“Real əməkhaqqı azalıb” - İnflyasiyanı süni şəkildə azaldan amillər hansılardır...

2022-11-17 12:08:00

“Real əməkhaqqı azalıb” - İnflyasiyanı süni şəkildə azaldan amillər hansılardır...

Hökumət nümayəndələri, adətən, çıxışlarında əhalinin sosial vəziyyətinin pisləşməsi ilə bağlı iddiaları qəbul etmirlər. Onlar hətta Azərbaycan vətəndaşlarının gəlirlərinin artdığını dilə gətirirlər.
İqtisadiyyat Naziri Mikayıl Cabbarov parlamentdə çıxışında da bu iddianı səsləndirib. Onun dediyinə görə, əhalinin gəlirlərinin artım tempi inflyasiyanın tempini üstələyir. Halbuki heç bir statistikaya nəzər salmadan da durumun yalnız pisləşdiyini görmək olur.

Hurriyyet.az Bizimyol.info-ya istinadla xəbər verir ki, iqtisadçı Rövşən Ağayev də vəziyyətin yaxşılığa doğru dəyişmədiyinə əmindir. Onun fikrincə, inflyasiya səviyyəsi ilə bağlı təqdim olunan rəsmi rəqəmlər həqiqəti tam əks etdirmir:

“Azərbaycanda inflyasiyanın hesablanması üçün səbətin tərkibi, ev təsərrüfatlarının ən son büdcə müayinəsinin nəticələri əsas götürülür. Bu müayinəyə görə, ötən ilin sonuna qida məhsullarının (alkoqollu içkilər+tütün də daxil) əhali istehlakında payı 45 faiz ətrafında olub. Halbuku Mərkəzi Bankın statistkası real statistikanın daha yüksək olduğunu – 56 faizə yaxın olduğunu göstərir. Nəzərə alanda ki, hazırkı reallıqda ərzaq inflyasiyası xidmət və qeyri-qida inflyasiyasından az qala 3 dəfə yüksəkdir, deməli, inflyasiya səbətində ərzağın payının az qala 4-də bir həcmdə azaldılaraq istehlak qiymətləri indeksinin hesablanması inflyasiyanın səviyyəsini əhəmiyyətli dərəcədə təhrif edir. Yəni inflyasiyası hesablanmasına ərzağın payı Mərkəzi Bankın rəqəminə uyğun götürülsə idi, hazırda orta illik inflyasiya səviyyəsi 13,5 yox, ən azı 16 faiz olacaqdı. Hələ onu demirəm ki, bizdə inflyasiyanı süni şəkildə azaldan başqa bir amil səbətin tərkibinin bir çox ölkələrlə müqayisədə daha geniş götürülməsidir”.

Rövşən Ağayev bildirir ki, ərzaq inflyasiyasının gerçək dəyərləndirilməsi durumu aydın göstərə bilər: “Azərbaycanda əhalinin istehlakında ərzaq az qala 60 faizə çatdığı üçün əhalinin real gəlirlərinin hesablanması baxımından istehlak qiymətləri indeksinə yox, ərzaq inflyasiyasına baxmaq lazımdır. Hətta rəsmi məlumata görə, 2022-ci ilin sentyabrın sonuna orta illik inflyasiya 13 faiz olduğu halda, ərzaq inflyasiyası 20 faizə yaxın olub. Ərzaq inflyasiyasının bu səviyyəsi isə orta maaşın artım tempini 6 faiz üstələyib”.

Rövşən Ağayev real əməkhaqqının azalmasına da əmindir: “Bir dəfə bu barədə yazmışdım, indi də aktualdır - bizdə orta illik deyil, illik inflyasiya səviyyəsinə baxmaq lazımdır. Ən son məlumata görə, illik inflyasiya səviyyəsi orta göstəricidən çoxdur və nominal orta maaşın artımını 2 faizə yaxın üstələyir. Sırf bu göstəricidən çıxış etsək, real əmək haqqının ən azı 2 faiz azaldığı, qidanın xüsusi çəkisinin Mərkəzi Bankın statistikasına uyğun götürdükdə isə ən azı 5 faiz azaldığı aydın görünür”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.130220