Saat:14:09
Haqqımızda

Qonşu ölkədə hakimiyyət böhranı - ABŞ və Avropa İttifaqı Gürcüstan və Ukraynanı yarı yolda qoyur...

2021-07-29 13:34:00

Qonşu ölkədə hakimiyyət böhranı - ABŞ və Avropa İttifaqı Gürcüstan və Ukraynanı yarı yolda qoyur...

Gürcüstanda hakim partiya müxalifətlə Avropa İttifaqının vasitəçiyili ilə üç ay bundan əvvəl əldə olunmuş razılaşmanı ləğv edib. Beləliklə, ölkədə aylardır davam edən siyasi böhranın daha da dərinləşməsi təhlükəsi yaranıb.

"Gürcü Arzusu" hakim partiyasının lideri İrakli Kobaxidze iyulun 28-də sözü gedən razılaşmanın iflasına görə müxalifəti ittiham edib. O bildirib ki, müxalifətdən olan deputatların yarıdan çoxu hələ də bu razılaşmaya qoşulmayıb.

Xatrıladaq ki, Gürcüstanda siyasi böhran ötən oktyabrda keçirilmiş parlament seçkisində "Gürcü Arzusu" partiyası qalib gələndən sonra başlanıb. Müxalifət seçkini ədalətsiz və saxta adlandırıb. Bunun ardınca bir qrup müxalifət partiyası parlamentin boykotuna dair qərar qəbul edib.

Birləşmiş Ştatlar tərəfindən dəstəklənən Avropa İttifaqı böhranın çözülməsi üçün Gürcüstan iqtidarı və müxalifəti arasında danışıqlar təşkil etmişdi. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel aprel ayında bir daha iqtidarla müxalifəti barışdırmağa cəhd etmiş və hətta təcili qaydada Tbilisiyə gəlmişdi. Bundan sonra kiçik müxalifət partiyaları parlamentə daxil olmağa razılaşmışdılar.

Kobaxidze deyib ki, daha kiçik müxalifət partiyaları bu razılaşmanı imzalasalar da, keçmiş prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyası da daxil daha geniş “radikal müxalifət” parlamentə daxil olmalarına rəğmən sənədə imza atmayıblar.

Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş sazişə görə hakim "Gürcü Arzusu" partiyası bələdiyyə seçkilərində 43 faizdən az səs topladığı təqdirdə, 2022-ci ildə erkən parlament seçkisi keçirilməli idi. Bu saziş habelə parlamentdə vəzifə bölgüsünü müəyyən edir, Mərkəzi Seçki Komissiyasının islahatları üçün tövsiyələr verirdi.

Kobaxidze deyib ki, sazişin əsas müddəalarına müxalifətin boykota son qoyması və Vahid Milli Hərəkat Partiyasının liderlərindən Nika Meliyanın azadlığa buraxılması ilə onsuz da əməl olunub. Lakin Kobaxidzenin bəyantından sonra bir neçə müxalifət deputatı parlamentdən çıxacağını və bələdiyyə seçkilərini boykot edəcəyini bildirib.

Siyasi təhlilçi Şahin Cəfərli hesab edir ki, “Gürcü Arzusu”nun son qərarı Avropa Birliyinin və Şarl Mişelin reputasiyasına ağır zərbə olmaqla, bir daha bu təşkilatın nə qədər dişsiz qurum olduğunu göstərir.

"Özü də bu qərarı AB ilə assosiativ saziş imzalamış, vizasız gediş-gəliş hüququ əldə etmiş, postsovet məkanında Qərbdən ən çox asılılığı olan, ondan yardımlar alan 3 ölkədən biri edir. Hələ üstəlik, AB-nin Gürcüstana qarşıdakı 5 ildə 3,9 milyard avro investisiya sözü verdiyi bir məqamda... Görünür, hiyləgər və iti zəkalı İvanişvili AB-dən hər hansı sərt cavab gözləmir və qərblilərin ənənəvi narahatlıq, qınama bəyanatlarından o tərəfə keçməyəcəklərinə inanır",-deyə ekspert qeyd edib.

 

 

Ş. Cəfərli vurğulayır ki, ümumən həm Gürcüstanda, həm də Ukraynada Qərbin siyasətindən məyusluq yavaş-yavaş artır: "Bu ölkələr böyük itkilər hesabına avroatlantik inteqrasiya kursu seçib, 2014-cü ildə AB ilə assosiasiya sazişi imzalasalar da, təşkilat hələ də onlara üzvlük perspektivi vermir. Kiyev və Tiflis illərdir xahiş edirlər ki, gəlin, rəsmi sənədlərin birində yazaq ki, bu ölkələr AB-nin bütün kriteriyalarına uyğunlaşarsa, gələcəkdə Avropa Birliyinə üzv qəbul olunacaqlar. Lakin AB - təbii ki, Almaniya və Fransa hər dəfə bu xahiş və tələbləri rədd edir. Bənzər vəziyyət bu ölkələrin NATO-ya üzvlüyü məsələsində də yaranıb. Doğrudur, AB-dən fərqli olaraq, NATO Ukrayna və Gürcüstana üzvlük perspektivi verib. 2008-ci il Buxarest zirvəsində Buş hökuməti bu ölkələrə üzvlükdə son mərhələ olan Üzvlük üçün Fəaliyyət Planı (MAP) verilməsini istəyirdi, Merkel və Sarkozi isə buna qəti şəkildə qarşı idilər, sonda kompromis variant kimi yekun Kommünikedə konkret tarix göstərilmədən “Ukrayna və Gürcüstan gələcəkdə NATO-ya üzv qəbul ediləcək” cümləsi yazıldı".

Siyasi təhlilçinin sözlərinə görə, Almaniya və Fransanın mövqeyində hər hansı dəyişiklik yoxdur və onların Ukrayna ilə Gürcüstana nə vaxt yaşıl işıq yandıracaqları bəlli deyil: "Heç ABŞ-ın da bu məsələdə istəkli və israrlı olduğunu söyləmək doğru olmaz. Seçki kampaniyasında Putin tiraniyasına son qoyacağını vəd edən Bayden hakimiyyətə gəldikdən sonra isə Rusiya daha geniş meydan əldə edib. Bayden hətta ABŞ qanunlarını qulaqardına vuraraq Rusiyaya qarşı sanksiya tətbiq etməkdən vaz keçib, üstəlik rusiyalı hakerlərin ABŞ-ın enerji və qida təhlükəsizliyini hədəf alan hücumlarına da cavab verməyərək “bunlar Rusiya hökumətinə bağlı hakerlər deyil” bəhanəsinə sığınıb. Dünən isə rusiyalı hakerlərin gələn il Konqresə keçiriləcək seçkilərə müdaxilə etdiyini söylədi. Artıq ciddiyyətini və inandırıcılığını tamam itirib".

Şahin Cəfərlinin sözlərinə görə, İkinci Dünya müharibəsi ərəfəsində Britaniya və Fransanın Almaniya ilə münasibətlərdə yeritdiyi təcavüzkarı “sakitləşdirmə” siyasətini bu gün Almaniya, Fransa və qismən ABŞ-ın timsalında Qərb Rusiya ilə münasibətlərdə təkrarlayır.

"Putin bundan cəsarətlənərək Ukrayna ilə bağlı məqaləsində Kiyevin qarşısında iki seçim qoydu: ya avroatlantik inteqrasiyadan imtina edib, bizimlə razılaşırsız və sizə toxunmuram; ya da “tarixi rus torpaqları”nı geri qaytarmaq və oradakı Rusiya vətəndaşlarını qorumaq üçün güc işlətməyə məcbur olacağam",-deyə təhlilçi qeyd edib.

Ş. Cəfərlinin sözlərinə görə, Zelenski indi ona ümidlidir ki, ölkəsinə güclü ikipartiyalı dəstəyin mövcud olduğu ABŞ Konqresi və “dərin dövləti” Baydenin Putinlə bu təhlükəli alverini əngəlləyərək Ukraynaya hansısa şəkildə təhlükəsizlik təminatı verəcək: "Əks halda, Ukraynanın Rusiya ilə kompromisə getməkdən başqa yolu qalmayacaq. Bidzina İvanişvilinin isə Rusiya ilə əlaqələri hamıya məlumdur və onun Moskva ilə gizli kanallarla müntəzəm məsləhətləşmələr apardığını bilmək üçün məxfi informasiyalara ehtiyac yoxdur. Əgər Qərb hazırkı siyasətini davam etdirərsə, Gürcüstanın və Ukraynanın avroatlantik inteqrasiya kursu "avroatlantik skeptisizm"lə əvəzlənə bilər".

"AzPolitika.info"

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR