Saat:04:06
Haqqımızda

REGİONDA GÜC BALANSININ DƏYİŞMƏSİ... - Rusiya-Türkiyə-İran “üçbucağında” İran təklənən – “küncə qoyulan” tərəf olmaqdadır

2022-08-17 22:47:00

REGİONDA GÜC BALANSININ DƏYİŞMƏSİ... - Rusiya-Türkiyə-İran “üçbucağında” İran təklənən – “küncə qoyulan” tərəf olmaqdadır

Rusiya-Türkiyə münasibətlərinin yenidən qurulması və şəkillənməsi nəinki Cənubi Qafqazın və post-sovet məkanının, həm də hər iki dövlətin sərhədlərindən kənara doğru genişlənən bölgəsəl təhlükəsizlik üçün əsas amildir. Bunu artıq hər kəs qəbul edir. Xüsusilə rusiyalı ekspertlər bundan ümidlidirlər. Onların fikrincə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə 4 saat davam edən görüş regional siyasətdə müəyyənedici hadisə olacaq. Onun ən mühüm nəticəsi, əlbəttə, Moskva ilə Ankara arasında qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıqdır ki, bu da Rusiyanın Qərb sanksiyalarından yan keçərək dünya bazarı ilə qarşılıqlı əlaqədə olmasına kömək edəcək və eyni zamanda Türkiyə iqtisadiyyatı üçün də rentabelli olacaq.

Bir tərəfdən Türkiyə ilə Aİ-ni Gömrük İttifaqı birləşdirir, digər tərəfdən isə Qərbin sanksiyalarının tətbiqindən sonra bu ölkənin maliyyə məkanında xeyli rus pulunun “fırlanması” heç kimə sirr deyil.

Həmin “rus pulları” Qərb texnologiyaları ilə istehsal yaratmaq və bazarlara çıxış, məşğulluğu artırmaq və bütövlükdə iqtisadiyyatı canlandırmaq üçün investisiyalara çevrilə bilsələr, bu, həqiqətən də Ankara üçün “qazan-qazan variantıdır”. Bununla belə, proses hələ təzə başlayır.

Soçidə Putin və Ərdoğan iki ölkə arasında qarşılıqlı hesablaşmalarda dollardan tədricən imtina etmək barədə razılığa gəliblər. Rusiya qazının alışının bir hissəsini Ankara rublla ödəyəcək ki, bu da Rusiya valyutasına “nəfəs aldıracaq”. Məlum olduğu kimi, Soçidə keçirilən görüşdə Türkiyənin 5 bankına Moskvanın SWIFT-dən ayrıldıqdan sonra inkişaf etdirdiyi Rusiyanın MIR ödəniş sisteminə qoşulması tapşırılıb.

Bu sistem ilk növbədə rusiyalı turistlərin Türkiyəyə sərbəst səfər etməsinə şərait yaradır. Bu addımın sayəsində “bəzi ruslar” Qərbin maraqlı baxışlarından gizlənə bilər. “Bloomberg”in hesabatı artıq məxfi nağd əməliyyatların həyata keçirilməkdə olduğunu bildirir. Əslində, Türkiyə Rusiyaya sanksiyaların təsirini yumşaltmaqda kömək edir, eyni zamanda özünün də bu sanksiyalara “ürcah olmaması”na nail olur.

Prezident Ərdoğan bu gunlərdə Rusiya prezidenti ilə danışıqların bütün regiona fayda verəcəyini “üstüörtülü” şəkildə qeyd etdi. Ehtimallara görə, yaxın gələcəkdə Rusiya-Türkiyə “resetinin” özünü göstərəcəyi üç sahə var - Suriya, Qara dəniz və Cənubi Qafqaz.

İlk olaraq Cənubi Qafqazda Türkiyə-Rusiya maraqlarının durumuna baxaq. Rusiyalı politoloq Pvel Klaçkovun fikrincə, Rusiya Cənubi Qafqaz regionunda sabitlikdə maraqlıdır.

“Rusiya ilə Azərbaycan arasında münasibətlər inkişaf edir. Rəhbərlik səviyyəsində anlaşma var, güclü iqtisadi qarşılıqlı əlaqə var, təhlükəsizlik məsələləri ilə bağlı razılaşmalar var. Rusiya üçün sərhədlərin periferiyasında, yəni kənarlarında münaqişələrin olmaması vacibdir”, deyə ekspert bildirir.

Onun sözlərinə görə, indi heç bir döyüş və ya eskalasiya Moskvaya sərfəli deyil, bu, ABŞ və onun forpostlarına sərfəlidir ki, İran Çinin forpost funksiyasını yerinə yetirəklə ABŞ-la da “yatağa girməyin əleyhinə deyil”. Təki, istədiyini ala bilsin...

“Məhz onlar (yəni ABŞ-ın forpostları) Rusiyanın öz qüvvələrini səpələməsi üçün bu cür münaqişələri törədə bilərlər. Biz indi sabitlik və sülhdə maraqlıyıq, bu mövqe həm Türkiyəyə, həm də Azərbaycana aiddir”, deyə Klaçkov əlavə edib.

Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsindən danışan ekspert bildirib ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi “intihar” xarakteri daşıyır.

“Onlara təhlükəsizlik zəmanəti verən Rusiya olub. Bu hisslər kənardan da dəstəklənir. Bütün bunlar Ermənistanı çıxılmaz vəziyyətə salır və hətta sahib olduqlarını belə itirirlər. Ona görə də indi orada hər şey çox sarsıntılı şəkil alır. Bəli, Bakı ilə münasibətlərdə də müəyyən nüanslar var, lakin bu məsələlər iki ölkənin siyasi dairələri arasında nizamlı şəkildə həll olunur. Ona görə də bu münasibətlər əlverişli xarakter daşıyır”, deyə politoloq yekunlaşdırıb.

Politoloq Türkiyənin də hazırı durumda vəziyyətini şərh edərək bildirir ki, onun Cənubi Qafqazda təsiri artır: “Biz Türkiyənin Cənubi Qafqaz regionunda və bütün dünyada təsirinin artdığını görürük. Lakin bu təsirin İran ambisiyaları və İranın simasında  öz təbii rəqibləri var. İndi hər şey çox sürətlə dəyişir. Bəzi problemlər indi çox sürətlə həll olunmağa başlayır. Digər tərəfdən, qeyd etmək lazımdır ki, hazırda Rusiya ilə Türkiyə arasında yaxınlaşma var”.

“Rəcəb Tayyib Ərdoğan Türkiyənin böyük miqyasda suverenlik əldə etməsində xeyli payı olmuş çox müdrik siyasətçidir. O, indi Rusiyadan həm iqtisadi, həm də siyasi mənada real mənfəət götürür. Ona görə də onun hərəkətləri Türkiyənin xeyrinədir, hətta Qərb ölkələrinin əksinə olsa da”, deyə o əlavə edib.

Qara dənizdə Türkiyə əsas oyunçudur, çünki Montrö Konvensiyasına görə Bosfor və Dardanel boğazlarından hərbi gəmilərin keçməsinə nəzarət edir. Zaqafqaziyaya gəlincə, burada Ankara həm də Moskvanın da Türkiyəyə “həvalə etdiyi” sabitləşdirici rolu oynaya bilər.

Hətta Rusiyanın üzləşdiyi yeni geosiyasi şəraitdə də Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması Azərbaycanla Türkiyə arasında kommunikasiyaların açılmasına kömək edir ki, bu da öz növbəsində Rusiya ilə Türkiyə arasında geniş iqtisadi mənfəət vəd edən birbaşa yol əlaqəsinin açılmasına səbəb ola bilər.

Suriyaya gəldikdə, mənzərə bir az daha mürəkkəbdir. Bu günlərdə Türkiyə mediası Ərdoğanın Suriya prezidenti Bəşər Əsədlə telefon danışığı etməyi planlaşdırdığını yazıb. Bu günki şərait onların arasında münasibətlərin bərpasına üstünlük verir. Orada məsələ Əsədin Moskva və Tehranın dəstəyi ilə ABŞ-ın rəhbərlik etdiyi rejim dəyişikliyi dəf etdiyi kimi görülsə də, əslində, ABŞ-a Əsədi uzaqlaşdrmaq yox, bu üç ölkəni kəllə-kələyə gətirəcək mühiti yaratmaq, Suriyanı bölünmənin astanasına gətirmək üçün əlverişli mühit yaratmaq lazım idi. Təbii ki, üç ölkənin marağının hədəfində olan ölkə məntiqlə bütöv qala bilməz.

İkincisi, Suriya Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ ilə birlikdə ŞƏT-ə üzv olmaq istəyir.

Üçüncüsü, MKİ-nin dəstəyi ilə 2016-cı il 15 iyulda hərbi çevriliş cəhdindən sonra Türkiyə-ABŞ münasibətləri çox pisləşdi.

Bununla belə, proseslərdə əsas hərəkətli amil Suriya-Türkiyə sərhədində ABŞ-ın sponsorluğu altında özlərinə dövlət yaratmağa çalışan silahlı Suriya kürdləri ilə ABŞ arasındakı hərbi-siyasi ittifaqdır.

Ərdoğan ABŞ-ın niyyətlərindən şübhələnir. Rusiya və İran Suriya kürd qrupları ilə təmasdadır, lakin ABŞ-ın Suriyadakı hərbi mövcudluğu davam etdikcə kürdlərlə Dəməşq arasında barışıq irəliləyə bilməz. Demək olar ki, İraqda da vəziyət oxşardır. Bəzi ekspertlərin fikrincə, bu “Qordi düyünü”nü kəsmək üçün istənilən cəhd Ərdoğanla Əsəd arasında barışıqdan başlamalıdır. Bəllidir ki, Ərdoğan-Əsəd telefon diplomatiyası Rusiyanın-Putinin təşəbbüsü idi və təşəbbüs də Soçidə irəli sürülmüşdü. Amma maraqlıdır ki, Suriya-Türkiyə telefon diplomatiyası cəhdi, başqa sözlə qardaş ölkənin XİN naziri Mövlud Çavuşoğlunun Suriyada Şam və müxalifətin anlaşması gərəkdiyini açıqlamasınn ardınca ölkənin müxalif qrupları tərəfindən kontrl edilən şimal-şərq bölgələrində Türkiyəyə qarşı etiraz aksiyalarını alovlandırdı. Belə ki, sosial mediada paylaşılan görüntülərdə küçələrdə Türk bayraqlarının yandırıldığı, Şahinbəy Millət Bağçası qarşısında etiraz aksiyasının təşkil olunduğu, Türk Silahlı Qüvvlərinə aid hərbi nəqliyyat vasitələrinə daş atıldığı görüldü. Hadisələrin əsasən Suriyanın Azez və Cerablusda cərəyan etdiyi bildirilir. Əgər iyulun 19-dakı Tehran sammitindən sonra İranın ikrah doğuran fitnəkarlıqla Ankaranın ayağının altını qazması, canfəşanlıqla Zəngəzur dəhlizinin səbəb olacağı sərhəd dəyişikliyinə “dözməyəcəyi”ni az qala hər gün bəyan etməsi, İraqda özünə bağlı olan İranyönlü hökumət formalaşdırmağa, buranı öz nüfuz dairəsinə daxil etməyə can atmasını, üstəlik Suriyanın sünni əhalisindən təmizlənmiş ərazilərini şiə əhalisi ilə məskunlaşdırmağa calışmasını nəzərə alsaq, Suriyada Türkiyəyə qarşı aqressiv ab-hava yaratmağa qüvvənin piştaxta altından “əl-ələ tutmuş” İran-ABŞ cinahından qaynaqlanmasının nəzərə çarpdığını deyə bilərik. Əlbəttə ki, buraya Suriyadakı terrorçu qrupların və müxalifətçi qüvvələrin içinə sızmağa nail olmuş İran agentura şəbəkəsi mənsublarının varlığını da qeyd etməliyik.

Burada haşiyə çıxaraq bir nüansı qeyd etmək lazımdır ki, Çavuşoğlunun Suriya müxalifətinə çağırışı hansı cinahın Türkiyənin irəli sürəcəyi təşəbbüsə qarşı cıxacağını aşkarlamaq üçün nəbz yoxlaması kimi də qəbul etmək olar.

Aydındır ki, başı Ukraynada qeylü-qala qarışan və ayağı bataqlığa ilişən Rusiyanın Türkiyənin qarısına alternativ rəqabət versiyaları “diyirlədəcək” halda deyil. Məsələn, buna Türkiyənin Krım tatarlarına uzunmüddətli yaşayş izni verməsini göstərə bilərik. Bu o deməkdir ki, Türkiyə məqamı yetişəndə hansısa formada məlum formatın üzərindən Krım məsələsində “sözünü deyəcək”. Böyük ehtimalla bu məsələdə də Moskva ilə razılaşma var. Çünki Moskva tərəfindən də maraqlı cəhd müşahidə olunur.

Belə ki, rus mediasındakı xəbərlərə görə, Rusiya Abxaziya iqtisadiyyatına dəstəyin növbəti pilləsinə keçib. Bu barədə “Sputnik Abxazia”ya Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib. Yeni formata görə, Rusiya Abxaziya iqtisadiyyatına birbaşa ünvanlı dəstəkdən iqtisadi yardım əlaqələrinin qurulmasına keçməyə qərar verdi. Bu həm də iqtisadi tellər üzərindən Abxaziyanın Rusiyaya bağlanması anlamına gələ bilər. Belə görünür ki, Rusiya ilə Türkiyə arasında geosiyasi rəqabətə baxmayaraq anlaşmalı nüfuz dairəsi bölgüsü baş verə bilir. Hətta Rusiya-Türkiyə əməkdaşlığı İranın maraqlarına cavab verməyən Zəngəzur dəhlizinin Terhanın var-gücü ilə müqavimətinin əksinə Moskva tərəfindən dəstəklənməsi ilə də sonuclanmaqdadır. Rusiya-Türkiyə-İran üçbucağında İran təklənən-küncə qoyulan tərəf olmaqdadır. Elə onu qeyzləndirən də budur.

Ülviyyə ŞÜKÜROVA  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR