Saat:18:45
Haqqımızda

Qorxunu qorxutmaq... – ELDƏNİZ QULİYEV YAZIR

2024-09-24 00:04:25

Qorxunu qorxutmaq... – ELDƏNİZ QULİYEV YAZIR

Sözüm o kəslərədi ki: "-Tək mənimlә nə dəyişəsidi, ağrımayan başıma niyə yaylıq bağlayım ki?.." deyirlər.

Mismar batmayan asfalt qatını dəlib çıxan zərif ot ləçəkləri görmüsüzmü? Əminəm ki, əksəriyyət görməyib. Yox, әzizlərim, siz sadəcə baxmısınız vә...görməmisiz. Bu İlahi möcüzəni GÖRƏ BİLSƏYDİNİZ, onda  çox mətləbləri anlayardınız.

Onda, baxdığınız şeyləri görməkdən  qorxub-çəkinməzdiniz və acı reallıqları dilə gətirmək də canınıza bunca vic-vicə salmazdı...

Biz niyə və nədən qorxuruq? Bu nə fenomendi belə, yaxamızdan yapışıb, əl çəkmir?..

Şahidi olduğumuz neqativləri, başımıza gələn, (ya gətirilən) haqsızlıqları niyə dilə gətirməkdən xoflanırıq?.. Niyə axı "pıqq" eləyib bizi qorxudanların qabağında heç "mıqq" da eləyə bulmirik?..

Əxlaqa və mental dəyərlərə zidd həyat tərzi sürən bəzi məmurların oğruluğunu, qudurğanlığını, sadə vətəndaşları adam yerinə saymadıqlarını  söyləmək, yanlış və ziyanlı hərəkət etdiklərini qətiyyətlə dilə gətirmək, nədən bunca qorxulu sayılsın axı?

Niyə, nə üçün və nədən haqq sözünü, dürüst fikiri, ədalətli rəyi və sairəni demək bu qədər çətin, bu qədər təhlükəli olsun ki?..

Misal üçün, beş-on nəfər yığışıb ölkə başçısına müraciət eləsək ki, "Hörmətli, izzətli, dəyərli cənab Prezident, sizin təyin etdyiniz bəzi böyük-böyük vəzifəli məmurlar, sözün əsil mənasında özbaşınalıq edirlər. Məsul vəzifə olaraq onlara həvalə edilmiş işlərə diqqət ayırmaq, ölkə vətəndaşlarının maddi və mənəvi rifahı yolunda çalışmaq əvəzinə... "at oynatmaqla", bəzi hallarda isə,- daha pis,- Bağdaddakı kor xəlifənin təqlidini çıxarmaqla məşğul olurlar. Özü də bu, minlərlə, yüz minlırlə insanın gözü önündə baş verir!.." Yaxşı, bunları desək, yazsaq, tirajlasaq bizi dar ağacından asacaqlar? Lap tutaq ki, asdılar...amma eyni sözləri, haqlı iradları min nəfər, yüz min, milyon nəfər desə, necə? Belə olsa, məncə, "burnu əzilən" deyənlər yox, həmin o məmur sürüsü olacaq.

Hər hansı bir nazirə, ya icra başçısına üz tutub bəyan eləsək ki, ay müəllim, ay cənab, ay insan, ay adam, səni bu vəzifəyə təyin edəndə məgər tapşırmayıblar ki, adam ol, vətəndaşların qayğısına qal, səlahiyyətlərini aşma, korrupsiya bataqlığında girmə, rüşvətlə işləmə, millətin dərdinə-sərinə əlac qıl, ölkənin gələcək inkişafına xidmət elə?!

Desək ki, sənin əməkdaşların əhalini gözümçıxdıya salır, yalanı palana çevirib camaatın belinə yükləyir... nə olasıdı ki, görən?

Desək ki, ay müdir, ay direktor, ay sədir, ay rəis, sən bu ölkənin əli qabarlı vətəndaşları sayəsində yaşayırsan ey...onlar bu gün olmasa, sən dünəndən olmazsan; əslində sənin heç mığmığa, ağcaqanad, ditdili qədər də dəyərin yoxdu!..

Vallah bu xalq yazıqdı, billah, bu xalq daha yaxşı rəftara, daha yaxşı həyata layiqdi.

Desək ki, ta bəsdirin, artisliyi-filanı qırağa qoyun! Siz bu xalqı sevmirsiniz, ömür boyu sevməmisiniz də... Sevməyiniz başınıza dəysin, heç olmasa... nifrət eləməyin!..

Qorxu!  Bu gün qorxu hissi vücudumuzu iflic edib, qanımıza işləyib, ruhumuza hopub, əl-ayağımızı, ağzımızı, tilsimləyib-kilidləyib.Qorxu!  Əgər bənni-insan övladı, ilan qabığından çıxan kimi, qıvrılıb bu müdhiş bəladan xilas olmasa, yəni qorxunu qorxudub öz içində öldürməsə, o, ləyaqətlə yaşamaq haqqını bilmərrə itirəcək.  Ləyaqətlə yaşaya bilməyəcəksə, deməli, şərəflə də ölə bilməyəcək... Və nəticədə, onun həyatı, olsa-olsa, statistika olacaq, - taleyə çevrilməyəsək!..

Qorxaqlıq! Qorxaqlar nifrətdən də, sevgidən də, kədərdən, sevincdən də, ölümdən, həyatdan da qorxarlar.

Qorxaqlar təşəbbüskarlıqdan, iradədən, qürur və mənlikdən məhrum olarlar.

Nəhayət qorxaqlıq, hər şeydən əvvəl insanın özünə, öz varlığına düşmən kəsilməsi deməkdi. Özünə düşmən kəsilmək isə, Allah-təalaya asi çıxmağa bərabər bir günahdı.

Xatırladıram ki, sual işarəsi də nə vaxtsa nida olub...qorxudanmı, təlaşdan, xofdanmı, yavaş-yavaş əyilib, bükülüb, təzim edib, domuşub, qozbelləşib və sonda - SUALa çevrilib!..

Qeyd: QORXU dediyimiz bu zəhrimar şey nədirsə, bu gün bizləri Tanrıya doğru uzanan yoldan sapdırıb-azdırıb... bir başa şeytana tərəf sürükləyir!..

Eldəniz QULİYEV

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.215825