“Ramiz Mehdiyevin başçılıq etdiyi qrup hərəsi bir dərədə...”

2022-06-16 11:51:00

“Ramiz Mehdiyevin başçılıq etdiyi qrup hərəsi bir dərədə...”

“Kinematoqrafımızın qaymaqları Azərbaycan Kinematoqrafçılar İttifaqında birləşib. Belə də olmalıdır. İdeyası Cəfər Cabbarlı tərəfindən yaranmış, 1963-cı ildə Lətif Səfərov tərəfindən təməli qoyulmuş bir ittifaqdır.

Təəssüf ki, biz böyük sənətkarımız Rüstəm İbrahimbəyovu itirdik. İttifaq başsız qala bilməzdi. Heç kim heç kimi əvəz etmir. Rüstəm müəllimi əvəz etmək mümkün deyil. Amma Rasim Balayevi də əvəz etməz mümkün deyil. Hər bir insan əvəzsizdir. Mənə görə insanları müqayisə etmək zərərli vərdişdir”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlu Teleqraf.com-a müsahibəsində deyib.

Baba Vəziroğlu qeyd edib ki, Kinematoqrafçılar İttifaqının əvvəl katibliyi, daha sonra geniş tərkibdə heyəti toplanaraq qərara gəldi ki, alternativsiz Rasim Balayevin namizədliyi irəli sürülsün: 

“Rasim Balayev səhhəti ilə bağlı çox tərəddüd edirdi. Amma biz ona dedik ki, sən uzun illər kinoya xidmət etmisən, bundan sonra kənara çəkilməyə haqqın yoxdur. İndi də gəl, kinonun mərkəzində ol, kino ailəsinə başçılıq elə. Sənə çox əziyyət verməyəcəyik. Sən sadəcə rəhbərliyini elə, katiblikdə Anar müəllim, kino məktəbinin rəhbəri Oleq Səfərəliyev, Mədəniyyət Nazirliyində uzun illər kino işlərinə nəzarət edən şöbənin müdiri Cəmil Fərəcov, mən, illərin ən gözəl kino ulduzlarından biri Həmidə Ömərova, gecə-gündüz özünü kinoya həsr edən ən fədakər katib – Əli İsa Cabbarov və digərləri var. Belə bir katibliklə sənə işləmək asan olacaq. Nəhayət, razılaşdı. Sevinirəm ki, belə bir fakt tarixə çevrildi.

İndi mən müəyyən qüvvələrin məntiqini heç cür anlaya bilmirəm. Logikasını, əxlaqını da anlamıram. Görün dünyada olmayan insan - Rüstəm İbrahimbəyov haqqında nələr yazırlar, deyirlər.

Rüstəm İbrahimbəyov dünyada Azərbaycan mədəniyyətinin, kinosunun vizit kartı idi. Onun haqqında belə danışan adamlardan ayrı nə gözləyəsən? Rüstəm müəllim Şərq aləmində ilk dəfə Oskar alan azərbaycanlıdır. İlk dəfə şərqlə Avropa stilinin sintezindən ibarət olan “İbrus” teatrını yaradan adamdır. Azərbaycan film kortatekasında Rüstəm İbrahimbəyovun Rasim Ocaqovla çəkdiyi filmlər çox önəmli yerə sahibdir. O filmlər ki, Azərbaycan kinosuna yeni nəfəs gətirib, milyonların sevimlisi və hər gün sevə-sevə baxılan filmlərdir.

Rüstəm müəllimin pyesləri dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub. Bütün bunları edən adam azərbaycanlıdır. Belə bir insanın ünvanına hədyanlar yağdıranlardan nə gözləyəsən?

Bir az dərindən fikirləşəndə onları da başa düşürəm. Rüstəm müəllim hər mənada qüdrətli, çəkisi olan insan idi. Sağlığında onlar cürət edib ittifaqa hədyanlar yağdıra, güc göstərə bilmirdilər. Rüstəm müəllimin vəfatı sanki onlar üçün göydəndüşmə bir fürsət oldu, düşündülər ki, ittifaq dağılacaq. Amma qəfil məlum oldu ki, ittifaq dağılmır, ənənələr davam edir. Biz özümüzü toparlayıb sədr seçdik və o sədr Azərbaycan kinosunun simasıdır.

Bu məqamda onların əsəbləri dözmədi, içlərilərindəki kin, düşmənçilik üzə çıxdı. Amma bilmirəm bu düşmənçilik haradan qaynaqlanır, çünki hamımız Azərbaycan kinosuna xidmət edirik. Deyirlər ki, dövlət Rasim Balayevi ora təyin edib. Bu dərəcədə səviyyəsiz sözlər danışılır. Bu, seçkili orqandır. Biz də 200 nəfərin içindən ən layiqli namizəd seçmişik. Burada başqa nə ola bilər ki?

Rüstəm müəllim cəsarətli, sözü üzə deyən, konyukturaya getməyən adam idi. Ona görə Heydər Əliyev, İlham Əliyev onu çox istəyirdi. Cəsarətli, düz danışan insandan heç kimə ziyan dəyməz. Əksinə, məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edən yaltaq insanlardan qorxmaq lazımdır.

Hər şey gözümüzün qarşısında oldu. Hamımız bilirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı necə yarandı... Daha doğrusu, onu necə yaratdılar. Onlar deyirlər ki, biz yaratdıq. Amma o ittifaqı Ramiz Mehdiyevin başçılıq etdiyi bir qrup - Rüstəmi düşmən elan etmək, Prezidentin ətrafını zəiflətmək istəyən və bu gün ifşa olunub hərəsi bir dərədə gizlənən korrupsiyaçı, düşmənin lehinə işləyənlər yaratdı. Rüstəm müəllimin başçılıq etdiyi ittifaqı gözdən salmaq, dağıtmaq üçün...

Qeydiyyata alınmadığına görə Respublika sözünü də əlavə etdilər. Beləcə gözümüzün qabağında yaranan bir ittifaq oldu. Ona görə də heç kim onu yaratmaqla kinoya böyük xidmətlər göstərməsi adıyla qürrələnməsin.

Onu da deyim ki, çox vicdanlı kinematoqrafçılar, ölkə kinosu üçün böyük xidmətləri olan insanların heç biri Ramiz Mehdiyev dəstəsinin onlara göstərdiyi konfetə aldanmadı. Kinematoqrafçılar arasında vicdanlı, sədaqətli insanlar da var. Onların böyük əksəriyyəti kinematoqrafçılar İttifaqının krizis dövrlərini şükranlıqla keçdilər. Bir gün gələr haqq-ədalət yerini tapar deyərək... Doğurdan da bir gün gəldi.

Rüstəm müəllim ali səviyyədə dəvət olundu. Kinematoqrafçılar İttifaqı yenidən öz məcrasına qayıtdı. Bunu oradakı bir çoxları - vaxtilə onunla çörək kəsmiş, birlikdə kinoya xidmət etmiş, evində olan və nəhayət, dost sanılan bir çox xəyanətkar insanlar bunu həzm edə bilmədilər.

Ona görə stəkanda tufan qoparmağa çalışdılar”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya