“Ramiz Mehdiyev xəbər göndərdi ki, gedib, öz işi ilə məşğul olsun”

2022-08-31 17:47:00

“Ramiz Mehdiyev xəbər göndərdi ki, gedib, öz işi ilə məşğul olsun”

“2012-nin martın 6-da, hələ MM-in deputatı ikən "Nobelsiz Qorbaçov" aksiyasına start verdim. Aksiyanın adından məsələnin mahiyyəti bəlli olduğundan xırdalıqlarına varmıram. Start tarixi də təsadüfən 6-sı seçilməmişdi. Qəsdən Qorbaçovun ad gününə salmışdım ki, bu Mişa üçün bir "sürpriz" olsun”. 

Hurriyyet.az xəbər verir ki, bunu keçmiş millət vəkili Etibar Hüseynov deyib. O, sosial şəbəkə hesabında bildirib ki, həmin vaxt dünya düzəninin "ədalətinə" yaxından bələd olduğu üçün Servantesin qəhrəmanı kimi yel dəyirmanı ilə vuruşduğunun fərqində olub.

“Amma əsas hədəfim o vaxt 81 yaşlı xəstə, artıq o dünyası ilə əlləşən Qorbaçova onun "cəllad"lığını öləndən sonra belə unutmayacağımızı, daim Azərbaycan xalqı tərəfindən lənətlənəcəyini anlatmaq idi. 

Düzü heç gözləmirdim; bu məqsədlə keçirdiyim mətbuat konfransından bir-neçə saat keçməmiş artıq dünyanın ən nüfuzlu qəzet, sayt və TV-ləri aksiyamız barədə xəbərlər yayımladı. 

"Nobelsiz Qorbaçov" bir sıra media nəhənglərinin manşetinə daşındı. "Trend" İA-nın beynəlxalq müstəvidə nə qədər izləndiyini o vaxt kəşf etdim. Çünki əksər xəbərlər məhz ona istinadən verilmişdi. 

Bir həftə sonra Tiflisin "Azadlıq" meydanında kifayət qədər sanballı mitinq keçirdik. Bu, aksiyamızı yenidən dünya mediasının gündəminə daşıdı. 

Bakıda fəaliyyət göstərən xarici ölkə səfirləri ilə görüşlərə başladım. Bu arada bir sıra ölkələrin deputatları və partiya liderləri də açıqlama verir, bizi dəstəkləyir, Qorbaçovu lənətləyirlər. 

İlk günlər baş verənləri guya ki, qulaq ardına vuran "Qorbaçov fondu" sonunda iki dəfə açıqlama vermək məcburiyyətində qaldı. Həmin ərəfədə bu gün Prezidentin köməkçisi vəzifəsini daşıyan Fuad Ələsgərovla görüşdüm. Mənə bir sıra dəyərli məsləhətlər verdi. 

Məhz bundan sonra o vaxt Fuad müəllimin köməkçisi olan Səadət Yusifova ilə Nobel Komitəsinə, fonduna, Kral ailəsinə, İsveç və Norveç parlamentlərinə müraciətlər göndərdik. Aksiyamızın məramı və o cümlədən Qorbaçovun əsl simasını özündə ehtiva edən qısametrajlı film hazırlayıb həm Yutubda yerləşdirdik, həm də disk şəkilində bir çox ölkələrin nüfuzlu ictimai-siyasi nümayəndələrinə və parlament üzvlərinə yolladıq. 

Bütün bunlar böyük zəhmət və enerji tələb etsə də Vətən, millət üçün çalışanda yorğunluq əvəzinə məmnuniyyət, həzz hiss edirsən. Və bütün bunları da heç bir maddi dəstək olmadan edirdim. Düzü indiki zamanda, indiki texniki imkanlar çərçivəsində bu heç elə də önəmli xərc də tələb etmir. Təbii ki, əgər həqiqətən də sidq ürəkdən çalışırsansa, heç bir qazanc-mənfəət güdmürsənsə.

Beləliklə işin qızğın vaxtında Ağ Evdəki "ağsaqqaldan" ismarıc gəldi. Boz Kardinal: "o cavan oğlan nə özfəaliyyətlə məşğuldur elə? Saxlasın. Getsin özünə aid olan işlərlə məşğul olsun" xəbərini yolladı. 

Mən də saxladım. Məni qınamayacaqsız hər halda. Çünki söhbət 10 il əvvəlin Ramiz Ənvəroviçindən gedir. Ancaq nə qədər ağır olsa da çox da təəssüflənmədim. Çünki əsas hədəflərimə nail olmuşdum. Necə deyərlər "missiya yerinə yetirilmişdi". 

Bu yazını niyə yazdım onu deyim. O vaxt çox tələsirdim. Elə bilirdim ki, can üstə olan Qarbaçovun hər an ölüm xəbəri gələ bilər. Amma düz 10 il keçdi. Hər il Qorbaçovun doğum günündə həmin hadisələr yadıma düşür. 

Əslində Qoraçov həyatının son illərini necə deyərlər "it zülmü" ilə yaşayırdı. Bu baxımdan ona uzun ömür "arzulayırdım". Yaxşı ki, gec öldü. Yaxşı ki, illər uzunu 20 Yanvar tarixində necə lənətləndiyinin şahidi oldu. Yaxşı ki, Qarabağın Azərbaycan olduğunu da gördü. Rusların tərcümədə "itlərə, it ölümü!" deyimi var ("собакам, собачья смерть") bax Mişaya da ondan qismət oldu”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061298