansamblın tərkibində də Sovet respublikalarının şəhərlərində konsertlərdə çıxış edib. Bir ritm ifaçısı kimi onun nağarasının səsi çox yerlərdən gəlib.

Əlinin ifaçılıq qabiliyyəti rəqs ansamblları rəhbərlərinin daim nəzərində olub. O, 1988-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblına dəvət olunub və burada 1 il çalışıb. Sonra 1989-1991-ci ildə sənət fəaliyyətini Dövlət Mahnı və Rəqs Ansamblında davam etdirib.

Əli bəyin el-oba şənliklərindəki fəaliyyəti də geniş olub və müxtəlif toy ansambllarının tərkibində çalışıb. O, meyxanaçı-müğənni Nizami Rəmzinin toy qrupu tərkibində xeyli müddət çıxış edib.

Bir 5 nəfər, musiqi alətlərində ifa edən insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Dünya üzrə ritm sənətinin müxtəlif istiqamətləri və öz şərtləri var. Təbii ki, ritm alətlərinin də hər birinin öz ifa qaydaları mövcuddur. Və bunlar bizdə də belədir. Nağaranın ifa olunması toy qruplarının, çalğı alətləri ansamblları və orkestrlərinin, rəqs ansambllarının hər birinin tərkibində fərqli olaraq ifa olunur. Rəqs ansambllarında çalınan nağaraların fərqli ifa olunması labüddür. Belə ki, burada quruluş verilmiş kütləvi, duet-rəqslər, süitalar və kompozisiyalarda ritm ifası bu janrın tələbatına, rəqqas və rəqqasələrin oyun tərzinə uyğun olaraq bu sənətin incə məqamlarına, xüsusiyyətlərinə tam cavab verməklə yerinə yetirilir. Rəqs ansambllarında çalınan nağaraların sağanağının diametrinin dairəvi ölçüsü, tembri də fərqlidir. Beləki, belə ansambllarda ifa olunan nağaraların tembri zil səslənir. Bunun obyektiv səbəbi alətin tam dəqiq səslənərək rəqsin tələbatını ödəməli, oyunçuların hər bir hərəkətini tamamlamalıdır. Bundan əlavə rəqslərə xidmət edən nağaraçalandan dəqiqilik və yerinə yetirilən hərəkətlərin hesabını, sayını bilməklə ifa etmək tələb olunur. Belə ansambllarda çalışmaq nağaraçalanlar üçün çox çətindir. Odur ki, rəqslərin nağara ifaçısından xüsusi ustalıq tələb olunur və onlar illərlə bu yönümdə formalaşır və layiqli ifaçı kimi öz yerini alır. Əli Əliyev bizim rəqs ansamblları üçün tam yetişərək formalaşmış sənətkardır.

Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bu hünərvər, sənətsevər, çalışqam sənətkar 2007-2019-cu illərdə məşhur rəqs ustası, əməkdar artsit Xanlar Bəşirovun rəhbərlik etdiyi "Azərbaycan qartalları" rəqs ansamblının nağara ifaçısı olub. Onun bütün yaradıcılıq fəaliyyəti rəqs ansambllarında keçib. Elə buna görə də ritm ustası, rəqs ansamnbllarının nağaraçalanı kimi daim formada qalıb. Əbəs deyil ki, bu yaşda da ona tələbat var və o, indi də rəqs ansamblında çalışır. O, Sərhəd Qoşunlarının orkestri və rəqs ansamblının nağara ifaçısıdır.

İllərlə öz işinə dərin sevgisi, ansambllarda çalışması, müntəzəm məşqlər, səfərlər, daim sənət daxilində olması Əlini bir sənətkar olaraq fomalaşdırmış, önə çıxararaq bu yöndə nümunəvi nağara ifaçısına çevirmişdir.

Bir 18 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Əlinin tərbiyəsi, mədəni, səmimi davranışı, səliqə-sahmanlı olması, düzlüyü onun cəmiyyətdə nüfuzlu insan kimi tanınmasına gətirib çıxarmışdır.

Əli Əliyev bir ritm ustası, nümunəvi nağara ifaçısı kimi bu yaşda da sənətdə çalışmaqda, musiqimizə və rəqs aləminə xidmət etməkdədir. Uğurlar olsun Əli bəy!

Əhsən RƏHMANLI,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Bir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 2 nəfər, musiqi alətlərində ifa edən insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.213741