Saat:13:14
Haqqımızda

RAMİZ MEHDİYEVİN HÖRÜMÇƏK TORU... 

2022-01-21 19:26:00

RAMİZ MEHDİYEVİN HÖRÜMÇƏK TORU... 

Deyəndə ki,  Azərbaycan Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin yeri deyildi, məni prezidentin qərarına qarşı çıxmaqda günahlandıranlar oldu. Halbuki belə bir niyyətim və məqsədim olmayıb. Lakin EA-na prezident təyin olunduğu gündən buranı intriqa yuvasına, siyasi  münaqişələr mərkəzinə çevirdiyi gözlər önündədir. Sadəcə vətəndaş möveyimi bildirirəm. 

Onun akademiyada növbəti hədəfi  tarix institutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürovdur. Bu adamla həyatda bir dəfə belə üz-üzə gəlməmişik. Hətta uzaqdan-uzağa kiçik bir salam-əleykümümüz də olmayıb ki, kimsə bu müdafiəyə görə konkret irad tutsun. Kərim Şükürovu Azərbaycan tarix elminin tədqiqatçısı olaraq qələmə aldığı maraqlı və diqqətçəkici məqalələri ilə tanıyıram. Güman etmirəm ki, o da Ramiz Mehdiyev kimi yazılarını başqalarına yazdırır... 

65 yaşındayam artıq. Birincisi, bundan sonra başqa siyasi mövqe dalınca qaçmaq mənə yaraşmaz. İkincisi, hazırkı hakimiyyətin əleyhinə siyasi fəaliyyətlə məşğul olub böyük şəxsiyyət kimi qəbul etdiyim Heydər Əliyevə, onun bu günkü siyasətini davam etdirən və 44 günlük müharibədə düşmən üzərində zəfər qələbəmizi təmin edən Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə qarşı xəyanət olardı. İctimai rəy ola bilsin, bu fikrimi yaltaqlıq, yarınmaq kimi qəbul etsin və iqtidarı istəməyən, onun siyasi xətti ilə barışmayanlar üzərimə gəlsinlər. Halbuki prezident İlham Əliyevdən götürdüyüm yaxşılıqlar müqabilində aldığım zərbələr ölçüyəgəlməzdir. Buna baxmayaraq bu gün onu əvəz edəcək başqa birisini görmürəm. 
Başıma açılan oyunların bir sirri-sədası yoxdur. Nə etməli ki, inandırdılar prezidenti!!!Sarsıdıcı zərbələrin böyük qismi bu gün EA-nın başına turp əkən Ramiz Mehdiyevlə Əli Həsənovun dövlət başçısının fikrini dəyişdirmək və bir az da münasibəti qəlizləşdirmək üçün kürəyimə yüklədikləri yalan və böhtanlar hesabına əmələ gəlmişdir. Odur ki, Ramiz Mehdiyev mövzusuna tez-tez müraciət etməyimin məntiqini kənarlarda yox, məhz zəhərli "Hörümçək" torunun özündə axtarmalıyıq. Hazırkı nazirlərdən biri də Allahını itirərək barəmdə prezidenti həqiqətdən kənar məlumatlarla necə deyərlər, təmin etmişdir. Dərd etmirəm. Və ümummilli lider Heydər Əliyevin ölkənin rifahı və sabitliyi naminə əmanət qoyub getdiyi siyasətin davamını  gözləyirəm. Ancaq zamanı gələcək ki, hörmətli İlham Əliyev onu "Heydər Əliyev"ordeni ilə təltif etməsinə  heyfsləndiyini ifadə edəcəkdir. Axı o, bu adamın hansı savada, hansı strateji, fəlsəfi düşüncəyə malik olduğunu hamıdan yaxşı və dərinliyinə qədər bilirdi. Ramiz Mehdiyevin hansı zəkaya, hansı dərrakəya yiyəlik etdiyi  Bakı Ali Partiya məktəbində oxuduğum illərdən mənə də tanışdır. O zaman fəlsəfə elmləri namizədi idi. Allah qəni-qəni rəhmət eləsin Ulu Öndəri!!! Nə ixtiyarı vardı ki, dövlət işinin başdan daşdığı günlərdə dövlət işini kənara tullayıb kabinetdə hansısa elmi yaradıcılıqla(?) məşğul olsun. Dərsini həmən elə verərdi ki, Mehdiyevin yanından bir Mehdiyev də çıxardı... 

Səmimiyyət nə deməkdir, onun fəlsəfi leksikonuna yaddır. Tutalım, dövlət başçısı yaşını, saç-saqqalını nəzərə alıb çox da dərinə getməyib, bəs sənin özünə nə gəlib!? Əslində İlham Əliyev yaşca böyük vəzifəli şəxslərə qarşı bir qədər humanist idi. Ramiz Mehdiyev bu sırada birinci dayanırdı. Başqaları da var. Elələri də olub ki, özünü çox arxayın və yekəxana apardıqlarına görə prezidentin sərt qərarları ilə üzləşiblər. Bu mənada dövlət başçısının mövqeyi yalnız müdafiə olunmalıdır. 

Məncə, Ramiz Mehdiyevə edilən güzəştlər artıq kifayətdir. Akademiyanı dağıdır. Qarşısı alınmadıqca özünü toxunulmaz hesab edir və istədiyi işi arzusuna uyğun olaraq düzüb-qoşur. Baxın ailəsinə. Oğlu generaldı. Xalq nə bir dəfə üzünü görüb, nə də bir dəfə səsini eşidib. Qızı BDU-nun psixologiya kafedrasının müdiri, "azərbaycanlı" həyat yoldaşı BDU-nun riyazi hesablama kafedrasının müdiri vəzifələrində çalışırlar. İşin tərsliyindən  "doğma"dilində bir kəlmə kəsə bilməsə də Azərbaycan dilli auditoriyaya daxil olub mühazirə oxuyur!!! Məəttəl, qalmalı işdir... 

Nəhayət, AMEA-nın alimlərinə, hörmətli akademiklərinə, professor heyətinə  müraciət edirəm. İllərlə can qoyduğunuz elmi məbədgahı bu zalimin cəngindən tezliklə qurtarın. Yoxsa gözünüzü bir də açacaqsınız ki, akademiyada lələ köçüb yurdu qalıb. Hamı hamıyla düşmən kəsilib. Azərbaycan elmini hörümçək torunun banisindən tezliklə xilas etməyi sizlərin hər birinizdən xahiş edirəm.


P.S.   AMEA-nın rəhbəri iddiasından geri durdu və akademiyanın  Rəyasət Heyətinin növbədənkənar iclasını çağıraraq tarix institutunun baş direktoru Kərim Şükürovun istefa ərizəsi müzakirə edilmiş və geri qaytarılmışdır. Ancaq K.Şükürov arxayınçılıq hissinə qapılmasın. HÖRÜMÇƏK çox kinli qərəzlidir.

 

 

Eldar SABİROĞLU,

Sabiq millət vəkili, ehtiyatda olan polkovnik

Hurriyyet.az


    

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR