Rejissor kinonu icra hakimiyyətinə bənzətdi: "5 milyon manat ayrılmışdı..."

2022-04-21 17:30:00

Rejissor kinonu icra hakimiyyətinə bənzətdi:

“Kino Agentliyinə yığışan insanlar peşəkar, zəhmətkeş, işini bilənlər olacaq".

Bunu açıqlamasında rejissor Əli İsa Cabbarov deyib.

O, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanının kino sahəsində hansı yeniliklər yaradacağına dair fikirlərini bölüşüb:

“Kinonu idarə edən qurumun müstəqil və publik şəxs olması çox yaxşı və mütərəqqi qərardır. Bu, kinomuzun statusunu qaldıracaq və idarəçiliyin operativləşməsini artıracaq.

Agentlik bir platformadır və bütün dərdlərə dərman deyil. Bu bir şansdır ki, ondan istifadə etmək lazımdır. Prezident artıq bir neçə dəfə kinomuza şans verib. Bəzi aidiyyatı şəxslər isə bu şansdan yararlanmadı.

Prezident 2008-2018-ci illərdə kinomuzun inkişaf proqramını qəbul etmişdi. Əlavə 5 milyon manat vəsait ayırmışdı. Təəssüf ki, qərarları tam effektivliyi ilə yerinə yetirmədilər. Ümid edirəm ki, bu dəfə fərman tam effektivliyi ilə yerinə yetiriləcək və Kino Agentliyinə yığışan insanlar peşəkar, zəhmətkeş, işini bilənlər olacaq.

Əsas məqam odur ki, Azərbaycan kinosunun bütün nümayəndələri bir yerdə işləyəcəklər, yəni “bizimkilər, sizinkilər, yadlar, özgələr”ə bölünməyəcəklər. Hamı bir yumruq kimi Azərbaycan kinosunun inkişafına töhfə verəcək. Bu bir vasitə, köməkçi orqandır ki, kinomuz üçün böyük şanslar və ümidlər yaradır".

Rejissor bildirib ki, agentliyin yaranması dövlətin kino işçilərinə etibarının və daha yüksək səlahiyyətlər verilməsinin göstəricisidir.

“Kino elə bir sahədir ki, burada operativ qərarlar verilməlidir. Çünki bir neçə instansiya ilə razılaşdırmalar olanda vaxt uzanır, amma kinonun öz idarəedici qurumu olduğuna görə artıq qərarlar becid veriləcək. Əgər hər hansı bir sahənin müstəqil qurumu varsa, bu həmin qurumun statusunun yüksəkliyini göstərir. Yəni dövlət bizə artıq daha da etibar edir, daha da yüksək səlahiyyətlər verir ki, bu da kinonun idarə edilməsini asanlaşdıracaq və inkişafına kömək edəcək”.

Sonda Əli İsa Cabbarov vurğulayıb:

“Kinonu icra hakimiyyətlərinə bənzətmək olar. Hər bölgənin icra hakimiyyəti var və təsəvvür edin ki, hər hansısa bölgədə icra strukturu yoxdur. Ona görə belə bir qurumun yaradılması yaxşıdır. Amma bundan tam istifadə edib yararlanmaq və kinomuzun inkişafına nail olmaq, bu, bizim əlimizdədir. Seçimi orda oturanlar edəcək: bütün günü tənbəllik edərək boş oturmaq, və yaxud əksinə, vicdanla, zəhmətlə işləyib böyük nəticələr əldə edə bilərlər”.

 Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya