Quru sərhədlərinin bəxti NİYƏ AÇILMIR? - AÇIQLAMA

2022-06-24 16:50:00

Quru sərhədlərinin bəxti NİYƏ AÇILMIR? - AÇIQLAMA

Quru sərhədlərinin açılmaması ilə bağlı problemə dəfələrlə toxunulsa da, yenə də bu istiqamətdə qərar dəyişmir.

Bu gün təyyarə bileti almağa gücü çatan vətəndaşlar hansısa xarici ölkəyə səfər edə bilir, yaxud da ölkəmizə xaricdən gələnlər olur. Ancaq faktdır ki, quru yollarının bağlı olması vətənaşların cibləri ilə yanaşı, turizm sektoruna da zərbə vurur.

Bugünlərdə Dövlət Turizm Agentliyini sədri Fuad Nağıyev açıqlamışdı ki, cari ilin 5 ayında ölkəmizə 500 min turist gəlib. Halbuki qonşu Türkuyəyə müvafiq dövrdə 13 milyon turist gedib. Bu fərqin əsas səbəblərindən başlıcası da məhz quru yollarının bağlı olmasıdır. Ümumiyyətlə, quru yollarının bağlı olmasında məqsədin ilk olaraq “AZAL”ın qazanması olsa da, digər səbəb kimi mütəxəssislər başqa faktoru irəli sürürlər. Belə ki, məqsəd xaricə turist səfərlərinin qarşısını almaqla daxili vətəndaşları “turizm blokadası”na salmaqdır.

Mövcud vəziyyətlə bağlı iqtisadçı-ekpert Rövşən Ağayev bildirib ki, quru sərhədlərinin açılmamasının səbəblərindən biri “AZAL” və ya “Buta” kimi şirkətlərin maraqlarına xidmət etmək ola bilər:

“Başqa əsas səbəblərdən biri də budur ki, insanlar daha ucuz və keyfiyyətli turizm məkanları kimi Gürcüstana, oradan da Türkiyəyə keçib həmin yerlərdə pul xərcləməsinlər. Həm kənarda valyuta xərcləməsinin qarşısını almağa, həm də əsasən oliqarxiyanın mülkiyyətində olan turizm obyektlərinə qazanc verməyə çalışırlar. O turizm obyektləri ki, keyfiyyətə və qiymətə görə adını çəkdiyim qonşu ölkələrə uduzur”.

Hurriyyet.az-ın məlumatına görə, “Skal İnternational Baku” Beynəlxalq Turizm təşkilatının prezidenti, turizm üzrə ekspert Ceyhun Aşurov Cebhe.info-ya bildirib ki, bu gün həm dünyada, həm Azərbaycanda bir sıra məhdudiyyətlərin aradan qaldırılması sevindiricidir:

“Digər məhdudiyyətlər də aradan qaldırılır. Hazırda Azərbaycanın hava xətti açıqdır və həm ölkəmizə turistlər gələ, həm də vətəndaşlarımız gedə bilirlər. Ancaq quru sərhədlər hələ də bağlıdır. Nəzərə alaq ki, Azərbaycana gələnlərin 10 nəfərdən 7-si qonşu ölkələrdəndir. Ölkəmizə xarici vətəndaşların yarısı quru sərhədlərlə gəlirdi. Demək quru sərhədlərlə gələnlər turistlərin yarısını təşkil edirsə, turizmin inkişafı üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Əgər quru sərhədlər açılarsa, ölkəyə gələn turistlərin sayı daha da çox olar

Bu, getmələrin sayına da təsir edəcək, ancaq turizmin bərpa olunmasına, turizm obyektlərinin daha səmərəli çalışmasına şərait yarada bilər. Baxmayaraq ki, digər məhdudiyyətlər aradan qalxıb, ümid edirik ki, quru sərhədləri də açılacaq, rahat gediş-gəliş təmin olunacaq. Dünyada, o cümlədən Azərbaycanda nəqliyyat xərcləri artıb. Hava nəqliyyatı ilə getdikdə, turpaketlərin xüsusi əhəmiyyətli hissəsinin xərclərini əsasən nəqliyyat təşkil edir. Ancaq bir ailə, yaxud bir neçə nəfər quru sərhədi nəqliyyatla keçirsə, yaxud İran, Gürcüstan, Rusiyadan avtobusla ölkəmizə gəlirsə, bu, daha ucuz başa gəlir. Daha çox insanın gəliş-gedişinə səbəb ola bilər ki, bu baxımdan quru sərhələrin açılması mühüm əhəmiyyət kəsb edir”.

Ekspert deyir ki, pandemiya ilə bağlı xarici səfərlər mümkün olmadığı dövrdə də insanların böyük əksəriyyəti daxili turizmə yönəlmişdi:

“Vətəndaşlar öz istirahətlərini regionda, ölkə ərazisində təşkil etməyə çalışırdılar, doluluq var idi. Ancaq bu gün hava nəqliyyatı ilə səfər mümkündür, lakin xaricə səfərlərdə müxtəlif səbəblərdən bahalaşma baş verib. Bu baxımdan xaricə səfər də ucuz başa gəlmir. Təbii olaraq xaricə üz tutanların bir qismi daxili turizmə yönəlib. Quru sərhədləri açıq olarsa, təbii ki, Azərbaycan vətəndaşları qonşu ölkələrə gedərlər. Quru sərhədlərinin hələ də bağlı olmasının səbəbini daha çox dövlət qurumları göstərə bilərlər. Bunu adətən risk faktorları ilə əlaqələndirirlər ki, pandemiya hələ tam olaraq aradan qalxmayıb. Hazırda ölkəmizdə qadağaların mərhələli aradan qaldırılması yolunu tutublar. Ancaq ölkə sərhədləri qapalı qala bilməz. Ümid edirik ki, yaxın aylarda mərhələli şəkildə açılacaq. Lakin qəbul etmək lazımdır ki, quru sərhədlərinin bağlı olması daxildə tələbatı yüksəldir. İnsanların bir qismi xaricə gedə bilsə də, bir hissəsi daxildə öz istirahətlərini qurmağa çalışırlar”.

Bu gün bölgələrdə turizm obyektlərində qiymətlər isə hər gün artır. Məsələn, Quba rayonun Qəçrəş kəndində heç bir xidmət olmadan, sadəcə həmin ərazidə əyləşmək üçün vətəndaşlardan pul tələb edirlər. Xidmət göstərildikdə isə bu, daha daha qiymətə başa gəlir. Nə qədər ki, quru sərhədlərini bağlayıb, yerli vətəndaşlardan gəlir əldə etməyə çalışacaqlar, Azərbaycanın turizm ölkəsinə çevrilməsi mümkünsüz olacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya