Razi Nurullayev: “Niyə Azərbaycanda rəsmi milyonçu və milyarderlər yoxdur?”

2022-05-13 22:59:00

Razi Nurullayev: “Niyə Azərbaycanda rəsmi milyonçu və milyarderlər yoxdur?”

Deputat Razi Nurullayev parlament iclasında çıxış edərkən bir sıra məsələlərə toxundu.

Deputat bildirdi ki, keçən dəfə pilot tikinti layihələri ilə bağlı burada ümumi və konkret fakt göstərmədən çıxış edib, sahibkarların incidilməsindən danışıb:

“Parlamentdən kənarda da media və televiziyalarda konkret faktları və ünvanları göstərdim. Sahibkarlara, iqtisadiyyata, ölkənin inkişafına ümumi tənqidi yanaşmanın doğru olmadığını dərk edirəm. Məsələlər konkret və ünvanlı olmalıdır və bundan sonra belə də olacaq. Ümid edirəm ki, pilot layihələrlə, ümumilikdə tikintilərlə bağlı məsələ ciddi şəkildə aidiyyəti qurumlar tərəfindən müzakirə ediləcək və məsələlər konkret olaraq həll ediləcək. Başqa yolumuz da yoxdur, çünki, sürətlə iş yerləri yaratmalıyıq və bunun üçün cənab Prezident tərəfindən bütün imkanlar yaradılır. Sadəcə, onlar dürüst şəkildə yerinə yetirilməlidir”.

R.Nurullayev kütləvi iş yerlərinin yaradılması ilə bağlı təkliflərini sadaladı: “Azərbaycanda potensial iş yeri yaradan sahələr tikinti, xidmət sahəsi, turizm, kənd təsərrüfatı və informasiya texnologiyalarıdır. Amma, problemlərin birdəfəlik və kökündən həlli, imkan pəncərələrinin açılması, kütləvi iş yerlərinin yaranması üçün dövlət birmənalı bizneslə məşğul olmaqdan kənarda dayanıb, yalnız və yalnız tənzimləyici, nizamlayıcı və nəzarətçi rolunda olmalıdır. Bunun üçün gərək rəsmi və qeyri-rəsmi qadağalar aradan götürülsün. Niyə Azərbaycanda rəsmi milyonçu və milyarderlər yoxdur? Onlarla var, amma gizlənir, çünki, qorxur. Biz bu yolu açmalıyıq, ancaq və ancaq ölkəyə qaytarılan və sərmayə şəklində yatırılan vəsaitlər üçün maliyyə amnistiyası qəbul etməliyik ki, kütləvi iş yerləri yaransın. Bunun üçün ən yaxşı zamandır, onsuz da xaricdə də pul saxlamaq artıq təhlükəlidir, ya bir gün tutub əlindən alacaqlar, ya da sanksiya qoyub donduracaqlar”. 

Deputat qeyd etdi ki, heç zaman ölkədə hər şeyin bərbad olduğunu demək fikrində olmayıb: “Xeyli az qala yüz faiz şəffaf işləyən dövlət qurumları da var. İş adamlarından aldığım məlumat deməyə əsas verir ki, qanunu bilən və vergini şəffaf ödəmək, vicdanlı iş adamı olmaq istəyənlər üçün Vergi xidməti ən ciddi şəffaflıq nümayiş etdirən xidmətlərdən biridir. Elə iş adamları, müəssisələr var ki, vergi məmurunun simasını 3-4 il əvvəl görüb. Mən bunu alqışlayıram. Yaxşıların da, problemlərin də konkret deyilməsi vacibliyini bilirəm. Keçən dəfə pilot tikinti barədə danışdım və artıq aldığım məlumatlara görə bir neçə sahibkarın problemləri həll olunmağa doğru gedir, bu məni sevindirir. Elə buradan bütün iş adamlarına müraciət edirəm ki, konkret problemləri və narahatlıqları ilə bağlı müraciət etsinlər. Əmin olun ki, ölkəmizdə problemlərin həlli üçün də ciddi imkan pəncərələri yaradılıb, sadəcə onları düzgün seçib müraciət etmək gərəkdir”. /müsavat/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya