Rəhbərlikdən şikayət edən Qarabağ qaziləri işdən qovuldu - ŞİKAYƏT
Əhməd Rəhmanov: “Xəqani Bəşirli dedi ki, mən belə tapşırıq almışam, get nə bacarırsan elə”
““Azəriqaz” rəhbərliyi 20 illik işçisinin əlilliyini bəhanə gətirərək, onu işdən azad edib”
Sentyabrın 14-də Hurriyyet.az saytında “Qarabağ veteranını işdən çıxardı, “get nə bacarırsan elə” dedi” sərlövhəli yazı dərc etmişdik. Nağı Allahverdi adlı vətəndaşımız tərəfindən redaksiyamıza daxil olan şikayət məktubu əsasında hazırlanan həmin yazıda qeyd olunurdu ki, “Azəriqaz” İstehsalat Birliyinin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirli Qarabağ veteran Əhməd Rəhmanovu otağına dəvət edərək, işdən çıxarılması haqda əmrini ona təqdim edib. Daha sonra bildirib ki, “mən belə tapşırıq almışam, get nə bacarırsan elə”.
Dünən işdən qanunsuz olaraq çıxarıldığı iddia olunan Qarabağ veteranı Əhməd Rəhmanovun özü tərəfindən də "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:
"Mən, Rəhmanov Əhməd Fazil oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Hurriyyet.az satında mənim barəmdə yazmısınız, dəstək olduğunuza görə çox sağ olun.
Sizə o xəbəri iş yoldaşım Allahverdi Nağıyev verdiyindən, məsələdən tam agah deyil. Odur ki, məsələni tam aydınlığı ilə yazıram.
Öncə onu qeyd edim ki, “Azəriqaz” İB-nin rəhbərliyi son 2 ayda 2 Qarabağ qazisini əlilliyini səbəb gətirərək, işdən azad etmişdir. Bu qazilərdən biri bizim “Müstəqil Həmkarlar Birliyi”nin sədr müavini, “Qarabağ Əlilləri və Veteranları» İctimai Birliyinin İdarə heyətinin üzvüdür. Hər iki qazı, əlilliklərinə baxmayaraq, 20 ildən artıq idi bu müəssisədə işləyirdilər. Birdən-birə bu şəxslərin əlilliklərini səbəb gətirib, işdən azad olunması şübhə yaratmaya bilməzdi. Odur ki, «Müstəqil Həmkarlar Birliyi” tərəfindən apardığımız araşdırmanın nəticəsini sizlərin mühakimənizə veririk.
Deməli, mən Rəhmanov Əhməd Fazil oğlu və Süleymanov Adil Əhməd oğlu Qarabağ müharibəsi əliliyik. Mən 1996-cı ildən “Azəriqaz” İB-də çilingər vəzifəsində işləmişəm. Süleymanov Adil Əhməd oğlu Laçın şəhər sakinidir, 1993-cü ildən Qarabağ müharibəsi əlilidir. O da 2003-cü ildən “Azəriqaz” İB-də çilingər vəzifəsində çalışırdı, “Azəriqaz” Həmkarlar Birliyinin üzvüdür.
Biz ayrı-ayrı xidmətlərdə çalışsaq da, hər ikimiz dəfələrlə işə götürən tərəfindən işçilərin əmək hüquqlarının tapdanması barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə və yerli Həmkarlar Komitəsinə müraciət etmişik. Bu müraciətlərdən sonra, 2015-ci ildə eyni vaxtda “ixtisar”a salınmışıq. Düzdür, sonradan məhkəmə qərarı ilə yenidən öz iş yerlərimizə qaytarıldıq, amma “Azəriqaz”ın indiki direktoru Ruslan Əliyevin 2019-cu ildə müavin kimi apardığı "islahat”dan sonra bu günə kimi qaz istismar sahələrində gecə növbəsində 1 çilingər işləməli olub. Bu da o deməkdir ki, gecə saatlarında qəza baş verərsə, çilingərin qaz axınının qarşısını almağa ixtiyarı olmur. Çünkü əmək təhlükəsizliyi qaydalarına görə, çilingər nə qaz quyusuna düşə, nə də hündürlükdə olan qaz xəttini bağlamaq üçün nərdivana çıxa bilər. Yıxılsa, günah özündə olacaq.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət verildiyindən, əlilliyim səbəb gətirilərək, “Azəriqaz” rəhbərliyi məni yenidən tutduğum vəzifədən azad etdi və başqa bir işə keçirildim. Bu dəfə də “Azəriqaz” rəhbərliyi Xətai Rayon Məhkəməsinin (2(11) -7286/2019 saylı iş) qətnaməsinə görə, məni öz vəzifəmə və işlədiyim iş rejiminə qaytarmaq məcburiyyətində oldu. Düzdür, bu dəfə “Azəriqaz” 1 il məhkəmə qətnaməsini yerinə yetirməkdən boyun qaçırsa da, 2021-ci ildə öz iş yerimə qaytarılmışam.
Adil Süleymanov da cəbhədə yalnız Daxili İşlər Nazirliyinin əməkdaşı kimi yox, işlədiyi xidmətdə yoldaşları və rəhbərlik arasında əsl döyüşçü kimi tanınmışdır. Dəfələrlə işçilərin əmək funksiyasına aid olmayan işlərə cəlb olunmasına və iş yerlərində sadə sanitar gigiyenik qaydaların təmin edilməməsi, işçilər üçün ağır və kirli işlərdən sonra nəinki çimmək, heç əl-üzünü yumaq üçün şərəitin də olmaması (FOTOLAR) bərədə aidiyyəti orqanlara, eləcə də “Azəriqaz” İB-nin Həmkarlar Komitəsinə məlumat vermişdir. Nətəcə olaraq “Azəriqaz” rəhbərliyi 20 illik işçisinin əlilliyini bəhanə gətirərək, onu işdən azad edib.
Nəzərə alaq ki, hər iki səxs uzun illərdir bu vəzifədə işləsə də, “Azəriqaz” rəhbərliyinin onları işdən azad etməsi məhz sərhəddə separatçıların aktivliyi dövrünə duşür. “Azəriqaz” rəhbərliyi gözəl anlayır ki, Həmkarlar Birliyinin sədr müavini olan və himayəsində 2 əlil olan Qarabag qazilərinin işdən azad olunması sosial şəbəkədə muzakirə obyektinə çevrilməkdən başqa, cəbhədə olan əsgərlərə “gələcəkdə onu nə gözləyə biləcək” kimi bir pis mesaj verir. Bu addımın atılmasının kimlərin “dəyirmanına su tökmək” olduğu üzə cıxarır.
Təqdim etdiyimiz şəkillər isə sizi qorxutmasın, bu hansısa uzaq dağ kəndində imkansız ailənin evində yox, Bakının mərkəzində çəkilib. İşdən azad olunan Adil Suleymanov bu səkilləri sikayət ilə birgə Dövlət Əmək Mufəttişliyinə göndərmişdir. Bütün dünyada öz səxavəti ilə səs salan SOCAR-ın tabeliyində olan “Azəriqaz” İB-yə məxsus, 100 nəfərdən çox insanın işlədiyi bir ünvandır.
Onu da qeyd edək ki, Bakı şəhəri, 3-cü Alatava, Rasim Səfərov 1 ünvanında “Azəriqaz”ın tabeliyində olan 3 xidmət yerləşir”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.