Quru sərhədlərinin niyə açılmaması barədə İLGİNC İDDİA

2022-06-17 17:07:00

Quru sərhədlərinin niyə açılmaması barədə İLGİNC İDDİA

Məmurlar turizm obyektlərindən daha çox pul qazansın deyə...

Azərbaycanın quru sərhədləri koronavirus pandemiyası başlayandan bağlanıb. Hazırda dünyanın bir çox ölkələri quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir. Son illərdə yüzlərlə Azərbaycan vətəndaşı Rusiya ilə quru sərhədini keçə bilmədiyindən bu ölkədəki düşərgələrdə aylarla gözləməli olub. Təyyarə biletləri isə çox baha olduğundan bir çox insan üçün əlçatan deyil.

Belə iddialar da var ki, məmurların soyğunçuluqla məşğul olan turizm obyektlərinə yay mövsümündə böyük pullar daxil olsun deyə, məqsədli şəkildə quru sərhədləri açmırlar. Hazırda xarici ölkələrə uçuş biletləri, hətta qonşu Gürcüstan və Türkiyədən bahadır.

Yada salaq ki, Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 2020-ci ilin martından ölkənin quru sərhədləri bağlıdır. Ekspertlərin fikrincə, bu münasibət insanların hərəkət azadlığına ziddir və ölkədə koronavirusa yoluxma halları 10-20 nəfər arasındadırsa, sərhədlərdə xüsusi karantin rejimi tətbiq edilə bilməz. Üstəlik, bu, yaxın ölkələrdə - Türkiyə, Gürcüstan, Rusiyada yaşayan, işləyən və oxuyanlar üçün ciddi problemlər yaradır. Quru sərhədlərin bağlı saxlanması ölkədə turizmin inkişafına da ciddi əngəllər yaradır. Ola bilərmi ki, bizim bilmədiyimiz hansısa təhlükələr olsun? Son olaraq qonşu Gürcüstanda meymun çiçəyinə yoluxma faktı aşkar edilib. Bu, Azərbaycanı hansı ehtiyat tədbirləri görməyə vadar edirmi? Quru sərhədlərinin bağlı saxlanması bununlamı əlaqədardır? 

Yeri gəlmişkən, son günlər ölkəmizdə meymun çiçəyinin yayılması ilə bağlı təşvişlər də artıb. Müxtəlif sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin bu virusa yoluxduğu deyilir, hətta bununla bağlı fotolar da yayılıb. Səhiyyə Nazirliyi də Azərbaycanda meymunçiçəyinin aşkarlanması ilə bağlı iddiaları cavablandırıb. Nazirliyin yaydığı açıqlamada hazırda yoluxma faktının aşkarlanmadığı bildirilir: “Bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara cavab olaraq bildiririk ki, Azərbaycanda meymun çiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Medicina.az - Yoluxma bir ay ərzində pik həddə çatacaq - İnfeksionist

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a açıqlamasında epidemioloji vəziyyətin  quru sərhədlərin açılmasına əngəl törədib-törətmədiyi ilə bağlı məsələyə münasibət  bildirdi: “Quru sərhədlərin açılması hazırkı vəziyyətdə epidemioloji baxımından Azərbaycan üçün hər hansı təhlükə kəsb etmir. Çünki koronavirusla bağlı qonşu ölkələrdə də vəziyyət stabildir. Bəzi uzaq, Şərq ölkələrində koronavirusla bağlı vəziyyətdə problemlər var. Yoluxma sayında artımlar qeydə alınır. Çünki  Çin, Tailand kimi ölkələrin əhalisində kollektiv immunitet formalaşmayıb. Amma quru sərhədlərin açılması quru yolu ilə yalnız qonşu ölkələrdən ola bilir. Ona görə təhlükəli vəziyyət yoxdur. Hava yolu açıqdır, təyyarələrlə insanlar Azərbaycana çox uzaq yerlərdən də gəlib gedirlər. Hava yolunun açıq olması daha risklidir, nəinki quru sərhədlərin.  Epidemioloji  baxımdan quru sərhədlərin açılmasında hər hansı bir problem yoxdur”.

İnfeksionist qeyd edib ki, meymunçiçəyi ilə bağlı da vəziyyət təhlükəli deyil: “Bu virusla bağlı vəziyyət bir az fərqlidir. Bu, koronavirus kimi çox sürətli yoluxma qabiliyyətinə malik deyil. Şəxs zahirən sağlam görünür, insanları yoluxdurmur. Ona görə meymunçiçəyi  koronavirus kimi təhlükəli sayılmır. Artıq zahirən bilinir ki, bu insanlar xəstədir. Hərarət olur, dəri səpkiləri olur və sair. Buna görə onların yoluxdurucu xəstə olduqları bilinir. Bu şəxsləri də təcrid etmək daha asan olur. Xəstəlik insanları yoluxdurmur, yalnız sıx kontakt vasitəsilə yoluxur. Bu baxımdan təhlükəli vəziyyət sayılmır. Ona görə də bu xəstəliyin qarşısını asanlıqla almaq mümkündür”.

Razi Nurullayev: Bu toyuğun da qiyməti nə az nə çox, düz 6 milyon manatdır

Razi Nurullayev

Millət vəkili Razi Nurullayev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Quru sərhədlərin açılmaması əhaliyə psixoloji cəhətdən də mənfi təsir edir. Bir tərəfdən qonşu ölkələrdəki azərbaycanlılardır ki, vətənə qayıda bilmirlər. Təyyarə biletləri də çox bahadır. Məsələn, bir nəfər mənə dedi ki, iki tələbə uşağının gəlməsi  üçün iki nəfərə 3 min manat bilet pulu vermişik. 3 min manat yazıq camaatın bir illik gəliridir. Nə qədər insan o cür baha biletə görə gələ bilmir. Quru sərhədin açılmasını gözləyirlər ki, 100-150 manata gəlsinlər. Nə qədər tələbəmiz quru sərhədindən keçib, qonşu ölkələrə oxumağa gedir. İndi onu edə bilmirlər. Mənim hesablamama görə, 1 milyon insan quru sərhədləri keçib, kiçik alverlə məşğul olaraq ailəsini dolandırırdı. Görün bu qədər insan bu gəlirdən məhrum olub. Bu, dövlətin üzərinə yük kimi düşür. Bütün bunları nəzərə alaraq quru sərhədlər açılmalıdır. İndi turizm dövrüdür. Turizm gəlir gətirən sektordur, indi də yaydır. Turizm mövsümünün də iki ayını arxada qoyduq. Bunu tez açmaq lazımdır ki, turistlər də gəlsin. Azərbaycana İrandan, Gürcüstandan, Türkiyədən, Rusiyadan quru sərhədi keçib gəlmək istəyənlərin sayı təyyarə ilə gəlmək istəyənlərin sayından on dəfə çoxdur. Bu isə yüz minlərlə iş deməkdir. Mən hesab edirəm ki, artıq iyulun əvvəllərindən quru sərhədlər açılacaq. İki həftə də səbir edək, açılacaq. Amma yenə də gecdir. Fikrimcə, tez bir zamanda qərar verilib açılmalıdır”.

“Yeni Müsavat”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya