Qurumlara tapşırıq verildi: “Sakinlər çöldə qalmasın!”
“Sakinlərin çöldə qalmaması üçün qurumlara tapşırıq verilib”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri jurnalist Heydər Mirzə “Yeni Sabah”a açıqlamasında deyib. O, Yasamaldakı yanğın hadisəsindən sonra zərərçəkən bina sakinlərinin son durumu barədə açıqlama verib:
“Dünən səhərdən, bu gün də daxil olmaqla, Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Baş Prokurorluq və Yasamal Rayon Polis İdarəsinin dəstəyi ilə həmin ərazidə işlər aparılır”.
H.Mirzə qeyd edib ki, o istiqamətdə proses davam edir:
“Mənə deyilənə görə, məsələ ən yüksək qurumların nəzarətindədir. Dövlət qurumlarına tapşırıq verilib ki, sakinlər küçədə qalmasın, onlar ən qısa müddətdə müvəqqəti olaraq yerləşdirilsin. Təzminat məsələsinə baxılması ilə bağlı da siyahılaşdırma işlərinə başlanılıb. Yəni artıq ciddi hərəkət var”.
