“Rasim Balayev məcbur qalıb, hər şeyə tüpürüb, gedəcək”

2022-05-12 23:04:00

“Rasim Balayev məcbur qalıb, hər şeyə tüpürüb, gedəcək”

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclasında qurumun sədrliyinə xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb. R.Balayev deyib ki, ayın sonunda  səsvermə olacaq:  “Hələlik mənim namizədliyimi təsdiq ediblər. Amma səsvermədə hər kəs iştirak etməlidir. İdarə Heyəti təklifi verir və on-on beş gündən sonra səsvermə olur. Səhhətimə görə mənim üçün ağır olan işdir. Amma bildirdilər ki, sizin üçün şərait yaradacağıq. Yəni məni razı saldılar. Fikrimcə, baş-başa verib işləmək olar. İdarə heyəti təklif irəli sürdü, səhhətimlə bağlı istədim boyun qaçıram, amma məni razı saldılar.”

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədr vəzifəsi Rüstəm İbrahimbəyovun vəfatından sonra (11 mart 2022-ci il) boş qalmışdı. Qurumun sədrliyi vəzifəsinə kimin gələcəyi ilə bağlı uzun müddət müzakirələr səslənirdi.

1963-cü ildən yaradılan qurumun İdarə Heyətinin üzvləri bunlardır: xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Məbud Məhərrəmov, Şükufə Yusupova, rejissorlar Mirbala Səlimli, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Ziya Şıxlınski, Əsəd Əsədov, Cəmil Fərəcov, Tahir Əliyev, Nizami Abbas, prodüser Lalə Əfəndiyeva.

O da məlumdur ki, ölkədə dövlətdən maliyyələşən daha ikinci kinoçular ittifaqı var – 2012-ci ildə yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı. Qurumun sədri xalq artisti Şəfiqə Məmmədovadır.

Maraqlıdır, Rasim Balayevin AKİ sədrliyinə gəlməsi iki qurum arasındakı soyuqluğu aradan qaldıra biləcəkmi? Ümumiyyətlə, Rasim Balayev təmsil edəcəyi quruma hansı yenilik və dəyişikliklər gətirə bilər?

Xalq artisti, tanınmış rejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ölkədə iki Kinematoqrafçılar İttifaqının olması bilirsiniz obrazlı şəkildə nəyə bənzəyir, sanki bir qadının iki əri var. Axı bu  haqda nə qədər danışmaq olar? Azərbaycanda nə qədər kino, kino studiyası var ki, iki kino ittifaqı olsun? Bilirsiniz, Rüstəm İbrahimbəyov illər sonra gəlib müxtəlif yollarla həmin ittifaqı yaratmışdı. Amma əsl ittifaq Həsən Seyidbəylidən, Lətif Səfərovdan qalan ittifaq idi. Rəhmətlik Rüstəm İbrahimbəyov həmin ittifaqı özəlləşdirməyə çalışırdı, amma nail olmadı. İllər öncə İbrahimbəyov həmin ittifaqı dağıdıb, satıb, çıxıb getmişdi. Sonra isə adından, nüfuzundan istifadə edib ittifaqın başına keçdi. Amma rəhmətlik gələndə gərək, iki ittifaq arasında barışıq edərdi və sairə. Dövlət yetkililələri də gərək deyə ki, “bu nədir, 3 cüt adam bir ittifaqda, 3 cüt də birində”. Hesab edirəm ki, dövlət bu parçalanmanı, ayrılmanı çox asan yolla həll edə bilərdi.

İndi Rüstəm dünyasını dəyişdikdən sonra həmin ittifaqın davam etməsi mənə bir qədər qaranlıq qalıb, başa düşə bilmirəm. Daha bir məsələ, bu ittifaq kinoçuların ittifaqıdır. Görmüşük ki, dünyanın hər yerinə ittifaqlara kinoçular rəhbərlik edir, artistlər yox. Artistlərin işi budur ki, ödənişlə gəlib kinoya çəkilirlər, bundan özlərinə reklam qazanıb, nüfuz-ad qazanırlar. Yəni artistlər kino istehsal etmir, kinonun ideologiyasının təbliğatı, təşkilatının onlara aidiyyəti yoxdur. O ki, qaldı nüfuza görə elə nüfuza görə də kino əmələ gəlmir. Kino sənətlə, sənətkarlıqla əmələ gəlir. Dünyanın hər yerində kino qurumlarına rejissorlar rəhbərlik edir. Digər qalan adamlar, o cümlədən operatorlar,  aktyorlar, digər texniki işçilər rejissordan asılı olan adamlardır. Ona görə də kinoya rejissorlar rəhbərlik edir və bir daha qeyd edirəm ki, dünyanın hər yerində də belədir. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, ölkədə ala-yarımçıq kinostudiya olsun, amma dövlətdən maliyyələşən kino ittifaqların sayı çox olsun. Bir dəstə bir tərəfdə, digər dəstə o biri tərəfdə qalıb. Hələ də anlaya bilmirəm ki, bu kinoda qarşıdurma yaradan kimlərdir.

Rasim Balayev mənim 40 illik dostdumdur, canım-ciyərimdir. Amma ürəyimdən çox keçirdi ki, Rasim Balayev qabağa çıxıb desin ki, hamı bir yerə yığışsın. O ittifaqda “qurdlar” var, hansı ki, onlar zamanında özlərinə yaxşı biznes qurublar və hələ də bu maraqlara xidmət edirlər. Heç bilirsiniz ki, o ittifaqda nələr olub, nələr... Danışılası, deyiləsi deyil. Hətta bir ara cinayət işi açılmışdı, məhkəmə də başlamışdı, lakin sonra nüfuz və addan istifadə edərək məsələni dayandırdılar. Həmin adamlardan hələ də qalan var. Ona görə də onlara vahid ittifaq, qurum lazım deyil, fürsətdən istifadə edib, qarşıdurma yaratmağa çalışırlar ki, öz işlərini görsünlər. Hesab edirəm ki, onlar Rasim Balayevin yaşından, səhhətindən istifadə edib, bu qarşıdurmaları daha da dərinləşdirəcəklər, Rasim müəllim də məcbur qalıb, hər şeyə tüpürüb, gedəcək”.

Kinotənqidçi, Kinematoqrafçılar İttifaqının əməkdaşı Sevda Sultanova isə məsələyə fərqli mövqe bildirdi: “İki kino ittifaqı arasında olan soyuqluğu problem kimi qəbul etmirəm. Çünki hər iki ittifaqın özünəməxsus konsepsiyası var və bu üzrə də fəaliyyət göstərirlər. Mənim əməkdaşlıq etdiyim Kinematoqrafçılar İttifaqının çox zəngin tarixi, keçmişi var. Və daha əsası, bizim gördüyümüz işlər konkret olaraq göz önündədir. Biz hər həftə Azərbaycan kinoteatrında kino çəkən gənclərin filmlərini nümayiş etdirir, onlara dəstək oluruq, həm də ölkəmizdə olan kino prosesinin ümumi analizini təqdim etməyə çalışırıq. Bu şəxsən mənim  öhdəmə düşən vəzifələrdən biridir. Artıq bizə gələn publikadan, müzakirələrin keyfiyyətindən, layihəyə olan maraqdan görürük ki, qarşımıza qoyduğumuz vəzifəni demək ki, layiqincə yerinə yetirə bilirik.

O ki, qaldı Rasim Balayevə, o, Azərbaycan Kinematoqrafçılar İttifaqının ən qocaman, prinsipial üzvlərindən biri olub və həmin qurumu heç zaman tərk etməyib. Həmçinin Azərbaycan kinosunun peşəkar aktyorlarından biridir. İnanıram ki, Rasim Balayev qurumumuza sədr gəldikdən sonra fəaliyyətimiz daha da yaxşılaşacaq və yeni bir keyfiyyət mərhələsinə qədəm qoyacaq”. \\Pravda


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya