Saat:04:54
Haqqımızda

“RASİM MUSABƏYOV NƏ AZƏRBAYCANI NORMAL TANIYIR, NƏ DƏ...” - “Rusiya istəyir ki, “beşinci kolon” vasitəsilə prosesi pozsun”

2024-05-03 20:30:21

“RASİM MUSABƏYOV NƏ AZƏRBAYCANI NORMAL TANIYIR, NƏ DƏ...” - “Rusiya istəyir ki, “beşinci kolon” vasitəsilə prosesi pozsun”

Qabil Hüseynli: “Paşinyan Sarqsyanı, Koçaryanı və Ohanyanı Azərbaycana təhvil verə bilər”

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “AzPolitika”-ya müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqların perspektivi, Rusiya-Ermənistan münasibətlərinin gələcək taleyi, eləcə də regionda və dünyada gedən proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qabil bəy, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi gedir, Ermənistanda buna qarşı müxalifətin təşkil etdiyi aksiyalar keçirilir. Sizcə, bu etirazlar gələcəkdə delimitasiya prosesinə mane ola bilərmi?

- Düşünürəm ki, delimitasiya proseslərinə anklav bölgələrdən başlanması hər iki ölkənin əhalisinin əksər hissəsi tərəfindən razılıqla qarşılandı. Düzdür, Ermənistanda buna qarşı müxtəlif etirazlar təşkil olundu. Amma bunu edən Qarabağ klanının və Daşnaksütyun partiyasının üzvləridir. Digər tərəfdən, Nikol Paşinyan da bu məsələlərdə demokratiya və insan haqlarını həddən artıq nəzərə alaraq aranı qatanlara qarşı cidd tədbirlər görmürdü. Amma ötən gün axşamdan başlayaraq ciddi tədbirlərə start verildi, etirazçıların bir qismi həbs olundu, bir qismi də bölgədən çıxarıldı. Hazırda vəziyyət nisbətən sakitləşib. Həm də hər kəs gördü ki, sülh müqaviləsinin əsas dayağı hesab olunan delimitasiya prosesi artıq başlayıb.

- Azərbaycandan iki millət vəkili – Rasim Musabəyov və Anar İsgəndərov Başkəndin taleyilə bağlı ziddiyyətli fikirlər açıqlayıblar, ictimaiyyətdən onlara sərt təpki var. Bu açıqlamaları necə qiymətləndirirsiz? Ümumiyyətlə, 4 kənd qaytarıldıqdan sonra eksklav kəndlərin məsələsi hansı yolla həll edilə bilər?

- Anar İsgəndərov savadlı adamdır, amma səhvə yol verib. Rasim Musabəyova gəlincə, o, nə Azərbaycanı normal tanıyır, nə də həll proseslərinə müəyyən bir qatqı verəcək intellektual səviyyəyə sahibdir. Üstəlik, köhnə kommunistlər kimi torpaqların peşkəş edilməsi məsələsində soyuqqanlıdır.

Başkənd 1934-cü ilə qədər Gədəbəyin tərkibində azərbaycanlıların yaşadığı bir bölgə olub. 1934-cü ildə İosif Stalin və Lavrenti Beriyanın təkidi üzərinə ora erməni əhalisi köçürülüb və Başkəndin adı dəyişdirilərək Akşenavuz qoyulub. Yəni, burada həmişə erməni olmayıb. Eyni zamanda Başkənd Ermənistan sərhədindən təxminən 36 kilometr məsafədə yerləşir ki, bu da anklav anlayışına uyğun gəlmir. Başkənddə həm ermənilər, həm də azərbaycanlılar yaşayıb. Bu nöqteyi nəzərdən, Başkənd məsələsinin müzakirə predmeti kimi gündəmə gətirilməsinə əsas və ehtiyac yoxdur.

- Prezident İlham Əliyev bildirib ki, COP29-a qədər Azərbaycanla Ermənistan arasında ən azı çərçivə sazişinin imzalanması mümkündür. Rusiya və Qərbin müəyyən dairələri sülh prosesinə mane ola bilərmi?

- Rusiyaya qalsa, sülh müqaviləsinin imzalanmasına istənilən yolla mane olmağa çalışar. Amma indi bu gücü yoxudr. Təşəbbüs hazırda Qərbin, xüsusən də tərəflərin sərəncamına keçib. Hazırda ölkə rəsmiləri görüşür, prinsipial məsələləri razılaşdırırlar. Məsələn, Alma- Atada xarici işlər nazirlərinin görüşləri olacaq, orada sülh müqaviləsinin çərçivə prinsiplərinin razılaşıdırılması üzrə danışıqlar aparılacaq. Çərçivə prinsiplərinin bir çox müddəaları razılaşdırılıb. Tam şəkildə razılşma olarsa, sülhyaratma prosesi daha da sürətlənə bilər. Hesab edirəm ki, Azərbaycan ilə Ermənistan sülh müqaviləsinin sürətlənməsinin tərəfdarıdır və hər iki tərəf buna cəhd edir.

