Qriqoryanın Azərbaycan ərazisi haqda bəyanatı siyasi hiylədir

2022-08-01 12:37:00

Qriqoryanın Azərbaycan ərazisi haqda bəyanatı siyasi hiylədir

Erməni ekspert cameəsində Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözləri Ermənistanın sülhməramlı niyyətinin sübutu kimi təqdim olunur. Ermənistan siyasətçiləri və Xarici İşlər Nazirliyi hesab edirlər ki, Azərbaycan danışıqların qeyri-konstruktiv tərəfi kimi çıxış edir. Bakıda isə Yerevanı Azərbaycanla hərtərəfli sülh müqaviləsinin imzalanmasını yubatmaqda ittiham edirlər. Bakı bu sənədə Qarabağ ərazisinin Azərbaycanın suveren mülkiyyəti kimi tanınması haqda bəndin daxil edilməsinə israr edir, Yerevan isə belə dəqiqləşdirməyə ehtiyacın olmadığına eyham vurur.

Armen Qriqoryan “Armenpress”ə müsahibəsində bildirib: “Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan 1991-ci ildə imzalanmış və sonradan ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında müqavilə ilə bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıblar. Və bu gün bu sənəd həm Ermənistanın, həm də Azərbaycanın qanunvericiliyinin bir hissəsidir. Bunu ikitərəfli səviyyədə də ifadə etmək lazımdır. Və dediyimiz kimi, belə bir perspektivdə bizim üçün qəbuledilməz heç nə yoxdur və Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur”.

Onun bəyanatı baş nazir N.Paşinyanın məlum sözlərinə əsaslanır: “Ermənistan hələ 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında sazişi yenidən ratifikasiya etməklə de-yure Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb və bu tanıma bu gün də bizim dövlətdaxili qanunvericiliyimizin bir hissəsidir” .

Bakıda Armen Qriqoryanın bəyanatı ilə bağlı nikbinlik ifadə olunmayıb. Məsələ ondadır ki, Yerevanda Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə fraza birinci dəfə deyil ki, səslənir.

2006-cı ildə o zamankı prezident Serj Sarqsyan belə ifadə etmişdi: "Ermənistan heç vaxt hər hansı bir ölkənin ərazi bütövlüyünü tanımadığını bəyan etməyib. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, eyni zamanda Dağlıq Qarabağın ərazi bütövlüyünü tanıyırıq, belə ki, Azərbaycan Respublikası və Dağlıq Qarabağ Respublikası paralel olaraq Sovet İttifaqında qüvvədə olan qanunlar əsasında yaradılıb”.

Sarqsyan 1990-cı il avqustun 23-də Ermənistan SSR Ali Sovetinin qəbul etdiyi Ermənistanın Müstəqillik Bəyannaməsinə əsaslanıb. Bəyannamə Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” 1 dekabr 1989-cu il tarixli birgə qərarına əsaslanıb.

“Ermənistan SSR Ali Soveti Ermənistan xalqının vahid iradəsini ifadə edərək, erməni xalqının taleyi qarşısında öz məsuliyyətini dərk edərək, bütün ermənilərin arzularını yerinə yetirməkdə, tarixi ədalətin bərpasında ümumdünya insan hüquqları bəyannaməsinin prinsiplərinə, beynəlxalq hüququn ümumməlum normalarına əsaslanaraq, Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” 1 dekabr 1989-cu il tarixli birgə qərarına əsaslanmaqla millətin hüquqlarını həyata keçirərək,  28 may 1918-ci ildə yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirərək, demokratik, hüquqi cəmiyyətin yaradılmasını qarşıya vəzifə qoyaraq "müstəqil dövlətçiliyin qurulması prosesinin başlandığını elan edir", - Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsində deyilir.

Bəyannamənin qəbulundan təxminən bir il sonra, 21 sentyabr 1991-ci ildə Ermənistanda müstəqillik haqda referendum keçirildi və bunun nəticəsində üçüncü Ermənistan Respublikası yarandı.

Erməni dövlətçiliyi üçün bu fundamental sənəd ləğv edilməyib, onun hüquqi  qüvvəsi (Ermənistan üçün) davam edir, ona görə də Paşinyan və Qriqoryanın bütün Qarabağın Azərbaycana məxsusluğunun  konkret və bilərəkdən göstərilmədiyi yeni bəyanatları Qafqaz reallıqlarından uzaq dünya siyasətçiləri üçün siyasi hiylə kimi görünür.

Bakıda bunu anlayırlar və Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına israr edirlər və bu sənəddə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi göstərilməlidir. Yalnız belə olan  halda Ermənistanın antiazərbaycan qanunvericilik aktları Ermənistan Milli Məclisində ratifikasiya edilmiş yeni beynəlxalq sənədlə ləğv edilərək öz hüquqi qüvvəsini itirəcək.

Astna.biz


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.085151