Saat:12:45
Haqqımızda

“Qürbətdə olan yalnız cismimdir, ruhum hər zaman vətənimdədir...”

2022-01-18 12:05:00

“Qürbətdə olan yalnız cismimdir, ruhum hər zaman vətənimdədir...”

 

Xalq rəssamı Əşrəf Heybətov: “Qarabağa həsr olunmuş albomumda 44 mənzərə yer alıb”

“Mədəniyyət Nazirliyi əsərimi çox ucuz qiymətə satın aldı, amma nədənsə üzə çıxarmırlar”

“50 il əvvəl çəkdiyim Şuşa mənzərələrini indiyə kimi iş otağımda saxlayıram”

“Azərbaycan diasporunun fəaliyyətində müsbətə doğru irəliləyiş var, bunu Avropada yaşayan azərbaycanlı fəallar da təsdiq edə bilər”

“Səmimi söhbət”in bu dəfəki qonağı YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovdur.

Yaradıcılığının əsas mövzusunu Azərbaycan və xalqın milli adət-ənənələri təşkil edən rəssam, mədəniyyət və incəsənətimizi dünyada tanıdır. Almaniyanın Koblents şəhərində yaşayan həmyerlimiz rəssamlıq sənətindən həm də təbliğat vasitəsi kimi istifadə edir. Onun əsərləri BMT, Avropa Şurası, NATO, Vatikanda təşkil olunan tədbirlərdə nümayiş edilir.

(Əvvəli qəzetimizin 28 dekabr 2021-ci il sayında)

- Rusiyada yaşadığınız illərdə bir rəssam kimi hansı yaddaqalan işləriniz oldu?

- Ən yaddaqalan, əhəmiyyətli işlərimdən biri dünyaşöhrətli monumentalçı-rəssam Zurab Seretelinin rəhbərliyi altında “Gənclik Moda Mərkəzi”nə verdiyim tərtibat oldu. Bundan sonra artıq Moskvada yaşamağa qərar verdim. Evləndim. Həyat yoldaşım Regina Lvovna  milliyyətcə yəhudidir. 42 ildir ki, evliyik.

- Allah ayırmasın. Bilirəm ki, həyat yoldaşınız da yaradıcı insandır. Maraqlı hobbiləri var...

- Bəli. Regina xanım texniki sahə üzrə mütəxəssisdir, elmi dərəcəsi var, eyni zamanda gözəl musiqi duyumuna, vokal qabiliyyətinə malikdir. Skripkada klassik musiqi əsərləri ifa edir, oxuyur, şeir yazır. Bu yaxınlarda Bakıda şeirlər kitabı çapdan çıxdı, təqdimatını keçirdik. Mənim xanımım mələk kimi insandır. Görürsünüz, özü burda olmasa da, portretdən mənə baxır. O da mənim kimi gözəllik aşiqidir. Biz onunla demək olar, bütün dünyanı gəzmişik. Tez-tez Venesiyada oluruq. Orada çoxlu tanışımız, dostumuz var, bizi qonaq dəvət edirlər, özləri də Almaniyada bizim qonağımız olurlar.

- Bu, çox böyük xoşbəxtikdir ki, bir-birinizi tamamlayırsınız...

- Bu bir qismətdir.

- Rusiyada yaşadığınız illərdə sərgilərdə iştirak etmisiniz?

- Əlbəttə, dəfələrlə həm yığma sərgilərin iştirakçısı olmuşam, həm də fərdi sərgilərim təşkil edilib. Amma nədənsə Azərbaycanda heç bir sərgiyə dəvət olunmamışam.

- Yəni vətəndə fərdi sərgiləriniz təşkil edilsə də, yığma sərgilərin iştirakçısı olmamısınız?

- Xeyr, Azərbaycanda keçirilən yığma sərgilərin heç birinə dəvət olunmamışam.

- Bəs nədən əsərlərinizi qalereyalara təqdim etmirsiniz?

- Qalereyalar satış üçün əsərləri götürür, 3-5 ay saxlayıb geri qaytarırlar. Bu günə qədər Azərbaycanda fəaliyyət göstərən qalereyalarda bircə əsərim belə satılmayıb. Heç cür anlaya bilmirəm ki, dünyanın, özəlliklə də Avropanın bir sıra ölkələrində əsərlərimə bu qədər tələbat olduğu halda (əsərlərim muzeyləri, tanınmış insanların şəxsi kolleksiyalarını, qalereyaları bəzəyir), nədən öz doğma vətənimdə yaradıcılığıma maraq göstərilmir. Bircə əsərimi su qiymətinə alıblar, amma nədənsə üzə çıxarmırlar, Azərbaycan Milli İncəsənət Muzeyinin  zirzəmisində saxlayırlar. Halbuki, üç hissədən ibarət böyük əsərdir, adını Da “Ulu torpaq” qoymuşam. 5-6 il bundan əvvəl Bakıdakı Atatürk Mərkəzində təqdimat mərasimi də keçirilib. Mədəniyyət Nazirliyi tamamilə təsadüfən sözügedən əsəri çox ucuz qiymətə satın aldı, amma dediyim kimi, “yerimiz yoxdur”, - deyib sərgiləmirlər.

- Bu münasibət anlaşılan deyil. Çünki bütün əsərlərinizdə milli ruh var. Vətəndən kənarda yaşasanız da, Azərbaycanda baş verən heç bir olaya biganə qalmamısınız. Doğma Qarabağımıza da silsilə əsərlər həsr etmisiniz.

- İkinci Qarabağ müharibəsi başlayan kimi “Qarabağda Qələbə günü” adlı üç hissədən ibarət böyük panno işləməyə başladım. Müharibə yeni başlasa da, zəfər çalacağımıza zərrə qədər şübhəm yox idi. Elə vətənə bu dəfəki səfərimin məqsədi də bu panno ilə bağlıdır. Onu Müdafiə Nazirliyinə hədiyyə etmək üçün gəldim Azərbaycana. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində yüksək səviyyəli tədbir təşkil olundu və həmin tədbirdə əsərimi nazirliyə təqdim etdim. Əsərim artıq Hərb Tarixi Muzeyinin eksponatları sırasındadır. Onu da deyim ki, tələbəlik illərində iki dəfə Şuşada olmuşam, 1972 və 1978-ci illərdə. O vaxtlar kasıb oğlan idim. Bahalı material almağa pulum yox idi. Bu üzdən karton üzərində yağlı boyalarla etüdlər edirdim. 50 il əvvəl çəkdiyim həmin Şuşa mənzərələrini indiyə kimi iş otağımda saxlayıram. Rəngləri bir az solmuşdu, yenilədim, sanki bu gün işlənib. Qarabağa həsr olunmuş albomum da yaxın vaxtlarda Bakıda işıq üzü görüb. Sözügedən albomda 44 Qarabağ mənzərəsi yer alıb. Haqqında danışdığım tələbəlik illərimin Şuşa mənzərələri də alboma daxil edilib. Əsərlərin tən yarısında yollar təsvir olunduğundan, albomumu “Qarabağa gedən 44 günlük yollar” adlandırmışam.

- Dualarımız qəbul olundu. Əslində biz 30 ildir o yolları gəlirik, sadəcə 44 gündə qət etdik. Həqiqətən çox gözəl əsər yaratmısınız. Mötəbər məkanları bəzəməyə layiq əsərdir və Hərb Tarixi Muzeyi məhz belə mötəbər məkandır.

- Azərbaycana həsr etdiyim əsərlərin çoxunu bura gətirməməyim səbəbsiz deyil. Düşünürəm ki, həmin əsərlərin, xüsusilə də Qarabağla bağlı olan tablolarımın xaricdə sərgilənməsi daha vacibdir. Heç vaxt unutmaram, 1987-ci ildə erməni əsilli rəssam “Mənim Qarabağım” adlı albom çap etdirdi. Bu mənə çox pis təsir etdi. Necə yəni, sənin Qarabağın? Qarabağ bizimdir, siz ermənilər ora sonradan köçürülmüsünüz. Amma o zamanlar bizi eşidən yox idi. Moskva ermənilərin əlində idi. Siyasətə varmaq istəmirəm, amma 30 il sonra Qarabağa ad olunmuş albom çap etdirməyimin əsas səbəbi Qarabağın Azərbaycan olduğunu dünyaya çatdırmaq idi.

- Biz zəfərimizə qovuşandan sonra Reza Deqati ilə birgə yenidən  Qarabağa səfər etmisiniz və dağıdılmış Ağdama 12 əsər ad etmisiniz. Bu əsərlər hələ ictimaiyyətə təqdim edilməyib.

- Mən həm Şuşada, həm də Ağdamda oldum. Çəkiliş qrupu ilə birgə Ağdamı ziyarət edən yeganə rəssamam. AzTv 70 illik yubileyimlə bağlı haqqımda sənədli film çəkirdi, elə Qarabağa səfərimiz də bununla bağlı idi. 6 nəfərdən ibarət çəkiliş qrupu ilə birgə Ağdamdan sonra Bərdəyə getdik, bir neçə gün orada qalıb, çəkiliş apardıq. Dəniz kənarında, bağ evimdə, bu mənzildə, emalatxanamda da çəkilişlər edildi. Amma aradan iki ay keçməsinə baxmayaraq, filmdən səs-soraq yoxdur. Soruşanda, deyirlər, vaxt yoxdur. Bu mənim qəlbimə toxundu, AzTv-nin rəhbəri Rövşən Məmmədova məktub yollayıb bildirdim ki, çox sağ olun, amma o film daha mənə lazım deyil. İncimişəm onlardan.

- Bir çox Avropa dövlətlərində artıq yubileyiniz yüksək səviyyədə qeyd edilib. Bəs Azərbaycanda nə vaxt qeyd ediləcək? Mədəniyyət Nazirliyi bununla bağlı hansısa addımlar atır?

- Heç bir addım atmır. Nazirlikdən heç kəs mənimlə əlaqə saxlamayıb. Mədəniyyət Nazirliyi bu günədək mənim bircə sərgimi belə keçirməyib. 65 illik yubileyim ərəfəsində nazirliyə xəbər yolladım, səs çıxmadı. Amma Naxçıvanın Mədəniyyət Nazirliyi sağ olsun, gözəl bir yubiley tədbiri keçirdi mənim üçün.

- “Vətəni sevməyi Səttar Bəhlulzadədən öyrnmişəm” demişdiniz...

- Bəli, ustadımın bir sözünü ömürlük qulağıma sırğa etmişəm. O deyərdi ki, bəzi azərbaycanlılar dil pəhləvanıdırlar, amma qanlarında azərbaycanlılıq yoxdur, bəziləri isə dildə mənim kimi zəifdirlər, amma vətəni canlarından artıq sevirlər. Vətəni unudanlara Çingiz Aytmatov yaxşı ad verib: manqurt! 1994-cü ildə Çingiz Aytmatov Lüksemburqda fərdi sərgimi təşkil etdi. O vaxtdan yazışmağa başladıq. Bu günə qədər onun məktublarını əziz xatirə kimi saxlayıram. Məktublarında məni özünün “ruh dostu” adlandırması xüsusilə qürurvericidir.

- Əşrəf müəllim, sirr deyilsə, deyə bilərsiniz ki, necə oldu, Almaniyaya köçdünüz?

- Bunda heç bir sirr yoxdur. Dediyim kimi, xanımım milliyyətcə yəhudidir. 1995-ci ildə yəhudi vizası ilə Almaniyaya köçdük. 90-cı illərin Moskvasında yaşamaq çox çətin idi. Cinayətkarlığın səviyyəsi həddən artıq yüksək idi. Demək olar ki, başımızı götürüb Moskvadan qaçdıq.

-  Bu gün Almaniyada yaşayırsınız, Bir sıra dünya dövlətlərinə səyahət edirsiniz, əsərləriniz dünyanın müxtəlif sərgi salonlarında, qalereyalarda sərgilənir. Vətənpərvər azərbaycanlı kimi Avropada, özəlliklə də Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporu ilə bağlı fikrinizi bilmək maraqlı olardı. 

- Deyə bilmərəm ki, hər şey yaxşıdır, amma hər şeyin pis olduğunu da deməyəcəyəm. Azərbaycan diasporunun fəaliyyətində müsbətə doğru irəliləyiş var. Bunu Avropada yaşayan azərbaycanlı fəallar da təsdiq edə bilər. Erməni diasporunun tarixi 1 əsrdən çoxdur, bizimkinin isə vur-tut 20-30 yaşı var. Təbii ki, uşaq böyüyənə, ayaq üstə duranadək dəfələrlə səndirləyir, xəstələnib sağalır. Bizim diaspor da eləcə. İllər keçdikcə böyüyür, olğunlaşır. Məni diasporun veteranı adlandırırlar. Hələ Moskvada yaşadığım illərdə “Bakı Cəmiyyəti” qurmuşduq. İndi isə Avropada “Azərbaycan Mədəniyyət Assosiasiyası” yaratmışıq. 43 nəfər üzvü var. Biz, Avropada yaşayan incəsənət adamları Azərbaycan mədəniyyətini yalnız müsbət yöndən təbliğ etməliyik. Əyər-əskiyimizi yalnız vətənimizdə müzakirə edib, onları aradan qaldırmaq üçün yollar axtarmalıyıq. Ən inkişaf etmiş ölkələrdə belə problemlər var, problemsiz cəmiyyət yoxdur. Amma bu problemlər həmin cəmiyyət daxilində həll olunmalıdır. Onsuz da ölkəmizə, xalqımıza münasibət birmənalı deyil. Desəm ki, Azərbaycan bütün dünyada tanınır, yalan olar, desəm ki, heç tanımırlar, bu da yalan olar.  Vətənimizi biz azərbaycanlılar tanıtmalıyıq. Hər sahədə, xüsusilə də mədəniyyət, incəsənət sahəsində.

- Siz beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirsiniz, Əşrəf müəllim. Buna görə sizə minnətdarıq. Bilirəm ki, yazda Şuşada fərdi sərgi keçirməyi planlaşdırırsınız. İnşallah, arzunuza çatarsınız. İnanıram ki, möhtəşəm sərgi olacaq. Elə həmin sərgidə görüşmək arzusu ilə sağollaşıram sizinlə.

- Sağ olun, inşallah Şuşada görüşərik.

Söhbətləşdi: Runa

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR