RAMİN BAYRAMLI NİYƏ GƏLMİŞDİ, NİYƏ GETDİ? - Təhlil

2021-09-14 09:19:00

RAMİN BAYRAMLI NİYƏ GƏLMİŞDİ, NİYƏ GETDİ? - Təhlil

Görünən odur ki, o, bütün potensialını şəxsi kapitalını artırmağa, Bakıda bahalı villalar, obyektlər tikdirməyə sərf etdiyindən, vəzifə səlahiyyətlərinin icrasına yetərli zamanı qalmadı…

Heç də təsadüfi deyil ki, R.Bayramlı məhz hakimiyyətdəki “5-ci kolon”un nümayəndələrinin gənclərlə əvəzlənməsinə start verildiyi vaxtda TƏBİB-in İdarə Heyətinin sədri postuna gətirildi. Hansı ki, həmin vaxt cəmiyyətdə yaşlı kadrların gənclərlə əvəz olunması böyük ümid yaratmışdı. Maraqlıdır, o halda TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsinə layiq olmayan bir kadrın gətirilməsində “5-ci kolon”un hər hansı rolu olmayıb?

İki gün əvvəl “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verdiyini açıqladı. Ramin Bayramlı bu haqda ilk olaraq Tvitter hesabında açıqlama yaydı: "Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirirəm, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və xalqıma xidmətini davam etdirəcəyəm”.

Beləliklə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev dünən TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı və müşaviri Şəhriyar Fətullayevin istefa ərizələrini təsdiqlədi. Z.Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verildi. O, Agentliyin Tibbi İddialar Departamentinin rəhbəri vəzifəsini də icra edir.

Öncə ondan başlayaq ki, TƏBİB sədrinin istefa ərizəsi, sadəcə, formal xarakter daşıyır. Yəni ona “get istefa ərizəni yaz” deyildiyi kimsədə şübhə doğurmur. Bəs, R.Bayramlı niyə istefaya göndərildi. Yaxud o, nə üçün gəlmişdi, nə üçün getdi?

Əlbəttə, TƏBİB sədrinin ona göstərilən etimadı doğrultmadığı ortadadır. O başqa məsələ ki, onun buna potensialı yetmədi, yoxsa burada hansısa obyektiv səbəblər də oldu? Lakin bu sualın cavabı heç bir Azərbaycan vətəndaşını maraqlandırmır. Hər bir vətəndaşımız şahidi oldu ki, indiki pandemiya dönəmində TƏBİB öz funksiyasını yerinə yetirə bilmədi.

Konkret olaraq qurumun İdarə Heyətinin sədrinə gəldikdə isə, şübhəsiz, 2019-cu ilin dekbarının əvvəlində bu posta təyin olunan Ramin Bayramlının bu müddət ərzində özünü təsdiq etməsi üçün yetərli zamanı vardı. Üstəlik, bunun üçün TƏBİB rəhbərliyinə kifayət qədər geniş imkanlar da tanınmışdı. Hansı ki, qanunvericilikdə (İnzibati Xətalar Məcəlləsində) ciddi dəyişikliklər olunmuş, Səhiyyə Nazirliyinin bir çox önəmli səlahiyyətləri TƏBİB-ə verilmişdi. Lakin, təəssüflə qeyd olunmalıdır ki, TƏBİB sədri bu imkanlardan yararlana bilmədi. Görünən odur ki, o, bütün potensialını şəxsi kapitalını artırmağa, Bakıda bahalı villalar, obyektlər tikdirməyə sərf etdiyindən, vəzifə səlahiyyətlərinin icrasına yetərli zamanı qalmadı. Bu baxımadan, TƏBİB iki ayaqları üstündə addımlayan başsız bədənə bənzəyirdi ki, bir yerdə mütləq “divara dəyib” yıxılmalı idi.

Bu gün əminliklə deyə bilərik ki, dövlət idarələri arasında vətəndşların ən çox şikayət etdiyi, narazı qaldığı qurum TƏBİB-dir. Şübhəsiz, burda R.Bayramlının təbirincə desək, “ümumbəşəri bəla” olan COVİD-19 böhranının da yetərli payı var. Lakin etiraf etməliyik ki, bu böhranı aradan qaldırmaq, ən pis halda yumşaltmaq üçün Ramin Bayramlının rəhbərlik etdiyi quruma kifayət qədər ictimai və dövlət dəstəyi vardı. Heç də təsadüfi deyil ki, bir çox ölkələr indi-indi vaksin əldə etdiyi halda, Azərbaycan koronavirusa qarşı vaksinləri alan ilk ölkələr sırasında idi. Bununla belə, TƏBİB digər dövlətlərdən fərqli fəaliyyət ortaya qoya bilmədi. Hətta Azərbaycan vaksinə “əli çatmayan” əksər qonşu ölkələrdən də çətin duruma düşdü. Təbii ki, bütün bunlar da məhz Ramin Bayramlının yarıtmaz fəaliyyəti ilə bağlı idi.

TƏBİB-in nəzarətində olan səhiyyə müəssisələrində korrupsiya və rüşvətin tüğyan etməsi də diqqətdən qaçmayacaq məsələdir. Məsələn, bu gün ölkədə minlərlə, bəlkə də onminlərlə saxta “COVİD-19 pasportu” daşıyıcısının olması məhz Ramin Bayramlının başdansovdu fəaliyyəti ilə bağlıdır. Çünki bu işi elə həyata keçirmək olardı ki, kimsə saxtakarlığa əl atmaz, hətta istəsə belə, buna nail ola bilməzdi. Amma təkcə rəsmi rəqəmlərə istinadən qeyd edə bilərik ki, TƏBİB-in nəzarətində olan poliklinikaların bir çoxunda bu cür neqativ hallar mövcuddur.

Vətəndaşların saatlarla vaksin növbələrində dayanması da ayrı bir dərddir. Maraqlıdır, nə üçün heç bir ölkədə bu cür növbələr olmadığı halda, Azərbaycanda insanlar peyvənd olunmaq üçün səhərdən axşamadək növbədə dayanmalı olur?! Deməli, ya vətəndaşlar arasında vaxtında ciddi təbliğat işləri aparılmayıb, ya da insanlar TƏBİB-ə etibar etmədiyindən, bu qurumun çağırışına qoşulmayıb.

Əlbəttə, TƏBİB-dəki problemləri saymaqla qurtarmaq olmaz. Heç şübhəsiz, ən ciddi problemlərdən biri də evə çağırılan təcili yardım həkimlərinin COVİD-19 əlamətləri olan xəstələrdən götürdüyü testin cavabının nə az, nə çox, düz 5 günə verilməsidir. Doğrudur, TƏBİB rəhbərliyi bu məsələylə razılaşmır, deyirlər ki, 1-3 gün müddətində testin cavabı məlum olur. Amma, necə deyərlər, “üzrü qəbahətindən betər”. Axı, Avropada, eləcə də əksər dövlətlərdə testin cavabı cəmi bir neçə dəqiqəyə bəlli olursa, bizdə niyə vətəndaş COVİD-19 xəstəsi olub-olmadığını 3 günə öyrənməlidir?! Hətta, yuxarıda qeyd etdiyimiz kimi, 5 günə cavab alan insanların sayı da az deyil. TƏBİB özünün nizamnaməsində göstərilən vəzifəsinə (TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir) bu cür əməl edir? Və yaxud Ramin Bayramlı əhalinin sağlamlığının qayğısına bu cür qalıb?

Sonda Ramin Bayramlını bu vəzifəyə təqdim edən və onun arxasında durduğu iddia olunan məmurlarla bağlı məsələyə də diqqət edək. Öncə onu qeyd edək ki, bununla bağlı mətbuatda müxtəlif məmurların adı çəkilir. Həmin məmurun, yaxud məmurların kimliyindən asılı olmayaraq, belə düşünmək olar ki, əslində, bu cür yarıtmaz kadrın hansısa yollarla belə önəmli posta gətirilməsi dövlət başçısının 2019-cu ildən başlayaraq həyata keçirdiyi “gəncləşdirmə siyasəti”ni gözdən salmağa yönəlib. Heç də təsadüfi deyil ki, R.Bayramlı məhz hakimiyyətdəki “5-ci kolon”un nümayəndələrinin gənclərlə əvəzlənməsinə start verildiyi vaxtda TƏBİB-in İdarə Heyətinin sədri postuna gətirildi. Hansı ki, həmin vaxt cəmiyyətdə yaşlı kadrların gənclərlə əvəz olunması böyük ümid yaratmışdı. Maraqlıdır, o halda TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsinə layiq olmayan bir kadrın gətirilməsində “5-ci kolon”un hər hansı rolu olmayıb? Hər halda, bu adam vəzifəyə gəldikdən sonra istər Səhiyyə Nazirliyinin, istər də digər dövlət idarələrinin rəhbərliyində olan bütün odioz fiqurların “atasına rəhmət oxutdurursa”, başqa cür düşünmək də olmur…

RƏŞAD