Qriqoryanın plan sayıqlaması - “Qısa zamanda İrəvana ən sərt xatırlatmalar ediləcək”

2022-08-04 12:26:00

Qriqoryanın plan sayıqlaması - “Qısa zamanda İrəvana ən sərt xatırlatmalar ediləcək”

“Razılaşdırılmış plan 10 noyabr 2020-ci il bəyanatı və orada yer alan müddəalardır və müddəalara uyğun olaraq artıq alternativ yol Ermənistan tərəfindən çəkilməliydi”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli deyib.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sonuncu açıqlamasına münasibət bildirib.

Ermənistan TŞ-nin katibi qeyd edib ki, Laçın dəhlizinə alternativ olan yolun tikintisinə Ermənistan tərəfi başlayıb, lakin bununla bağlı razılaşdırılmış bir plan yoxdur.

E. Mirzəbəyli də “razılaşdırılmış plan yoxdur” ifadəsini şərh edib:

“Mahiyyət etibarilə, nəzərdə tutulan vaxtın başa çatmasına bir o qədər də çox qalmayıb. Amma Ermənistan tərəfindən Laçın istiqamətində çəkiləcək yolla bağlı hələ ki konkret hər hansı bir fikir səsləndirilməyib. Son günlərə qədər Ermənistan tərəfi həmin ərazilərdə sadəcə araşdırmalar aparıldığı barədə məlumatlar yayırdı. Yəni dərhal yolun tikintisinə başlayıblarsa, bu, nonsens hesab olunur.

Düşünürəm ki, bu, sadəcə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görüntünün yaradılmasına xidmət edir. Xüsusilə, son günlər baş verən hadisələrin fonunda Ermənistan müəyyən qədər də olsa situasiyanı yumşaltmağa çalışır. Amma bu, çox məntiqsiz və ənənəvi yanaşma tərzidir”.

BAXCP funksionerinin sözlərinə görə, əslinə qalsa, yol çəkmək üçün hər hansı bir razılaşdırmaya ehtiyac yoxdur:

“Konkret sərhəd var, sərhədin Azərbaycan tərəfində olan hissəsi və Ermənistan tərəfində olan hissəsi var. Yol hər iki tərəfdən çəkiləndən sonra da arada faktiki olaraq boşluq qalmır. Bu baxımdan, yenə də məntiqsiz bir yanaşma tərzi ortaya qoyublar və bu, absurd bir iddiadan başqa bir şey deyil. Dövlət özü-özü ilə razılaşdırmayacaq ki, yol çəkirəm?! Azərbaycan öz ərazisindən çəkilən yol barəsində Ermənistanla danışıq aparmamalıdır, eləcə də Ermənistan Azərbaycanla”.

“Ermənistan öhdəliklərini yerinə yetirməlidir, amma görünür, hələ də bunu dərk etməyib. Çox qısa zaman ərzində Ermənistana ən sərt şəkildə öz üzərinə düşən öhdəlikləri yerinə yetirilməsi barədə konkret xatırlatmalar ediləcək. Təbii ki, bunun forması və məzmunu ilə bağlı həmin zaman kəsiyində tanış olacağıq”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059779