Saat:20:05
Haqqımızda

Ramiz Rzayevin dirənişi: Üç gün əvvəl demişdi ki...

2023-03-07 11:46:00

Ramiz Rzayevin dirənişi: Üç gün əvvəl demişdi ki...

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb. Bu məqsədlə Ali Məhkəmənin inzibati binasında vida mərasimi təşkil olunub və R.Rzayev 18 il rəhbərlik etdiyi kollektivlə vidalaşıb. 

Hurriyyet.az xəbər verir ki, tutduğu yüksək postla vidalaşmaq heç də R.Rzayevin ürəyincə olmayıb. O, hələ bir müddət vəzifəsinin icrasını davam etdirmək arzusunda olub və bunu ötən həftə açıq şəkildə dilə gətirib.

Belə ki, keçmiş sədr fevralın sonlarında mətbuata verdiyi açıqlamasında səlahiyyət müddəti bitsə də, vəzifədən getmək məcburiyyətində olmadığını deyib. R. Rzayev hüquqşünas fəhmi ilə iddia edib ki, 2015-ci ildə qəbul edilmiş qanun ona şamil oluna bilməz. 

Qocaman hüquqşünasın fikrincə, onun istefasını qaçılmaz edən məlum qanunda yaş həddi 66-dan 68-ə qaldırıldığı üçün o, hələ 2 il vəzifəsinin icrasını davam etdirə bilər. Ali Məhkəmə sədrinin bu açıqlamasından cəmi bir neçə gün sonra istefaya getməsi çoxsaylı suallar doğurub. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, hakim komandanın ən stajlı simalarından olan R.Rzayev çoxdan arzuedilməz şəxs elan olunmuşdu. R.Rzayevin Ali Məhkəməyə rəhbərlik etdiyi 18 il ərzində (2005-2023) bu qurumun imicinin sürətlə mənfiyə doğru dəyişməsi, o cümlədən, məhkəmə orqanlarına etimadın itməsi hakim dairələrdə narazılığa səbəb olmuşdu. 

Son illər Avropa Məhkəməsində Azərbaycan əleyhinə çıxarılan qərarların sayının artması qocaman sədrin əvəzlənməsini labüd etmişdi. R.Rzayevin və rəhbərlik etdiyi qurumun yarıtmaz fəaliyyəti üzündən Azərbaycan mütəmadi olaraq beynəlxalq təşkilatların təzyiqinə məruz qalır, insan hüquq və azadlıqlarına dair hesabatlarda ölkəmiz ən son sıralarda qərarlaşırdı. Məhkəmə orqanlarındakı özbaşınalıq beynəlxalq aləmdə Azərbaycanın mənfi imicini formalaşdırdığı üçün bu qurumun rəhbəri barədə qərar qəbul etmək artıq qaçılmaz olmuşdu. 

Məlumatlara görə, qocaman sədr hakim komandada ondan daha yaşlı şəxslərin olduğunu əsas gətirərək vəzifəsini qorumaq üçün xeyli səy göstərib. Buna baxmayaraq, onun qarşısında “yaşıl işıq” yandırılmayıb. R.Rzayevə ömrünün qalan hissəsini nəvə-nəticəsinin əhatəsində keçirmək tövsiyə olunub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR