Saat:04:49
Haqqımızda

“REGİONDA GƏRGİNLIK ARTACAQ, QARŞIDURMA KƏSKİNLƏŞƏCƏK” – “Növbədənkənar prezident seçkilərinin keçirilməsinin iki başlıca səbəbi var...”

2023-12-20 14:17:33

“REGİONDA GƏRGİNLIK ARTACAQ, QARŞIDURMA KƏSKİNLƏŞƏCƏK” – “Növbədənkənar prezident seçkilərinin keçirilməsinin iki başlıca səbəbi var...”

Sülhəddin Əkbər: “İlham Əliyev etimadı təzələmək, əlini gücləndirib danışıqlara getmək istəyir”

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik sahəsi üzrə ekspert Sülhəddin Əkbər “AzPolitika.info”ya müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların perspektivi, Rusiya-Ermənistan münasibətlərində yaşanan gərginlik, eləcə də regionda və ölkədə gedən digər proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Sülhəddin bəy, Azərbaycan-Ermənistan sülh danışıqlarındakı son vəziyyət necədir? Ermənistan tərəfi deyib ki, yanvarda Xarici İşlər nazirlərinin Vaşinqtonda görüşü gözlənilir. Azərbaycan isə bunu hələlik təsdiqləməyib. Tərəflər arasında əsir mübadiləsi oldu, beynəlxalq tədbirilərin keçirilməsində qarşılıqlı addımlar atdılar. Sizcə sülhə doğru gedən yolda bir aydınlq yaranıbmı?

- Əvvəla, onu qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə bəyanatı bir daha onu göstərdi ki, danışıqlar birbaşa gedəndə müəyyən nəticəyə gəlmək daha asandır, realdır və mümkündür. Mən lap əvvəldən birbaşa ikitərəfli danışıqların tərəfdarı olmuşam və Azərbaycanın belə bir xəttə üstünlük verməsini istəmişəm. Təcrübə də onu göstərir ki, bu, doğru xəttdir və mən bundan sonra da bu xəttin davam etdirilməsinin tərəfdarıyam. Həmçinin, ABŞ və Avropa Birliyi də ikitərəfli danışıqlar formatını dəstəkləyir. Bilirsiniz ki, sülh müqaviləsinin mətni üzərində iş gedir. Tərəflərin, xüsusən də Ermənistanın açıqlamalarından belə aydın olur ki, prinsipial məsələlər əsasən razılaşdırılıb. Anladığım qədəri ilə hələlik razılaşdırılmayan məsələ Ermənistan tərəfinin Azərbaycanın erməni əsilli sakinlərinin hüquqları, xüsusən də Qarabağa qayıdışına müqavilədə yer verilməsini istəməsi ilə bağlıdır. Düşünürəm ki, bu halda Azərbaycan tərəfi də Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın məsələsini gündəmə gətirə bilər. Mən bunun doğru addım olacağına inanıram.

Təəssüf ki, biz üçtərəfli anlaşmada ciddi iki səhvə yol vermişdik. Biri o idi ki, sənəddə “Laçın dəhlizi” ifadəsi işlədildiyi halda, “Zəngəzur dəhlizi” ifadəsi işlənməmişdi. Bizim qalib gəldiyimiz halda qarşılıqlı bərabərlik prinsipi pozulmuşdu. İkincisi, ilkin niyyətdə anklavların qaytarılması məsələsi var idi. Lakin erməni tərəfi dirəndi və onu razılaşmadan çıxardı. Biz yenidən səhvlər buraxmamalıydıq. Prinsipcə, erməni əsilli Azərbaycan sakinlərinin hüquqları məsələsi bizim daxili işimiz olduğuna görə, bu beynəlxalq müqavilə olacaq sənəddə olmamalıdır. Yox, əgər qarşı tərəf dirənəcəksə, onda deportasiya olunmuş Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın da məsələsi adekvat şəkildə qarşıya qoyulmalıdır. Bir xüsusi nüansa da diqqət etmək lazımdır ki, prosesdə beynəlxalq vasitəçi olmamalıdır.

