“Rasim Balayevin elədiyi kinomuza xəyanətdir” - Xalq artisti

2022-06-10 22:17:00

“Rasim Balayevin elədiyi kinomuza xəyanətdir” - Xalq artisti

Rasim Balayevin quruma sədr seçilməsi kinomuza nə vəd edir?

Bir müddət öncə Xalq artisti Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi kino xadimləri arasında yaranmış parçalanmanı daha da dərinləşdirdi. Bu sahəni yaxından bilməyən hər kəs Rasim Balayevin kinomuzun inkişafında rol oynayacağını düşündülər. Kino xadimlərimiz isə eyni fikirdə deyillər.

Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev mətbuata verdiyi açıqlamada Rasim Balayevin təyinatının heç nəyi dəyişməyəcəyini deyərək kəskin fikirlər səsləndirib:

“Faktiki olaraq ittifaqı başqaları idarə edəcək, Rasim Balayev isə viziti olacaq. Artıq kino aləmi parçalanıb və onu parçalayanın da adı məlumdur. Şəxsən mən həmin ittifaqın ideoloji düşməniyəm”.

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Lent.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudov balaca bir ölkədə onsuz da ölü vəziyyətdə olan kinomuzun iki ittifaqının olmasının yolverilməz və anlaşılmaz olduğunu söylədi.

“Mən ilk gündən bu məsələyə qarşı çıxan insanam. Öncə onu deyim ki, bu ictimai təşkilatların kinomuzun inkişafında heç bir rolu yoxdur. Onlar sənətkarlara ad verilməsi, istirahətə göndərilməsi, ev, maşın növbəsinə yazılması, xəstələnəndə müalicəsinin təşkili kimi işlərə baxırdı. Bu qurumların kinomuzun inkişafına heç bir təsir qüvvəsi yoxdur. Dövlət maliyyə ayırırdı, bu gün də hər iki quruma dövlət maliyyəsi var və rəhbərlər müəyyən imtiyazlardan yararlanırlar. Hər ittifaqın öz üzvləri var və bir-birlərinə ideoloji düşmən kimi baxırlar. Mən bu işə etirazını bildirmiş yeganə kino xadimiyəm. Ömrümün 61 ilini kinoya vermişəm. Bu gün də kinodayam. Rüstəm İbrahimbəyov Kinoittifaqı çapdı, taladı, dağıtdı, qoyub qaçdı. Mingəçevirdəki istirahət mərkəzimizi, “Dom Sovet”dəki otaqlarımızı əlimizdən aldılar. Haqında nə qədər cinayət işi açılmışdı. Getdi, dövlətə xəyanət etdi, ermənilərlə film çəkdi, sonra əlaqələrindən istifadə edib, cinayət işlərini də bağlatdırdı. Rüstəmə görə o ittifaqı dövlət bağladı. Onun yerində indi Şəfiqə xanımın rəhbərlik etdiyi qurumu yaratdılar. Rüstəm İbrahimbəyov geri qayıtdı, evində qurultay topladı. Evdə qurultay olur? Mən zəng vurub özünə də dedim, əhəmiyyət vermədi. Getdi, nə hoqqalardan çıxdı gəldi, yenə zərbə vurdu. Dövlətin bağladığı təşkilatı yenidən açdı və Rasim Balayev bu gün həmin təşkilatın başındadır”, - deyə Xalq artisti bildirdi.

Şeyx Əbdülün sözlərinə görə, həqiqəti danışdığı üçün ona düşmən kimi baxırlar:

“Ümumiyyətlə, kinonun sahibi rejissordur, kino xadimləridir, aktyorlar deyil. Aktyor filmə çəkilib çıxıb gedir, onun ittifaqa nə dəxili var? Rasim Balayevin elədiyi kinomuza xəyanətdir. Gərək bu işə razılaşmayaydı. Maraqlı qüvvələr var ki, bizi bir-birimizə qəsdən düşmən edirlər. Kinonun hesabına adam olmusunuz, kinonun. Gəlin yığılaq bir yerə, bir ittifaq olsun. Kino nə Rüstəmin, nə Şəfiqənin, nə mənim, nə də Rasimin dədəsindən qalmayıb. Rasim Balayev qoca vaxtında ayıb elədi, yenidən parçalanmağımıza səbəb oldu. Kino xadimləri arasında dərin umu-küsü, narazılıq, böhran yaranıb. Çox böyük maraqlar xatirinə bizi parçaladılar”.

Bax beləcə, iki ittifaq olsa da, bu kino xadimlərini ətrafında birləşdirmək əvəzinə ayrıseçkilik salır, narazılıqlar yaradır. Görünür, bu xəmir hələ çox su aparacaq. Məşədi İbad demiş, qızın iki adaxlısı var...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya