Saat:20:02
Haqqımızda

Rasim Balayev İTV-dəki serialı yıxdı-sürüdü: “Sənət deyil, tərbiyəsizlikdir!”

2024-04-24 14:02:33

Rasim Balayev İTV-dəki serialı yıxdı-sürüdü: “Sənət deyil, tərbiyəsizlikdir!”

İctimai TV-nin efirində yayımlanan “Alatava” serialı marağa səbəb olsa da, ekran işini tənqid edənlər də artmaqda davam edir. 

Buna səbəb isə aktyor və ssenarist Əlixan Rəcəbovun layihəsində qeyri-etik ifadələrin tez-tez istifadə edilməsidir. 

Bir müddət öncə Xalq artisti Əli Nur da serialı sərt şəkildə tənqid etdi.

Bu dəfə isə müzakirələrə Xalq artisti Rasim Balayev qoşulub.

Yenisabah.az-a danışan aktyor bildirib ki, bu, reytinq qazanmağa hesablanmış addımdır: 

“Ekrandan söyüş söymək sənət deyil, tərbiyəsizlikdir. Ola bilər ki, başqa ölkələrdə ekran işlərində bu cür davranışlar qəbul olunur, amma bizdə olmamalıdır. Əksinə, biz insanlara mehribanlığı, səmimiyyəti təlqin etməliyik, hazırkı dövrdə yavaş-yavaş yoxa çıxan gözəl xüsusiyyətləri aşılamalıyıq. Biz gözəl şeyləri tərənnüm edən filmlər, serillar çəkməliyik. Söyüş, ara sözlər, jarqonlarla dolu layihələrə ehtiyac yoxdur. 

Bu, həmin serialı çəkənlərin reytinq qazanmaq üçün atdığı və müəyyən kütləyə hesablanmış bir addımdır. Belə seriallar əqli cəhətdən gerizəkalı insanlar üçündür”.

Sənətçi bu cür serilların efirdən yayımlanmasının əleyhinə olduğunu qeyd edib: 

“Belə layihələr çəkilsə belə, onları ekrana buraxmaq olmaz! Bu məsələdə telekanalların üzərinə də məsuliyyət düşür. Telekanalların bir başçısı olmalıdır, nəzarət etməlidirlər, qanun, qayda olmalıdır. Bir deyən olmalıdır ki, ay balam, bura efirdir, bu kanala arvad, uşaq, yeniyetmələr baxır. Bizim milli-mentalitetimiz var, Azərbaycanda yaşayırıq, müsəlmanıq, belə şeylər bizə yaddır. Söyüşü heç küçədə istifadə etmək olmaz, sən isə söyüşü ekrana çıxarırsan... Bu nə deməkdir? Bu guya sənət əsəridir?! Gedin, işinizlə məşğul olun! Serial, film çəkə bilmirsiniz, söyüşlə, jarqonla kimi aldatmaq istəyirsiniz? Bununla kimin yanında xal qazanacaqsınız? Olmaz! Ayıbdır! 

Ona görə bu cür ekran işləri böyük kütlə tərəfindən sevilmir, baxılmır, onlara nifrət olunur. Bu cür seriallara gerizəkalılar baxır, layihəni də məhz onlara hesablayıblar”. 

Qeyd edək ki, İTV-də yayımlanan “Alatava” serialında Əməkdar artistlər Abbas Qəhrəman, Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Kamran Ağabalayev, Azər Aydəmir, İlkin Xəlil, aktrisalar Zemfira Əbdülsəmədova, Fəridə Şahbazova, Rumiyyə Ağayeva, Aydan Həsənzadə yer alır. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.212510