Saat:20:55
Haqqımızda

Ramiz Mehdiyevin dövründə AMEA-da 101 milyon necə yeyilib? - Professordan ilginc ittihamlar

2022-05-23 15:24:00

Ramiz Mehdiyevin dövründə AMEA-da 101 milyon necə yeyilib? - Professordan ilginc ittihamlar

Azərbaycan Milli Elmlər Akademiyasının və onun tabeliyində olan 46 elmi tədqiqat müəssisələrinin və təşkilatlarının xərc sifarişləri əsasında 101,0 milyon manat məbləğində vəsait yönəldilib.

Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb. Hesabatda qeyd edilir ki, bu, proqnoza nisbətən 15,7 milyon manat (13,5 faiz) az, 2020-ci illə müqayisədə isə 1,5 milyon manat və ya 1,5 faiz çoxdur. Elm xərcləri üzrə icra faizinin aşağı olmasına əsasən əməyin ödənişi xərcləri (12,6 milyon manat və ya 14 faiz az) və malların (işlərin və xidmətlərin) satın alınması xərcləri üzrə (2,8 milyon manat və ya 15,4 faiz az) nəzərdə tutulmuş vəsaitin az icra olunması təsir göstərib.

Azərbaycan Milli Elmlər Akademiyasının təqdim etdiyi məlumatlarda 2021-ci ildə Akademiya üzrə əməyin ödənişi bölməsində nəzərdə tutulmuş xərclərin az icra olunmasına əsas səbəb Akademiyanın tabeliyində olan elmi müəssisələrinin ştat vahidləri, eləcə də həqiqi və müxbir üzvlər üçün müəyyən olunmuş say həddi daxilində vakant yerlərin olması göstərilib.

Qeyd edək ki, “2021-ci dövlət büdcəsinin icrasına dair illik hesabat”ına baxdıqda da maraqlı fakt ortaya çıxır. Belə ki, AMEA-nın ötənilki xərclərinin 101 milyon manat olması maraq doğurur. Son illər AMEA tərəfindən elmin inkişafına dair heç bir fakta rast gəlinməsə də demək olar ki, Akademiya ancaq qalmaqallarla yadda qalır. AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin ətrafında baş verən hadislər bunun sübutudur.

Xatırladaq ki, bugünlərdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, mərhum Prezident Əbülfəz Elçibəyin qardaşı qızı Səadət Məmmədova işdən çıxarılıb. Bunun səbəbi kimi muzeyin yetkilisi bildirib ki, Attestasiya Komissiyasında Səadət Məmmədovanın işi yerinə yetirmədiyi məlum olub.

Bəs AMEA-da heç bir elmi nailiyyət əldə edilmirsə, elmin inkişafı üçün ayrılmış milyonlar nəyə sərf olunub? Dia.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov Cebhe.info-ya bildirdi ki, AMEA-da elə bir ixtira, ciddi nailiyyət yoxdur, ancaq nəinki 100 milyon, daha artıq vəsaitlər xərclənib:

“Yalnız 1 il deyil, son 5 ildə AMEA-ya nə qədər vəsait ayrılıbsa, yoxa çıxıb. Çox sayda qrant mənimsəmələri olub, heç bir iş görülməyib. Yaxud son 10 ili götürsək, dəhşətli bir statistika alınır. Dövlət tərəfindən bu qədər vəsait ayrılır, ancaq AMEA-da ciddi işlər görülmür. Əksinə, daha çox saxta işlər görülür. Məsələn, dünya elminin nailiyyətlərini Azərbaycan dilinə tərcümə etməklə bağlı milyonlarla vəsait ayrılır, heç bir nəticə əldə edilmir. O vəsaitin hara getdiyi soruşulmur. Hər zaman demişəm ki, AMEA-ya ayrılan ayrılan milyonlar boşuna gedir. Yaxud da bir neçə akademikin varlanmasına, işbazların həmin vəsaiti mənimsəməsinə səbəb olur”.

Həmsöhbətimiz araşdırma aparılmasının vacibliyini bildirib:

“Qrantların nəticələrini ortaya qoysunlar, araşdıraq və tədbir görülsün. O zaman görərik ki, heç bir iş görülməyib. Bunun adını məsuliyyətsizlik, fırıldaq, vidcansızlıq qoymaq olar, ancaq burada real işdən söhbət getmir. Məsələn, mən Dilçilik İnstitutunda çalışıram və illər uzunu zəhmət çəkib Mirzə Kazımbəyin “Qrammatika” əsərini 2017-ci ildə şərh, tərtib etdim və yenilik kimi bütün akademiklər tərəfindən qitmətləndirildi, böyük əks-səda doğurdu, hətta xaricdən də sədası gəldi. Ancaq o işə AMEA tərəfindən o işə heç bir qiymət verilmədi. Onun müqabilində başqa, sadə bir işə akademik İsa Həbibbəyli və Möhsün Nağısoylu xeyli dövlət vəsaiti xərclədilər. Üzərindən 5-6 ay keçəndən sonra məlum oldu ki, iş plagiatdır, oğurluqdur, köçürmədir. Biabırçılıq oldu, bunun haqqında da heç bir tədbir görülmədi. Yəni dövlətə xidmət edən elmi fəaliyyətə heç bir qiymət verilmir. Burada şəxsə xidmət edən, şəbəkə, qrup maraqları var. Dövlətin və xalqın marağı üçün heç nəyə sərf olunmur, elmin inkişafına xidmət eləmir. Bu mənada nəinki 101 milyon, heç 1 milyon da ayırmaq düzgün deyil”.
Professor təklif edib ki, əmək haqqı verilsin, ancaq Azərbaycan da sosial dövlət kimi tanınsın:

“Məsələn, desinlər ki, 10 min insana Azərbaycan hökuməti sosial müavinət verir. Maaşı sosial müavinətə çevirsinlər. Yoxsa burada ölkənin inkişafına, iqtisadiyyatına, mənəviyyatına nə veriilir? Hansı inkişaf təqdim olunur ki, biz neçə illər onun bəhrəsini görək. İş görmək istəyənləri də sıxışdırırlar, çörəklə imtahan edirlər. Ya marağa xidmət etməlisən, ya bu məşəqqətlərə dözməlisən, ya da uzaqlaşıb getməlisən. Ona görə də bu gün AMEA-ya milyard da da ayrılsa, o dövlətin, xalqın yox, ayrı-ayrı şəxslərin marağına xidmət edəcək. Əgər işə sərf olunmursa, dövlət o vəsaiti niyə ayırmalıdır? Hansı orta dərəcədə inkişaf etmiş dövlətdə belə bir ənənə var? Yoxdur. Əgər saxtakarlıq edib, dövlətə kələk gəlirsənsə, “Al, bu da sənin töhmətin, cəzan, bütün ictimaiyyət bunu bilsin” deyilməlidir. Bizdə o ənənə olmadığı üçün mən gözləmirəm ki, gələcək nəsil nəsə etsin. İnanmıram, çünki pis bir ənənədir, cəza verilmir, sındırılmır və bu bir növ stimullaşdırılır. Dövlətin ayırdığı o vəsaiti mürtəce ənənəni stimullaşdırması kimi qiymətləndirirəm”.

Professorun sözlərinə görə, AMEA-da fikirləşirlər ki, əgər elmi dərəcə alırsa, hansısa yolla özünə pul çıxaracaq:

“Elmə xidmət yox, məqsəd sadəcə artıq pul qazanmaqdır. Məsələn, hamı ya rüşvət, alıb-aldatmaq, məsələn, kimlərəsə saxta dissertasiyalar kimlərəsə yazmaq, saxta dissertasiyaları təsdiqlədib elmi dərəcə almaq yolunu fikirləşir. Nəticədə elm başsız qalır. Nəinki kimya, fizika sahəsində, elə humanitar sahədə də vəsait ayrılanda inkişaf etmiş dövlətlərdə nəticəsi ortada olur. Biz bu gün görürük ki, məsələn, humanitar sahədə nəzəriyyələrin hamısı Qərbdən gəlir. Bizdə onların nəzəriyyəsindən, ordan-burdan oğurlayıb, üzünü köçürüb elmlər namizədi, elmlər doktoru oluruq. Stimullaşma yoxdur, bunu da istəmirik. Pis vərdişimizdən ayrılmaq istəmirik. Ayrılmaq istəsək inkişaf olar. Bizdə o istək yoxdur. Hansı akademik təşəbbüs göstərib ki, gəlin, rüşvətdən əl çəkək? Görməyəcəksiz. Heç biri də səsini çıxarmır. Çünki belə sərf edir. Ancaq dövlətdən daha artıq vəsait qoparmağa çalışırlar. Sevinirlər ki, bu il bu qədər qopardıq, tez birləşək, şəbəkəyik, yeyək, aradan çıxaraq. Kəmiyyət etibarilə ortada minlərlə kitab var, biri mininə, mini də birinə dəyməz.

Bu gün dilçiliyimizi alimlərdən qorumaq məcburiyyətində qalmışıq. Dili korlayan ilk növbədə elə dilçilərdir. Orfoqrafiyanı, orfoepiyanı kim bu günə qoyub? Elə dilçilər. Yüzlərlə tərcümə olan əsərlər var, oxuyun, görün, bir cümləni başa düşəcəksiniz. Azərbaycan dilində nə sintaksis var, nə üslubiyyət var. Sadəcə üzərinə cild vurublar, yüz milyonlarla vəsait mənimsənilib. Fikrimcə, əgər cəzalandırma olmasa, deməyin heç bir faydası yoxdur. Bu, boş sözdür, onlar da buna öyrəşiblər, deyirlər ki, nə qədər tənqid edirsizsə edin, biz öz işimizdə olacaq, pulları alacaq, yiyəcəyik. Bu gün AMEA sadəcə elmi dərəcə alan, vəsait mənimsəyən bir quruma çevrilib. Gətirsinlər əks arqument qoysunlar ki, belədir. Mən için içindəyəm və görürəm ki, əsil iş qiymətləndirilmir. Mənimsədikləri pula haqq qazandırmaq istəyirlər”.

Dia.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR