Razi Nurullayev Çovdarovun 30 milyonundan danışdı: "Bu hansı məntiqə sığır?"

2022-12-30 13:57:00

Razi Nurullayev Çovdarovun 30 milyonundan danışdı:

“Akif Çovdarovun bazar dəyəri 30 milyon olan müsadirə edilmiş əmlakları Bakı Apelyasiya Məhkəməsi tərəfindən geri qaytarılıb. Dünəndən zərərçəkənlər tərəfindən onlarla zəng edilib mənə. Media, sosial şəbəkələr də dağılır, hamı şok içindədir ki, görəsən, nə baş verir? Zərərçəkənlər pullarını, əmlaklarını neçə illərdir ki, geri ala bilmir, məhkəmə qapısı döyməkdən beziblər”.

Hurriyyet.az xəbər verir ki, deputat Razi Nurullayev bu fikirləri Milli Məclisin iclasında söyləyib. O, ardınca sualları sıralayıb: “Məhkəmə qərarı nəyə əsaslanıb? Dövlətə, vətəndaşlara və sahibkarlara dəyən ziyan necə ödənilib? Ödənilibmi? Hansı vəsait və əmlaklarla? Belə çıxır ki, dövlət vəzifəsi tut, ye, dağıt, vəzifədən sui-istifadə edib vətəndaşlara divan tut, bir az yat və sonra da çıxıb kef elə? Bu hansı dövlətçilik məntiqinə sığır?”

R.Nurullayev qeyd edib ki, şəxsi qərəzliyi yoxdur, fərdi zərərçəkmiş də deyil: “Amma, bizlərin hamımız dövlətin bir parçası olaraq zərərçəkmişlərik. Bu şəkil məhkəmə qərarları dövlətçiliyimizin sütunlarını laxladır, vətəndaşların inamını sarsıdır, ölkəmizin nüfuzuna zərər vurur və gələcəyə ümidi öldürür. Mənim Akif Çovdarovun ailə üzvlərinin əmlak sahibi olmasına qarşı deyiləm, ədalətin, düzlüyün, etibarın tərəfdarıyam”.

Deputat deyib ki, bu məsələnin ciddi müzakirəsinə ehtiyac var: “Hakimlər formal ədalət mühakiməsini yox, həqiqi ədalət mühakiməsini həyata keçirməlidir. Ictimai rəy, bu məsələ ilə bağlı ciddi izahlar və açıqlamaların olmasını tələb edir. Bu cür açıq danışmaq mənim özümü də təhlükəsizliyim baxımından narahat edir, lakin özümü saxlaya bilmirəm. Bilmirəm ki, düzdür ya səhv, amma dövlətçilik üçün şəxsimizlə bağlı çox şeyi qurban verdiyimiz kimi, bu məsələdə də etiraz səsimizi ucaltmağın da haqqımız olduğunu düşünürəm. Əgər bu məsələdə səhvim və yanlışlığım varsa, sübut olunacağı təqdirdə bunu etiraf etmək cəsarətim də var. Allah Azərbaycanımızı, xalqımızı və cənab Prezidentimizi qorusun!”

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000611