Regionda İsrail, İŞİD yox, Türkiyə və Şuşa Bəyannaməsi var! -Tehrana ŞOK xəbərdarlıq

2021-10-14 09:42:00

Regionda İsrail, İŞİD yox, Türkiyə və Şuşa Bəyannaməsi var! -Tehrana ŞOK xəbərdarlıq

Bəyannamə istənilən an işə düşə bilər; “Bizi təhdid edən ölkələr bundan yaxşı xəbərdardır...”

İranın artan təhdidləri və ərazilərimizdə guya İsrail ordusunun, terrorçuların olması haqda uydurma ittihamları belə deməyə əsas verir ki, cənub qonşu hərbi aqressiya göstərmək fikrinə də düşə bilər. Hələlik bu, real görünməsə də, sərhədlərimizin yaxınlığında “əzələ nümayişi” - hərbi təlimlər keçirməsi, İran rəsmilərinin “cavab veriləcək, şapalaq yeyəcəklər” kimi hədyanları, hətta bir iranlı jurnalistin dəqiqəyə min raket ata biləcəklərini söyləməsi təsdiqləyir ki, bizimlə az qala düşmən ölkə kimi rəftar edirlər. Amma Azərbaycanın əlində qızıldan qiymətli bir sənəd var - Şuşa Bəyannaməsi...

“Yeni Müsavat” yada salır ki, əgər Azərbaycana qarşı hansısa dövlətdən hərbi müdaxilə olarsa, Şuşa Bəyannaməsi işə düşə bilər. Azərbaycanın qardaş Türkiyə ilə hərbi müttəfiqliyi, imzalanan sənəd, orada göstərilən müddəalar əsas verir ki, üçüncü qüvvənin ərazilərimizə hərbi təhdidi olacağı təqdirdə Türkiyə də müdaxilə edə bilər. Bu gedişat Türkiyənin ərazilərimizdə nə vaxtsa hərbi bazasının olmasını da şərtləndirə bilər. Çünki hərbi mövcudluq operativ çəkindirici faktordur və cənub qonşumuzun rəhbərliyindəki qırğıların özlərini yığışdırması üçün sərt xəbərdarlıq ola bilər. Bəs mütəxəssislər necə düşünür?

Hurriyyet.az xəbər verir ki, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, hər bir dövlət təhlükəsizliyini qorumaq üçün müttəfiqlər seçirlər: “Bu müttəfiqliyin biri də Şuşa Bəyannaməsidir. Bu halda Türkiyə yanımızdadır, eləcə də qardaş ölkəyə hərbi təhdid olarsa, Azərbaycan adekvat addım ata bilər. Amma qonşularımızın bu cür davranışları onlara xeyir gətirməyəcək. İranın son hadisələrdə tutduğu mövqeyi daha çox Ermənistana fayda verməkdədir. Tehran üçüncü ölkələrin maraqlarına uyğun hərəkət etməməlidir. İran bilməlidir ki, Türkiyə liderinin ”altılıq" platforması təklifi var, Azərbaycanla yaranmış gərginliyi diplomatik yollarla aradan qaldırmaq və bölgədə yeni əməkdaşlıq formatının əldə edilməsi üçün praqmatik addımlar atması lazımdır".

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın regionda tutduğu hərbi-siyasi mövqe ondan ibarətdir ki, hansısa dövlətin təhdidi nəticə verə bilməz: “Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq hələ 1994-cü ildə imzalanıb. Şuşa Bəyannaməsindən sonra vəziyyət bir qədər də dəyişib. Bu sənəddə tərəflərin təhlükəsizliyinə dair razılıq əldə olunub, yəni hansısa hərbi təcavüz olarsa, digəri hərbi qüvvəsi ilə onun yanında olacaq. Ona görə Türkiyə Silahlı Qüvvələrinin mandatı var və Azərbaycanın ərazi bütövlüyü üçün hərbi aqressiyaya cavab verə bilər. Bizi təhdid edən ölkələr bundan xəbərdardırlar. O baxımdan İranın hədələri effektiv olmayacaq. İndi nə 90-cı illərin əvvəlləri deyil, nə də Azərbaycanın regionda mövqeyi əvvəlkidir”.

Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik: “İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir”.

Ekspertin fikrincə, İrandan hərbi müdaxilə gözləmir: “Düzdür, məlum oldu ki, 44 günlük müharibə zamanı İran ordusu Zəngilan istiqamətinə daxil olubmuş. Amma son gərginlik Tehranın müharibə aparacağına əsas verə bilməz. Qonşu ölkə yaxşı bilir ki, regionda özünün uydurduğu İsrail, İŞİD yox, Türkiyə və ortada Şuşa Bəyannaməsi var. Ona görə İran siyasətinə yenidən baxmağa məcbur olacaq”.