- Ermənistan beynəlxalq vasitəçilərin olmasında israr edir…

- Məlumdur. Beynəlxalq vasitəçi olacaqsa, onlar hər zaman Azərbaycanın daxili işlərinə qarışıb, müdaxilələr edəcəklər. Çünki burada beynəlxalaq vasitəçi dedikdə böyük güclər – Fransa, Avropa Birliyindən olan dövlətlər və Rusiya nəzərdə tutulur. Onlar demokratiya, milli azlıqların mədəni hüquqlarının pozulması kimi bəhanələrlə müdaxilə etməyə çalışacaqlar. Biz buna imkan verməməliyik. Əgər böyük güclər müdaxilə etməzsə, sülh müqaviləsinin imzalanması üçün ciddi bir maneə yoxdur. Ancaq qeyd etdiyim kimi, bu danışıqlar birbaşa getməli, beynəlxalq təminatçıların həmin sənəddə imzası olmamalıdır. Erməni tərəfi də razılaşmalıdır ki, Azərbaycandan könüllü gedən erməni əsilli vətəndaşların məsələsi bu sazişdə ola bilməz. Çünki bu, dövlətlərarası sazişdir və Azərbaycanın daxili məsələsidr. Əgər Azərbaycan sülh naminə buna gedərsə, o halda adekvat şəkildə Qərbi Azərbaycandan deportasiya olunmuş vətəndaşlarımızın hüquqları məsələsi də bu sazişə salınmalıdır.

- Bəs Rusiyanın mövqeyi necə balanslaşdırılacaq? Rusiyadan son vaxtlar xüsusən də Ermənistana qarşı hədə tonunda xəbərdarlıqlar gəlir. Rusiya bəyan edir ki, Qərbin regiona gətirilməsi, proseslərdə aktiv iştirakı vəziyyəti ancaq gərginləşdirə bilər. Rusiyanın iradəsindən kənar sülh danışıqlarının irəliləməsi mümkündürmü?

- Bəli, Rusiya bundan çox ciddi narahatdır və hadisələrin inkişafı Rusiya-Ermənistan münasibətlərinin getdikcə gərginləşdiyini göstərir. Xüsusən də siyasi və diplomatik müstəvidə vəziyyət gərgindir. Hələlik iqtisadi və hərbi sahədə belə bir şey görmürük. Lakin hərbi sahədə onu deyə bilərik ki, məsələn, Ermənistan KTMT-də yüksək səviyyədə iştirakdan imtina edir, Avropa Birliyi, ABŞ, Böyük Britaniya, Fransa və Hindistan kimi ölkələrlə hərbi - texniki sahədə əməkdaşlığa atılır. Təbii ki, bu intensiv əməkdaşlığın sonunda gözlənilir ki, ABŞ və Avropa Birliyi Ermənistana təkliflər paketi hazırlasın. Yəqin ki, bu münasibətlərin perspektiv inkişafı ilə bağlı bir yol xəritəsi olacaq. Bunu da Rusiya anlayır. Qeyd edim ki, burada Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması da bu yol xəritəsinə daxildir. Çünki sülh müqaviləsi olmadan Ermənistan- Azərbaycan, Ermənistan- Türkiyə münasibətlərinin normallaşması, sərhədlərin, kommunikasiyaların açılması və həmin ölkələrin regiondaxili inteqrasiyası, eləcə də regionun Avropaya inteqrasiyası problemli məsələdir.

- Deməli ciddi qarşıdurmalar hələ qabaqdadır…

- Bəli. Düşünürəm ki, Rusiyanın bölgədən çıxarılması, İranın bölgəyə girişinin qarşısının alınması çətin olacaq. Bunu hər iki tərəf də bilir. Ona görə də yaxın perspektivdə həm Rusiya-Ermənistan münasibətlərində, həm də regionda bir tərəfdə Rusiya-İran, digər tərəfdən də Ermənistana dəstək verən xarici güclər arasında gərginlik artacaq, qarşıdurma kəskinləşəcək. Ona görə mən şərtli danışırdım ki, sülh müqaviləsi hansı halda imzalana bilər. Əgər sülh müqaviləsinin imzalanmasını istəyən Azərbaycan, Türkiyə, Ermənistan, ABŞ və Avropa Birliyi qarşı tərəfdəki Rusiya, İran və Fransanı üstələyərsə, sülh müqaviləsinin imzalanması və yeni bir mərhələnin başlaması mümkündür. Buna görə də Azərbaycan çox diqqətli olmalıdır. Xüsusən də bu destruktiv qüvvələrin provokasiyalarından, şirnikləndirici oyunlarından qorunmaq lazımdır. Burada Azərbaycana yaxşı vədlər verilə, həm də pozuculuq fəaliyyətləri ola bilər. Ona görə də həm tərəflərin gerçək niyyətlərini öyrənmək, həm də provakasiyaları önləmək baxımından kəşfiyyat orqanlarının üzərinə böyük iş düşəcək.

- Dekabrın 19-da Soçidə Avrasiya İqtisadi Birliyinin sammiti olacaq, həmçinin 26 dekabrda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal görüşü keçiriləcək. Ermənistanın hakim dairələri Putinin bu görüşlərdə iştirak edəcəyini bildiriblər. Bu çərçivədə Putin - Paşinyan görüşününü keçirlməsi ilə bağlı müzakirələr gedir. Hələ ki, qarşılıqlı razılıq yoxdur amma bu, Ermənistan Rusiya münasibətlərinin aydınlaşdırılması baxımından vacib bir təmas hesab olunur. Siz də qeyd etdiniz ki, Rusiya Ermənistan münasibətlərindəki gərginlik yeni müstəviyə çıxa bilər. Bu baxımdan vəziyyəti necə dəyərləndirirsiniz? Rusiya Ermənistanda xaotik bir vəziyyət yaratmaq, Paşinyan hakimiyyətini devirmək və ya iradəsini sındırmaq baxımından hansı addımlar ata bilər?

- Diqqət edirsinizsə, Ermənistan hələlik Rusiya ilə münasibətləri kəsmək fikrində deyil. Yəni geri dönüşü olmayan addımlar atmır, xüsusən də hüquqi sahədə. Bunu ona görə etmir ki, qarşı tərəfin hələlik təklif paketi təqdim olunmayıb, yol xəritəsi yoxdur. Bunlar olmayana qədər Ermənistan Rusiya ilə münasibətləri pozmaq istiqamətində daha da irəli getməyəcək. Əsas addımlar siyasi, diplomatik sahədə olacaq. Amma nə zaman ki, təkliflər paketi təqdim olunacaq, yol xəritəsi cızılacaq və Ermənistana müəyyən təhlükəsizlik təminatları veriləcək, bax, onda Ermənistan Rusiyaya qarşı ciddi addımlar atmağa başlaya bilər. Rusiya bunun fərqindədir. Ona görə də Kremlin narahatlığı və narazılığı getdikcə artır. Əslində Rusiya hələ 2018-ci ildən narahtdır və elə o vaxtdan da çox ciddi cəhdləri olmuşdu. Onlar vəziyyəti dəyişməyə, seçkilərdə Paşinyan rejimini devirməyə, küçə hərəkatları, hərbçilərin qiyamını təşkil etməyə çalışdılar. Lakin bunların heç biri nəticə vermədi. Bundan sonra da verməyəcək. Yeni məhələdə terror və sui-qəsdlər ola bilər. Ona görə də burada kəşfiyyat və təhlükəsizlik xidmətlərinə böyük iş düşür. Yəni kəşfiyyat müharibəsi qızışa bilər. Bu, təkcə Ermənistanla Rusiya arasında olmayacaq. Burada Ermənistanın İran və Rusiyadan ayrılmasını istəyən güclər bir tərəfdə, Rusiya ilə İran, müəyyən mənada da Fransa digər tərəfdə olacaq, kəşfiyyat və təhlükəsizlik xidmətlərinin müharibəsi gedəcək. Bunun nə vaxt olacağına dair dəqiq tarix demək bir qədər çətindir. Mənə elə gəlir ki, qarşıdakı ilin birinci yarısı bu baxımdan aydınladıcı olacaq.

- Türkiyədən Azərbaycan-Ermənistan arasında sülh danışıqları ilə bağlı bəyanatların sayı artıb. Bu yaxınlarda qardaş ökənin Xarici İşlər naziri Hakan Fidan Bakıda oldu. O, bildirdi ki, yeni sülh sazişi üçün texniki detalları çıxmaq şərtilə ciddi problem yoxdur. Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülərin də bəyanatında sülh üçün tarixci məqamın yetişdiyi qeyd olunurdu. Türkiyənin fəallaşması nədən xəbər verir? Sülh danışıqlarının müsbət nəticələnməsi üçün Ankaranın pozitiv rolu nədən ibarət ola bilər?

- Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Türkiyə təbii ki, sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Çünki onun strateji müttəfiqi qalib gəlib və bu qələbəni hüquqi baxımdan təsdiq etməyə ehtiyac var. Digər tərəfdən, Türkiyənin strateji maraqları var. Birincisi, bu müqavilə imzalansa, Türkiyənin strateji tərəfdaşı olan Azərbaycan güclənəcək. İkincisi, Türkiyə-Azərbaycan mütəfiqliyi güclənəcək. Üçüncüsü, Zəngəzur dəhlizi, Türkiyənin Ermənistanla sərhədləri açılacaq. Eyni zamanda Türkiyə təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda güclənəcək, Türkiyənin lideri olduğu Türk Dövlətləri Təşkilatının güclənməsi də yeni bir mərhələyə daxil olacaq. Həmçinin bu prosesdə Türkiyəyə olan ehtiyac da artacaq. Bir sözlə, Türkiyə həm öz, həm də Azərbaycanın maraqlarına görə sülh sazişinin imzalanmasında maraqlı tərəfdir. Ona görə də Azərbaycana verdiyi dəstəyi daha da gücləndirəcək.

Bir nüansı da qeyd etmək istəyirəm: Əgər gələcəkdə Ermənistan beynəlxalq təminatçı məsləsində dirəniş göstərsə, Azərbaycan da Türkiyənin təminatçılar arasında olmasını tələb edə bilər.

- Məlumdur ki, hadisələrin bu gedişatında Azərbaycanda növbədənkənar prezident seçkiləri qərarı verilib. Seçkinin bu proseslərlə əlaqəsi nədən ibarətdir? İqtidar niyə belə bir məqamda seçkiyə getdi?

- İki başlıca səbəb var. Biri daxili, biri isə xarici səbəbdir. Reallıq budur ki, Prezident İlham Əliyevin reytinqi hakimiyyətdə olduğu dövrlər ərzində ən yüksək səviyyədədir. Bunu bütün siyasilər, ekspertlər etiraf edirlər. Lakin onun Qarabağda əldə ətdiyi dividendlər zaman keçdikcə digər daxili amillərə görə zəifləyə bilər. Xarici səbəb isə odur ki, 44 günlük savaşdan, 23 saat davam edən anti-terror əməliyatından sonra başlayan xarici təzyiqlər zaman keçdikcə artacaq. Bu baxımdan İlham Əliyev, zaman nə qədər ki, onun xeyrinədir, seçki məsələsini bitirib, etimadı təzələmək, əlini gücləndirib danışıqlara getmək istəyir. Bir anlıq düşünün ki, seçki gedir və bu vaxt həm də sülh müqaviləsi imzalanır. Əlbəttə, bu, həm daxili, həm də xarici təzyiq üçün müqaviməti artıran bir amilə çevrilə bilər.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR