Rayon mərkəzindən ucqar kəndə köçən Xaçmaz Qaz İdarəsi ilə bağlı RƏSMİ MÜNASİBƏT

2022-05-10 15:19:00

Rayon mərkəzindən ucqar kəndə köçən Xaçmaz Qaz İdarəsi ilə bağlı RƏSMİ MÜNASİBƏT

Xaçmaz rayon sakini Paşayev Cəfəroğlu Paşa oğlu redaksiyamıza müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə ünvanladığı müraciətin işıqlandırılmasını xahiş edib. O müraciətində qeyd edib ki, rayon qaz idarəsinin inzibati binası mərkəzi ərazidən ucqar kəndə aparılıb. Məhz bu səbəbdən rayon əhalisi qazla bağlı olan problemlərini demək üçün ucqar kəndə getmək məcburiyyətindədirlər:

"Xaçmaz rayonu Qaz idarəsini şəhərin mərkəzindən ucqar kəndə gətiriblər. Hazırda qaz idarəsi Çaxçaxlı kəndində yerləşir. Əhalinin qazla bağlı problemi olanda ucqar kəndə getməyə çətinlik çəkirlər. Düzdür ödənişləri poçta ödəyirik. Amma şikayətimiz olanda getməyə çətinlik çəkirik. Digər tərəfdən qaz idarəsinin yerləşdiyi yer əvvələr çayxana olub. Xaçmazın mərkəzində bir yer yoxdur ki, orda qaz idarəsinin binası olsun?...Xahiş edirik ki, “Azəriqaz” İstehsalat Birliyi mövcud problemimizlə bağlı bizə köməklik göstərsin".

Məsələylə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Hürriyyət"ə bildirib ki, qaz idarəsinin yerləşdiyi bina Xaçmaz-Quba yolunun 2-2,5 km-ində yerləşir və böyük bir məsafə deyil:

"Əvvəl mövcud olan Xaçmaz rayon Qaz İdarəsinin binası istisamara tam uyğun gəlmirdi. Dam örtüyünün sıradan çıxması, xətlərin yağış sularını qəbul etməməsi və yağış sularının binaya dolması səbəbindən “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz rayon İdarəsi əziyyət çəkirdi. Hazırda rayon idarəsi daha əlverişli bina ilə əvəz olunub. Bina Xaçmaz-Quba yolunun 2-2,5 km-ində yerləşir. Bu böyük bir məsafə deyil. Həmin əraziyə istər avtobuslar, istərsə də digər maşınların hərəkəti mövcuddur. Bu baxımdan idarəylə abonentlər arasında heç bir problem yaşanmayıb. Ümumilikdə hamıya daha yaxın məsafədə yerləşəcək binanın mövcudluğu qeyri-mümkün görünür. Hansı ərazidə yerləşirsə, o əraziyə yaxın olan insanlar üçün daha əlçatan və rahatdır. Təbii ki, kənarda yaşayanlar üçün istənilən qurumun binası uzaq görünə bilər. Bu normal haldır".

YƏHYA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya