Saat:08:10
Haqqımızda

REFERENDUMLA NƏLƏR DƏYİŞMƏLİDİR? – Proporsional seçkinin bərpasından icra hakimiyyətlərinin ləğvinədək...

2021-07-29 14:26:00

REFERENDUMLA NƏLƏR DƏYİŞMƏLİDİR? – Proporsional seçkinin bərpasından icra hakimiyyətlərinin ləğvinədək...

Payızda Azərbaycanda konstitusiya referendumu olacacağına dair xəbərlər yayılıb. Bildirilir ki, Milli Məclisin payız sessiyasında bununla bağlı müzakirələrə start veriləcək, təklif olunacaq dəyişikliklər ictimai müzakirəyə çıxarılacaq. Hətta belə xəbərlər də var ki, seçki komissiyaları artıq referendum hazırlıqlarına başlayıblar.

Qeyd edək ki, cəmiyyətdə konstitusiya dəyişikliyi ilə bağlı gözləntilər hələ 2019-cu ilin fevralında keçirilmiş növbədənkənar parlament seçkilərindən əvvəl vardı. Ekspertlərə görə, Milli Məclisin tərkibinin genişləndirilməsi, proporsional seçki sisteminin bərpa edilməsi, Nazirlər Kabinetinin ləğv edilərək, funksiyalarının vitse-prezidentlik institutuna ötürülməsi, habelə hakimiyyət qollarının səlahiyyət bölgüsündə bir sıra dəyişikliklərin aparılmasına ehtiyac var.

 

 

5 il əvvəl - 18 iyul 2016-cı il tarixində ölkədə referendum keçirilərək, Konstitusiyanın 42 maddəsinə 29 dəyişiklik edilsə də, bu, hakimiyyət bölgüsü və siyasi idarəçiliklə bağlı bütün məsələləri həll etməmişdi. Xüsusən, Nazirlər Kabineti ilə yeni təsis edilən vitse-prezidentlik institutunun paralel idarəçiliyinin saxlanması bir sıra suallar doğururdu. Ehtimal ki, bu səbəbdən Birinci vitse-prezidentdən başqa aşağı postlara təyinatlar aparılmayıb. Amma Konstitusiyada Prezidentin daha bir neçə vitse-prezident təyin etmək hüququ var. Dəyişikliyin mahiyyəti də ondan ibarət idi ki, icra hakimiyyətinin başçısı ölkənin sosial-iqtisadi həyatını məhz bu institut vasitəsi ilə idarə edəcək. Görünür, hansısa obyektiv və subyektiv səbəblərdən ötən 5 ildə bu dəyişikliyi tam həyata keçirmək mümkün olmayıb. Hakimiyyət indi əsaslı dəyişiklik apararaq paralel idarəçiliyi aradan qaldırmaq üçün addımlar atmaq niyyətindədir.

 

 

Milli Məclisin tərkibinin genişləndirilməsi, proporsional seçki sisteminin bərpası da həlli xeyli gecikmiş məsələdir. 

Əvvəla, 30 illik müstəqillik tarixində Azərbaycanın iqtsadi və əhali resursları xeyli artıb. 1991-ci ildə ölkə əhalsinin sayı 7 milyon nəfər idisə, hazırda 10.5 milyon nəfərə çatır. Buna baxmayaraq, vətəndaşları qanunverici hakimiyyətdə təmsil edən heyətin sayı dəyişməyib. Ölkədəki 5.3 milyon nəfərə yaxın seçici mojaritar üsulla seçki keçirilən 125 seçki dairəsi arasında bölünüb. Əksər dairələrdə bir deputat 42-48 min seçicini təmsil edir. Bu da millət vəkilinin öz funksiyasını daha effektiv həyata keçirməsinə maneə olmaqla yanaşı vətəndaşların qanunverici hakimiyyətə çıxışını da məhdudlaşdırır. Çünki say və ərazi vahidi həddindən artıq böyükdür. Bir millət vəkili bir köməkçisi ilə seçicilərin problemlərini və təkliflərini Milli Məclisdə necə səsləndirə, yaxud müvafiq qurumlar qarşısında qaldıra bilər? Hazırda seçicilər əksər deputatlardan narazıdırlar, əlbəttə, burada onların şəxsi keyfiyyətləri, məsuliyyəti rol oynasa da, burada qeyd olunan obyektiv səbəblər də var. Başqa ölkələrin təcrübəsinə baxsaq, əhali say nisbətinə görə Azərbaycanda ən azı 200-250 mandatlı parlamentin olması zəruridir. Əgər belə bir təklif referenduma çıxarılarsa, seçicilər tərəfindən dəstək qazanması tamamilə realdır.

 

 

Proporsional sistemin bərpası da ölkənin siyasi inkişafının başlıca meyarlarından biridir. Hazırda Milli Məclisdə 10-dan artıq siyasi partiya təmsil olunur, amma deputatların, YAP istisna olmaqla, əksəriyyəti siyasi təşkilatların rəhbərləridir, on illərdir, bu reallıq dəyişmir. Əvvəla, proporsional sistem siyasi institutların güclənməsinə, daxili rəqabətin artmasına təkan verəcək. Bu da Azərbaycanda siyasətin bir peşə kimi gənclər arasında yenidən populyarlaşmasına rəvac verə bilər. Hazırki qaydalarına görə, hətta bu imkanlar hakim partiyada belə mövcud deyil, bu da ölkə idarəçiliyinə gənc nəslin marağını əngəlləyən başlıca faktorlardan biridir. Bu gün Milli Məclisdə gənclər təmsil olunur, amma onlar bu təmsilçiliyi necə qazanıblar, hansı siyasi rəqabətdə olublar, harada formalaşıblar, bu sualların cavabı məlumdur. Təsadüfi deyil ki, bəzi gənc deputatların çıxışları cəmiyyətdə ironiya, gülüş hədəfinə çevrilir. Çünki onlar siyasi proseslərdə, partiyalarda yetişməyiblər, cəmiyyətdə gedən proseslərdən, ona yanaşma üsullarından bixəbərdirlər.

Bir müddət əvvəl hakimiyyət siyasi partiyalarla dialoq prosesi başladıb və hazırda ölkədə 50-yə yaxın partiya ilə əməkdaşlıq edilir. Onların nümayəndələri ilə görüşlər, müzakirələr keçirilir, təklifləri dinlənir, əhəmiyyətli dövlət tədbirlərinə dəvət edilirlər. Proporsional sistemin bərpası bu prosesin daha da genişlənməsinə ciddi töhfə verə bilər. Çünki Milli Məclisin ənənəvi palitrasının dəyişməsi, siyasi mübarizənin parlament müstəvisinə keçməsi ölkədə siyasi dinamizm yaradacaq. Nəticədə, bu gün internet tv-lərdə, saytlarda, sosial şəbəklərdə gedən virtual diskusiyalar, çəkişmələr, mübarizələr parlamentə transfer edəcək. Nəticə etibarı ilə qanunverici hakimiyyətdə rəngarənglik icra hakimiyyətinə nəzarət imkanlarını artırmaqla yanaşı əhalinin bu instituta azalmış rəğbətini bərpa edə bilər.

 

 

Azərbaycanda yerli icra hakimiyyəti sisteminin dəyişməsi də həllini çoxdan gözləyən problemlərdən biridir. Təcrübə göstərir ki, hazırki icra hakimiyyətləri bir institut olaraq özünü doğrultmur, onun ölkənin sosial-iqtisadi inkişafında, əhalinin problemlərinin həll olunmasında, dövlət proqramlarının icrasında rolu olduqca məhduddur. 2018-ci ildən Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyatlar nəticəsində 8 icra başçısı, onların yaxın çevrəsi həbs edilib. Prezidentin etimad göstərdiyi bu məmurlar ağılasığmaz korrupsiya və dələduzluq üsulları ilə dövlətin milyonlarla vəsatini mənimsəyib, vətəndaşların dövlətdən gözləntilərinin üstündən qara xətt çəkiblər. Ard-arda keçirilən həbslər göstərdi ki, hətta bu sistemdəki məmurların cəmiyyət qarşısında rüsvayçı həbsi də başqalarına dərs olmur, eyni talançılıq, mənimsəmə digərləri tərəfindən davam etdirilir. Ona görə də icra hakimiyyəti institutunun ləğv edilməsi, regional idarəçilik sisteminin bərqərar edilməsi vacibdir. Bu məsələ dəfələrlə müzakirə edilib və bəzi deputatlar hətta onu Milli Məclisdə də qaldırıblar.

Nəhayət, Azərbaycan 28 ildən sonra erməni işğalında olan ərazilərin böyük bir hissəsini azad edib, Qarabağda dövlət suverenliyinin bərpa olunmasına yaxınlaşıb. Bu qələbənin daha da möhkəmləndirilməsi, ərazilərdə idarəçiliyin təkmilləşdirilməsi üçün həm də konstitusion islahatlara ehtiyac var. Şübhəsiz ki, payızda referendum qərarı verilərsə, təklif olunan dəyişikliklər layihəsində bu barədə müddəalar da görəcəyik.

E.Rüstəmli

“AzPoilitika.info”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR