Qondarma “erməni soyqırımı” əksər güclərin əlində siyasi alətə çevrilib

2022-04-23 10:46:00

Qondarma “erməni soyqırımı” əksər güclərin əlində siyasi alətə çevrilib

Erməni-daşnak qüvvələri əslində tarixdə heç vaxt baş verməmiş qondarma “erməni soyqırımı” uydurmasını ortaya ataraq hər il aprelin 24-ü ərəfəsində daha da fəallaşır, dünyanın nüfuzlu dövlətlərini və beynəlxalq təşkilatları Türkiyəyə və Azərbaycana qarşı qaldırmağa cəhd göstərirlər. Tarixi sənədlər də təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb.

ABŞ prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi qərəzli bəyanat siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan cəmiyyətində böyük təəssüf hissi ilə qarşılandı. Əlbəttə ki, Türkiyəyə qarşı ağır iftira və təhdid vasitəsi olan sözügedən bəyanat ciddi şəkildə qınanılmalı və  rədd edilməlidır.  Qondarma “soyqırımı”, “qətliam” ifadələrindən əlavə, ABŞ prezidentinin 1915-ci il hadisələrini “tanıdığı” bəyanatda İstanbul əvəzinə “Konstantinopol” ifadəsindən istifadə etməsi isə siyasi qalmaqal olmaqla yanaşı, Türkiyəyə qarşı nifrət və dözümsüzlüyün açıq şəkildə ifadəsidir. Bayden 40 ildən sonra “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir. 

Erməni lobbisinin tarixi saxtalaşdırmaq və təhrif etmək cəhdinin növbəti təzahürü olan Co Baydenin “bəyanatı” heç bir şəkildə Türkiyənin qlobal güc roluna və regiondakı mövqelərinə təsir edə bilməz. Bu "bəyanat"ı tarixi səhv adlandıran Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Bu dəqiq təsbit ABŞ administrasiyasının bu təxribatçı addımına ən gözəl siyasi qiymətdir. Danılmaz faktdır ki, Türkiyə dünyanın qlobal gücüdür və Türk dünyası, Azərbaycan bütün siyasi, iqtisadi, hərbi gücü ilə hər zaman qardaş Türkiyənin yanındadır.

1988-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar etnik təmizləmə, soyqırımı, işğalçılıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Eləcə də, hazırda faşist ideologiyası yürüdən Ermənistan terrorizmi bir dövlət siyasətinə çevirərək bundan Azərbaycana qarşı istifadə edir.

Heç də uzağa getməyək. Fransa prezidenti Makron açıqlamasında  Ukraynanın Buça şəhərində baş vermiş faciəni “soyqırım” adlandırmaqdan imtina edib və bildirib ki, soyqırım faktına siyasətçilər yox, hüquqşünaslar qiymət verməlidirlər. Görünür ki, Makronun bu açıqlaması da Fransa dövlətinin ikiüzlü yanaşmasında xəbər verir.  Makron bildirib ki, bununla bağlı qərarı siyasətçilər verə bilməz. Halbuki qondarma soyqırımı tanıyan ölkələr, o cümlədən Bayden də heç bir tarixi araşdırmaya istinad etməyiblər. Haqlı sual ortaya çıxır: qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı hansı məhkəmə qərar vermişdi ki, Bayden, Makron və onlarla belə ölkə bu “faktı” tanıdı? Təəssüf ki, erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri qondarma “erməni soyqırımı” ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar.

Millət vəkili Könül Nurullayeva müsahibəsində qeyd edib ki, qondarma erməni “soyqırımı”nın əksər güclərin əlində siyasi alətə çevrilib:

"Təəssüflə qeyd etməliyik ki, qondarma erməni “soyqırımı” əksər güclərin əlində siyasi alətə çevrildi. Zaman-zaman qardaş Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olundu. Bu gün də biz bu prosesin davam etdiyini görürük. 106 il əvvəl baş verən hadisələrin araşdırılmasına səy göstərməyənlər, tarixi faktları görmək və eşitmək istəməyənlər bu gün saxta “soyqırım”ı tanımaqla ədalətsiz və ikili standartlar siyasətinin üstünlük təşkil etdiyi dünya düzəni olduğunu təsdiqləyirlər".

Həqiqətən də tarixdə heç zaman “erməni soyqırımı" adlı hadisə olmayıb. Ona görə ki, “erməni soyqırımı” ifadəsinin işlədilməsi heç bir tarixi fakta və dəlilə əsaslanmır. Bu ifadə hər zaman bəzi qüvvələr və dairələrin bölgədə tamamilə müstəqil siyasət yürüdən, qısa müddətdə güclü regional oyunçu kimi özünü təsdiq edən qardaş Türkiyəyə qarşı təzyiq vasitəsinə çevrilib.

1918-ci ildə azərbaycanlılara qarşı baş verən 31 Mart soyqırımı, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı var. Təəssüf ki, dünyanın bir çox dövlətləri bu dəhşətli faktları görməzlikdən gəlir. Bu, bir daha sübut edir ki, qondarma "erməni soyqırımı" bəzi dövlətlərin əlində sadəcə öz siyasi maraqlarını həyata keçirmək üçün istifadə etdikləri vasitədir. Qondarma "erməni soyqırımı"na qiymət verənlər birbaşa beynəlxalq hüququ pozurlar. Onlar olmayan "soyqırımı"ndan danışırlarsa, faktlarla sübut olunan Xocalı soyqırımına siyasi qiymət versinlər. Xocalı soyqırımı müasir dünyada qəddarlığın, amansızlığın və cəzasızlığın bir nümunəsidir. Heç kəsə də sirr deyil ki, Ermənistana və onun ordusuna uzun müddət rəhbərlik etmiş Serjik Sarkisyan, Robert Köçəryan kimi şəxslər və Ermənistan hökumətinin onlarla digər rəsmi nümayəndələri azərbaycanlıların soyqırımı və etnik təmizləməsində bilavasitə iştirak ediblər. Təəssüf edirik ki, bəzi dünya təşkilatları  və  dövlətlər hələ də ermənilərin törətdikləri insanlıq əleyhinə cinayətlərə göz yumurlar. Ən əsası da Xocalı soyqırımının həyata keçirilməsində birbaşa iştirak edən Serjik Sarkisyan və Robert Köçəryan kimi şəxslər hələ də cəzalandırılmayıb.

Elşən Yəhyayev


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya