Rəhbərliyi tənqid edən rus əsgərlər öldürüldü
Rusiya müdafiə naziri Andrey Belousov hərbi qulluqçular Sergey Qritsa (Ernest) və Dmitri Lisakovskinin (Qudvin) ölümü ilə bağlı dərhal araşdırma aparılmasına göstəriş verib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat verilib.
Məlumata görə, müdafiə nazirinin müavini, Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Hərbi-Siyasi İdarəsinin rəisi Viktor Qoremikin və Baş Qərargah rəisi Valeri Gerasimova araşdırmanın aparılması tapşırılıb.
Bildirilib ki, Qoremikin və Gerasimov FTX Hərbi Əks-kəşfiyyat İdarəsi ilə birlikdə Cənub Hərbi Dairəsinin 87-ci əlahiddə atıcı alayının iki əsgərinin ölümü ilə bağlı xəbərləri dərhal yoxlamalıdırlar.
Nazirlik Belousovun vəziyyəti şəxsən nəzarətə götürdüyünü bildirib.
Rusiyanın “Dva mayora” Teleqram kanalının məlumatına görə, hər iki hərbçinin ölümündə günahkar olan 87-ci əlahiddə atıcı alayının komandiri səlahiyyətlərini icra edən polkovnik İqor Puzik Luqansk vilayəti ərazisində saxlanılıb.
Qeyd edək ki, Sergey Qritsa və Dmitri Lisakovski alayda PUA operatoru bölməsində xidmət edirdilər. Ölümlərindən əvvəl videoçəkiliş edərək bildirmişdilər ki, komandir İqor Puzik şəxsi münaqişə səbəbindən onları piyada bölüyünə köçürüb. Hər iki hərbçi hücum zamanı öldürülmüşdü. Bu isə onların ölümünün təsadüfi olmadığı haqda müzakirələrə səbəb olub.