- Astanada xarici işlər nazirlərinin görüşü gözlənilir, bu görüşdən gözləntiləriniz nədir?

- Zənnimcə, Astana görüşləri uğurlu olacaq, sülhyaratma prosesinə töhfə verəcək. Onu da qeyd edim ki, hər iki ölkənin xarici işlər nazirlərinin səlahiyyətləri genişləndirilir. Onlara çərçivə prinsiplərinin razılaşdırılmasına dair qərarların qəbul olunması səlahiyyəti verilib. Onlar bu səlahiyyətlərindən istifadə edib, çərçivə sazişi ilə bağlı razılığa gələ bilərlər.

 

 

- Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi, Rusiya-Türkiyə Monitorinq Mərkəzinin ləğv olunması ümumilikdə Rusiyanın regiondakı mövqelərinə necə təsir edə bilər? Ermənistandan da Rusiya hərbi qüvvələrinin çıxmasını mümkün sayırsızmı?

- Ermənistanın qarşısındakı əsas məqsəd Rusiya Silahlı Qüvvələrini öz ərazisindən çıxarmaqdır. Artıq onlar Rusiya sərhəd qüvvələrinin çıxarılma prosesinə başlayıblar. İlkin olaraq “Erebuni” və paytaxtdakı hava limanında sərhəd xidmətini həyata keçirən 12 rus hərbiçisi və zabitinin çıxarılması, onların erməni həbçilərlə əvəz edilməsi Rusiya ilə razılaşdırılıb.

Amma Gümrüdəki 102-ci hərbi bazanın, eləcə də Ermənistanın Türkiyə və İranla sərhədə yerləşdirilən rus sərhəd qüvvələrinin ərazidən çıxarılması asan olmayacaq. Bunun üçün vaxt və lazımi şəraitin, yəni Ukrayna-Rusiya müharibəsindən sonra dünya nizamındakı arzu etdiyimiz dəyişikliklərin baş verməsi lazım gələcək. Ermənistan Rusiyanın bu ərazilərdən öz qoşunlarını çıxarmasını istəyir, həmçinin KTMT-dəki iştirakını dondurub. Sadəcə, Avrasiya İqtisadi Birliyində iştirak qərarını geri çəkməyib. Yəqin ki, Paşinyan təşkilatın bu günlərdə baş tutacaq iclasında iştirak edəcək. Bildiyiniz kimi, Paşinyanın 9 May - faşizm üzərində qələbə günündə iştirakı gözlənilsə də, o, Putinin andiçmə mərasiminə qatılmayacaq.

- Ümumiyyətlə, Rusiya-Ermənistan münasibətlərinin perspektivini necə görürsüz? Xatırlatdığınız kimi, Paşinyan Putinin inauqurasiya mərasimində iştirak etməyəcəyini bildirib, spiker Alen Simonyan Kremlin ünvanına sərt ittihamlar səsləndirir. Rusiyanın cəzalandırma aksiyaları ola bilərmi?

- Ermənistanla Rusiya arasındakı münasibətlər hər ötən gün bir qədər də gərginləşir. Bu iki ölkə arasındakı körpülərin demək olar ki, hamısı “yandırılıb”. Əlbəttə, burada Rusiyanın təqsiri az deyil. Rusiya Qarabağdan çıxardığı sülhməramlıların bir qismini Zəngəzur bölgəsinə yeridib. İndi “beşinci kolon”un nümayəndələri Rusiyanın iştirakı ilə Paşinyanın devrilə biləcəyinə dair ağızlarına gələni danışırlar. Rusiya “beşinci kolon”nun köməyi ilə Azərbaycanla Ermənistan arasındakı nizamlanma prosesinə qarşı çıxmağa çalışır. Nikol Paşinyan daha qəti addımlar ata bilər. Məsələn, Azərbaycan Serj Sarqsyan, Robert Koçaryan və Seyran Ohanyanı Xocalı qətliamının təşkilatçıları kimi tanıyır və hər üçünü də “İnterpol” xətti ilə axtarışa verib. İndi Ermənistanda aranı qatan da məhz bu 3 nəfərdir. Düşünürəm ki, Paşinyan “İnterpol” xətti ilə onları Azərbaycana verə bilər. Paşinyan ayağının altını “qazan” bu 3 şəxsi neytrallaşdırmalıdır. Əks təqdirdə onlar əvvəlki fəaliyyətlərinə davam edəcəklər. Doğrudur, Rusiya-Ermənistan münasibətləri indi kritik həddə çatıb, amma mən cəzalandırma tədbirlərinin olacağını düşünmürəm. Ermənilərlə ruslar arasında dini və digər məsələlər üzərindən davamlı münasibətlər olub. Nəzərə almaq lazımdır ki, Rusiyada 2,5 milyona yaxın erməni var ki, bu da Ermənistandakı əhali sayından daha çoxdur. Ona görə də bu məsələlər yavaş -yavaş öz axarına düşə bilər. Ermənistan Qərbyönümlü siyasət aparb Avropa İttifaqına üzv olduqdan sonra Rusiya ilə münasibətlərdə ehtiyatlı davranış xətti seçib, qarşıdurmalardan imtina edəcək. Rusiya isə o vaxta qədər “dincəldilmiş”, müharibədən məğlub çıxmış bir əyalət ölkəsi kimi qınına çəkilmək məcburiyyətində qalacaq.

- Rusiya-Ukrayna müharibəsinin hazırkı gedişatını necə dəyərləndirirsiz? Qərbin irimiqyaslı yardımları vəziyyəti yaxın zamanlarda dəyişə bilərmi?

- Rusiya-Ukrayna müharibəsinin hazırkı gedişi ilə bağlı illüziyalara qapılmağa ehtiyac görmürəm. Qərb Ukraynaya hərbi yardımını bərpa edib, daha dəqiq və öldürücü silahlar göndərməyə başlayıb. Məsələn, “ATACMS” raketləri, “Leopard” və “Chalanger”, “Abrams” tankları, “F-16”-lar, HHM sistemləri Ukraynanın əlini gücləndirəcək. Ukrayna artıq yaxın günlərdə Rusiya ilə Krımı birləşdirən “Krım körpüsü”nü vuracaq. Artıq körpüyə bir neçə zərbə endirilib, fəaliyyəti qismən dayanıb. Növbəti zərbələrdən sonra isə körpü tamamilə fəaliyyətini dayandıra bilər. Bundan sonra Ukrayna Krımı götürmək üçün əməliyyata başlaya və uğur qazana bilər.

Ukrayna Qərbdən silahlar gəldikən sonra hərbi hava qüvvələri, dronlar və lazım gəlsə “F-16”-larla Rusiya ərazisindəki strateji əhəmiyyətli obyektlərə basqınlarını davam etdirəcək. Bu sarıdan Rusiyanın müharibədə məğlubiyyətə uğrayacağını söyləmək mümkündür. Ən azından Ukrayna ərazilərindən geri çəkiləcəyi labüd görünür. Rusiya ciddi yara alacaq, bölgədəki vəziyyətə qarışmağa gücü qalmayacaq.

- Bu arada Gürcüstanda da müxalifət etiraz aksiyaları keçirilir, Qərbin təzyiqlərinə rəğmən hakimiyyət “Xarici agentlər haqqında” qanunu parlamentdən geri çəkmək istəmir. Qonşu ölkədə payızda keçiriləcək seçkilər ərəfəsində siyasi böhran dərinləşə bilərmi?

- Bidzina İvanişvili ayağını Gürcüstana qoyan gündən bu ölkənin bünövrəsi düzgün qurulmadı. O, qolunu çırmalayıb Gürcüstanı istismar etməklə məşğuldur. Üzüm emalı başda olmaqla, digər bütün müəssisələr İvanişvilinin nəzarətinə keçib. Hakimiyyətə gəlmək üçün 1 milyard dollar xərcləyib, əhalini ələ alıb, seçkini udan İvanaşvili indi azı 2-3 milyard pul toplayıb. Hazırda Gürcüstanda vəziyyət “tünddür”, əhalinin böyük hissəsi ayağa qalxıb. Üstəlik, prezident özü də müxalif yönlü biridir. İqtidarla prezident arasında ciddi uçurum var. İndi “Xarici agentlər haqqında” qanunu qəbul edib qeyri-hökumət təşkilatlarını sıxışdırmaq istəyirlər. Məqsəd bu yolla müxalifətin əsas dayaq bazalarını sıradan çıxarmaqdır. Amma düşünürəm ki, birinci dəfə olduğu kimi, bu dəfə də qanunu geri çəkəcəklər. İndi əhali etirazı daha güclüdür. Prezident də bu qanunun qəbul olunmasının insan haqlarına zidd olduğunu deyir. Biz Gürcüstan müxalifətinin gücləndiyini görürük. Bu gün Mixail Saakaşvilinin həbsdən azad olunma məsələsi də gündəmdədir. Prezident Salome Zurabişvili bu addımı atıb, Saakaşvilini həbsdən azad edə bilər. Bu, Gürcüstanda inqilabi şəraitin yetişməsinə, oktyabrdakı parlament seçkilərində müxalifətin qələbəsinə yol aça bilər. Bundan sonra Gürcüstanda İvanişvili kimi ölkənin qanını içənlərin həbsi və ya ölkədən qaçması gündəmə gələcək. Bu gün Gürcüstan xalqı ayaq üstədir və bu, onlara uğur gətirəcək.

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.227876