Qondarma rejimin rəhbərləri yenə toplandı - Nələr müzakirə edilib? (ŞƏRH)

"Xunta rəhbərliyinin keçirdiyi qapalı iclas daha çox Paşinyan hakimiyyətinə qarşı yönəlib”.
Hurriyyet.Az bildirir ki, bunu Qaynarinfo-ya politoloq Əlimusa İbrahimov İrəvandakı Dağlıq Qarbağdakı qondarma rejimin sonuncu "prezidenti" Samvel Şahramanyanın və saxta deputatlarının iştirakıyla keçirilən qapalı müzakirələri şərh edərkən deyib.
Əlimusa İbrahimov bildirib ki, son zamanlar Şahramanyanla Ermənistan rəhbərliyi arasında müəyyən problemlər yaranıb:
"Terrorçu tör-töküntülər hesab edir ki, Şahramanyanın qondarma qurumun buraxılması barədə bəyanatı imzalamasını Paşinyan təşkil edib. Şahramanyan əvvəlki çıxışlarında da qeyd edib ki, atılan bu addımlarla bağlı Paşinyanı da məlumatlandırıb. Lakin Paşinyan bu barədə məlumatı olmadığını deyir. Təbii ki, Qarabağdan köçüb, İrəvana gedənlər həm Ermənistan rəhbərliyi, həm də xuntanın keçmiş liderləri üçün ciddi problemlər yaradır. Onların yerləşdirilməsi, ərzaq və işlə təmin olunması, humanitar yardımlar məsələsi ciddi müzakirə olunur. Bütün bunların həyata keçməsi üçün də xunta rəhbərliyi tez-tez görüşlər keçirir. Keçirilən görüşün qapalı olması isə onu göstərir ki, böyük ehtimalla burada Paşinyan hakimiyyətinə qarşı hər hansı bir qərarlar da verilə bilər. Onun nəticəsini yaxın gələcəkdə görəcəyik”.
Rüfət Sultan
