Saat:04:10
Haqqımızda

QONŞUSU RÜŞVƏT VERİB SAXTA RƏY ALDI, ONUN TORPAQ SAHƏSİNİ ZƏBT ETDİ – Göyçay sakini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri İdarəsinin əməkdaşlarından şikayətçidir

2024-04-22 11:41:02

QONŞUSU RÜŞVƏT VERİB SAXTA RƏY ALDI, ONUN TORPAQ SAHƏSİNİ ZƏBT ETDİ – Göyçay sakini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri İdarəsinin əməkdaşlarından şikayətçidir

Göycay rayonu, Qarabaqqal kənd sakini Zəkəriyev İlqar Çovdar oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə aidiyyəti qurumlara müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mənim şikayətim Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev, onların mütəxəssisləri Məmmədov Tural və Aqşin Həmidovdandır.

Mənə aid olan 62 sot xüsusi torpaq sahəsini 2012-ci ildə şəhid ailəsi Sadıqov Surxay Xumar oğlundan almışam. Sol tərəfimdəki elektron ucotu ilə təsdiq olunmuş 75 sot sahə isə 1995-ci il ildə torpaq islahatları keçirilən vaxt qonşum Musayeva Kifayət Şahlar qızına verilib. Arada görünən xətt var ki, onu qanunsuz olaraq açıblar.

Qonşum Musayeva Kifayət Şahlar qızı 2018-də məhkəmə iddiası qaldırıb ki, guya, mən onun 20 sot torpağını zəbt etmişəm.

Şəki Apellyasiya Məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsinə  tapşırıq verib ki, bu torpaq sahəsi ölcülsün və zəbt olunma halının müşahidə olunub-olunmamasına dair rəy təqdim edilsin. Şəki Apellyasiya Məhkəməsinin göstərişinə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi idarəsinin mütəxəssisləri Tural Məmmədov və Aqşın Həmidov torpaq sahəsinə gəlib, Göycay rayon Qarabaqqal Bələdiyyəsi sədrinin və icra nümayəndəsinin iştirakı ilə torpaq sahəsinin ölcüsünü aparıblar. Bundan sonra mənə bildirdilər ki, 60 sot torpaq sahəsi Musayev Kifayət Şahlar qızının sərhəd xəttindən və burada heç bir zəbt halı yoxdur.

Mən sənədlərimi, alqı-satqı müqavilələrimi, çıxarışlarımı təqdim etdim. Bildirdim ki, bu torpağa aid mənim çıxarışlarım və sənədlərim var. Onlar da mənə bildirdilər ki, heç bir zəbt olunma halı yoxdur. Yerində akt tərtib etdilər, mən də imzaladım, çıxıb getdilər.

Şəki Apellyasiya Məhkəməsində iştirak edəndə hakim Günay Cavadova məni rəylə tanış etdi. Rəyi oxuyanda məlum oldu ki, guya, mən Musayev Kifayət Şahlar qızının 20 sot torpaq sahəsini zəbt etmışəm, 60 sot torpağın içindən 20 sot ərazi ona məxsusdur. Bu zaman mənə aydın oldu ki, sonradan başqa rəy vermişlər.

Qeyd edim ki, Musayeva Kifayət Şahlar qızının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəsisi Tural  Məmmədovla yaxın qohumluq əlaqələri vardır. Aldığım məlumata görə, Tural Məmmədov Musayev Kifayət Şahlar qızından bu işin müqavilində rüşvət alaraq, Aqşin Həmidovla əlbir şəkildə qanunsuz rəy verib, Şəki Apellyasiya Məhkəməsini aldadıblar. Nəticədə Şəki Apellyasıya Məhkəməsi onların rəyinə əsaslanaraq, ədalətsiz qərarı çıxarmışdır.

Hazırda əlimdə sənədlərim var. Buna baxmayaraq, qanunsuz rəyə əsasən torpağımın sərhədi açılb, ortadan şum çəkilib, mənim hüquqlarım tapdanıb. Nəzərinizə çatdırım ki, torpağın arakəsməsi açıldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyevin torpağı mənə satan şəhid ailəsinin oğlu ilə birlikdə qəbulunda oldum. Ona bildirdim ki, cənab rəis, sizin mütəxəssislər qanunsuz rəy veriblər, bu rəyə əsasən də mənim hüquqlarım pozulub. O, mənə dedi ki, sən qapının arxasında gözlə. Sonra Aqşın Həmidovu çağırdı. Bir neçə dəqiqə söhbət etdikdən sonra mənə bildirdi ki, Aqşin Həmidov düzgün rəy verib, sən hara ürəyin istəyir gedib şikayət edə bilərsən. Mən ona narazılığmı bildirdim, yenidən torpağın ölçülməsini xahiş etdim. Dedi ki, bu, mümkün deyil. Aşağıdan polis mühafizəsini və özünün köməkçisi olan xanımı çağırıb göstəriş verdi ki, bir də bu vətəndaş mənim qəbuluma gəlsə, icəri buraxmayın, yoxsa sizi işdən çıxaracam.

Mən ölkə başcımızdan, hüquq mühafizə orqanlarından xahiş edirəm ki, verilmiş qeyri-qanuni rəy ləvğ olunsun, Aqşin Həmidov və Tural Məmmədov haqqında qanuni tədbir görülsün, pozulmuş hüquqlarım bərpa olsun”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.237346