Saat:18:23
Haqqımızda

Ramiz Zeynalova məxsus 156 evakuasiya xidməti VƏTƏNDAŞA KÜLLİ MİQDARDA ZİYAN VURUB

2023-03-14 10:39:00

Ramiz Zeynalova məxsus 156 evakuasiya xidməti VƏTƏNDAŞA KÜLLİ MİQDARDA ZİYAN VURUB

Şirkətin əməkdaşı Siyasət Niftəliyevin yeni bulduzerini aşıraraq texnikanı istifadəyə yararsız hala salıb

"Daşınan avtomobillərin təhlükəsizliyindən əmin olmağınız üçün korporativ zəmanət veririk" şüarı ilə fəaliyyət göstərən şirkət bütün məsuliyyəti sürücünün üzərinə atmaqla müştəriyə dəymiş ziyanı ödəməkdən boyun qaçırır

Bugünlərdə "Hürriyyət"in redaksiyasına 156 evakuasiya xidməti ilə bağlı şikayət daxil olub. Mətləbə keçməzdən öncə qeyd edək ki, ofisi Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva 55 ünvanındakı "Yeni Həyat Plaza" biznes mərkəzində yerləşən 156 evakuasiya xidməti 2011-ci ildən fəaliyyət göstərir. Adıçəkilən şirkət müştərilərə müasir texniki göstəriciləri olan evakuasiya avtomobilləri ilə evakuasiya, ağırtonnajlı yüklərin və konteynerlərin daşınması, batmış avtomobillərin çıxarılması xidmətlərini təklif etsə də, real mənzərə, ən azından redaksiyamıza müraciət edən vətəndaşın şikayəti bunun tam əksini deməyə imkan verir.

156 evakuasiya xidməti müştərilərin yüklərini vaxtında və təhlükəsiz ünvana çatdırılmasıyla bağlı vədinə əməl etmir

Belə ki, bazarda rəqabət üstünlüyünü müştəri məmnuniyyəti, ən aşağı tariflər, daşınan avtomobillərə korporativ zəmanət və korporativ məsuliyyət, güclü keyfiyyət nəzarət sistemi üzərində qurduğunu iddia edən 156 evakuasiya xidmətinin əməkdaşı buyaxınlarda, daha dəqiq desək, fevralın 27-də Siyasət Cəfər oğlu Niftəliyevə məxsus bulduzeri aşıraraq adəçəkilən vətəndaşa külli miqdarda maddi ziyan vurub. Hadisənin gündüz saat 4-də baş verdiyini deyən şikayətçinin sözlərinə görə, o, müştəri qismində 156 evakuasiya xidməti ilə əlaqə saxlayaraq, 42 ton çəkisi olan "Daewoo" markalı bulduzerini Əhmədli qəsəbəsindən Sumqayıta aparmaq istədiyini bildirib. Eyni zamanda, ona məxsus olan texnikanın yeni olduğunu və bu səbəbdən də şirkətin yolda baş verə biləcək har hansı hadisəyə görə sığortanın olub-olmaması, yəni adıçəkilən şirkətin yüklərin sığortalanmasını həyata keçirib-keçirməməsi ilə maraqlanıb. Şirkətin xanım əməkdaşı isə ona "156 evakuasiya xidmətinin müştəriləri yüklərinin vaxtında və təhlükəsiz ünvana çatdırılmasından əmin ola bilərlər. Müəllim, əgər texnikada problem yoxdursa, sığortalı şirkətdir. Operator özü yükləyib özü boşaldacaqsa, problem yoxdur, sığortalı şirkətdir", deyə cavab verib.

Siyasət Niftəliyevin külli miqdarda ziyana düşməsiylə nəticələnən olay adıçəkilən şirkətin nəinki 80 ton, heç 42 ton çəkisi olan bulduzeri təhlükəsiz daşımaq qabiliyyətində olmadığını sübuta yetirib

Beləcə, Siyasət Niftəliyev şirkət tərəfindən daşınan yüklərin sığortalandığını dəqiqləşdirdikdən sonra 156 evakuasiya xidmətinə etibar edib. Lakin onun bulduzeri qeyd olunan tarixdə Binəqədi rayonu Evtikmə kombinatına (DSK) gedən yolda qəza nəticəsində sözügedən şirkətin evakuasiya avtomobilindən yerə düşüb. Nəticədə bulduzer istifadəyə yararsız hala düşüb, onun sahibinə isə təxminən, 20-30 min manat civarında ziyan dəyib. Məsələnin maraqlı tərəfi ondadır ki, hadisədən sonra 156 evakuasiya xidmətinin nümayəndəsi "Bunun günahı bizdə yox, sürücüdədir" deyərək, məsuliyyətdən kənar durmağa çalışıblar. Qeyd edilib ki, sürücünün 5 min manatlıq sığortası var. Sığorta şirkəti isə buldozer sahibinə "5 min manatı ödəyəcəyik, burda heç bir problem yoxdur, lakin bundan sonrası bizlik deyil", deyə cavab verib. Halbuki, "Dəqiqlik şirkətimizin əsas devizlərindən biridir" şüarı ilə müştəri cəlb edən 156 evakuasiya xidməti yük daşınması zamanı mütləq yükləri sığortalanmalı və bununla da bütün məsuliyyəti üzərinə götürməlidir. Lakin Siyasət Niftəliyevin üzləşdiyi hadisə belə deməyə imkan verir ki, 1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışan Ramiz Zeynalova məxsus olduğu bildirilən 156 evakuasiya xidməti müştərilərin yüklərinin vaxtında və təhlükəsiz ünvana çatdırılması istiqamətində ən adi qaydalara belə, əməl etmir. Halbuki, şirkətin rəsmi saytında - evakuasiya.az-da iddia olunur ki, 156 evakuasiya xidmətinin evakuatorları 80 tona qədər olan yükləri rahatlıqla və təhlükəsiz şəkildə daşıya bilir. Siyasət Niftəliyevin külli miqdarda ziyana düşməsiylə nəticələnən olay isə adıçəkilən şirkətin nəinki 80 ton, heç 42 ton çəkisi olan "Daewoo" markalı bulduzeri təhlükəsiz daşımaq qabiliyyətində olmadığını sübuta yetirib.

156 evakuasiya xidməti baş vermiş hadisəyə görə bulduzer sahibinə dəymiş ziyanı, üzərinə götürdüyü öhdəliklər çərçivəsində, yəni "Zəmanətli evakuasiya! Daşınan avtomobillərin təhlükəsizliyindən əmin olmağınız üçün korporativ zəmanət veririk" vədinə əməl edərək, tam şəkildə ödəməlidir

Hələ bu, azmış kimi Ramiz Zeynalova məxsus olduğu iddia edilən və "Zəmanətli evakuasiya! Daşınan avtomobillərin təhlükəsizliyindən əmin olmağınız üçün korporativ zəmanət veririk" şüarı ilə fəaliyyət göstərən 156 evakuasiya xidməti müxtəlif yollara baş vuraraq, əsasən də bütün məsuliyyəti sürücünün üzərinə atmaqla müştəriyə dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Daha dəqiq desək, şirkət problemin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası çərçivəsində həll etməyə, yəni sığorta şirkəti vasitəsiylə buldozerin sahibinə 5000 manat ödənilməsi ilə yoluna qoymağa çalışır. Bu isə "İcbari sığortalar haqqında" Qanunun tələblərinə tamamilə ziddir. Belə ki, qeyd olunan qanunun 50-ci maddəsində deyilir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Yəni, üçüncü şəxslərə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri bu cür müəyyənləşdirilir: Fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50000 manatdan çox olmamaq şərti ilə bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Bundan başqa, qanunun 52-ci maddəsində isə bildirilir ki, avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Odur ki, avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir.

Gördüyünüz kimi, "İcbari sığortalar haqqında" Qanunun müvafiq maddələri də təsdiqləyir ki, Siyasət Niftəliyevə məxsus olan, 156 evakuasiya xidmətinin evakuatoru tərəfindən daşınarkən qəza nəticəsində istifadəyə yararsız hala düşən "Daewoo" markalı bulduzer yol hərəkətində birbaşa iştirak etmədiyindən adıçəkilən şirkətin problemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası çərçivəsində həll etməyə çalışması tamamilə absurddur. Odur ki, Ramiz Zeynalova məxsus olduğu iddia edilən 156 evakuasiya xidməti baş vermiş hadisəyə görə bulduzer sahibinə dəymiş ziyanı, üzərinə götürdüyü öhdəliklər çərçivəsində, yəni "Zəmanətli evakuasiya! Daşınan avtomobillərin təhlükəsizliyindən əmin olmağınız üçün korporativ zəmanət veririk" vədinə əməl edərək, tam şəkildə ödəməlidir.

Sonda onu da nəzərinizə çatdıraq ki, məsələylə bağlı 156 evakuasiya xidmətinin yetkili şəxsləri ilə əlaqə saxlamağa çalışsaq da, bizdən asılı olmayan səbəblər üzündən bu, mümkün olmadığından qarşı tərəf kimi onların mövqeyini öyrənə bilmədik. 

"Hürriyyət"in Araşdırma Qrupu

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR