"Rejissorun əlinə baxan aktyor necə sədr ola bilər?" - Qalmaqallı açıqlama
2023-08-31 19:35:27
“Mən dedim ki, dostlarımla bu işə görə düşmən olmuşdum. Gec də olsa, baş tutdu. Bildirmişdim ki, mənim məqsədim bir araya gəlməkdir”.
Hurriyyet.Az bildirir ki, bu sözləri Sherg.Az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov bir müddət əvvəl iki kino ittifaqının birləşmə ilə bağlı bəyanat yaymasından danışarkən deyib.
Sənətçi bildirib ki, Xalq artistləri Şəfiqə Məmmədova və Rasim Balayevlə münasibətinin pozulmasına səbəb də məhz birlik istəməsi olub:
“Dedim ki, düşmən deyiləm, mənim üçün kino adlı müqəddəs və keçilməz sədd var. 80 illik ömrümün 65 ili kinoya həsr olunub. Kino mənim atam, anam, ruzim, bərəkətimdir, hər şeyimdir. Kinonun fədaisiyiəm, rejissor köməkçiliyindən başlamışam. Kino aktyor sənəti deyil, rejissor sənətidir. Dünyanın hər yerində də kino ilə bağlı ittifaqın sədri kino xadimi, rejissor olur. Rejissorun əlinə baxan aktyor necə sədrlik edə bilər? Şəfiqə Məmmədova və Rasim balayev 20-30 il bundan əvvəlin aktyorları olub. Xüsusilə də Şəfiqə xanım. Onun bütün xidməti teatrda olub, o da 40 il bundan əvvəl. 30-40 il əvvəl iki kinoya çəkilib, ya çəkilməyib.
Hər iki sədr nazirin çıxışından sonra rəsmi sənədlə bəyanat verdilər ki, biz könüllü sürətdə birliyə qoşuluruq, məqsədimiz də odur ki, ittifaqlar birləşsin.
Sədr məsələsində də ciddi seçim olacaq. Ya konfrans, ya da qurultayda bu məsələ həll olunacaq. Rəsmi nizamnamə budur”.
Qeyd edək ki, ötən ay Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə (ARKİ) vahid ad altında birləşib.