Saat:16:20
Haqqımızda

Qohumuna 10 min manat borc verdi, illərdir geri ala bilmir - ŞİKAYƏT

2024-09-03 14:07:56

Qohumuna 10 min manat borc verdi, illərdir geri ala bilmir - ŞİKAYƏT

Ağdam sakini Sümayə Aslanova: “Düşünürəm, görəsən çiynində paqon gəzdirən bu dırnaqarası qanun keşikçilərinin heç vicdanı sızlamırmı?”

1956-cı ildə Ağdam rayonunun Papravənd kəndində anadan olan Aslanova Sümayə Cəfər qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Müəllimə olduğunu, 50 ilə yaxın müddət gənc nəslin təlim-tərbyəsi ilə məşğul olduğunu deyən şikayətçi hal-hazırda Ağdam ərazisində köçkünlər üçün salınmış 83 saylı İmamqulubəyli qəsəbəsində 535 nömrəli evdə yaşadığını bildirir:

“Mən 2004-cü ildə həmkəndlim, eyni zamanda yaxın qohumum Bayramov Vidadiyə 10 000 (on min) manat borc pul vermişəm. 2 il müddətində onu narahat etmədim. Sonra özümə də pul lazım olduğu üçün onu istəmək məcburiyyətində qaldım.

O, məndən biraz zaman verməmi xahiş etdi. Sonra mənə xəbər çatdı ki, Vidadi deyir, “sübut etsin ki, mənə pul verib”. Artıq mənə aydın oldu ki, o, pulu danmaq istəyir.

Bunu belə görəndə onun yanına ayrı-ayrı adamlar göndərdim. Gedənlərin hər birini “hələ verməyə pulum yoxdur” cavabı ilə geri döndərdi. Mən bu vicdansızın dələduz olduğunu bilsəydim, ona pul verərdimmi? Onun əlinə girəvə keçib ki, mən o pulu heç kimin yanında verməmişəm. Yəni şahid və sübutum yoxdur. Mən elə bir şərait yaratdım ki, o, öz dili ilə məndən 10 000 manat aldığını etiraf etdi. Mən əlimə dəlil, sübut keçirəndən sonra, 2008-ci ildə Ağdam Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə sədri Seyfəli Seyfullayev çox ədalətli bir qərar çıxardı ki, pul son qəpiyinə qədər sahibinə qaytarılmalıdır.

İş icra edilməsi üçün icra qrupuna verildi. Elə mənim əsl faciəm də onda başladı. Dələduz özünə lazımı havadarları tapdı. Bir sözlə, dələduz müdafiə olundu.

İşi belə görəndə Gəncə Apellyasiya Məhkəməsinə müraciət etdim. Dələduzların havadarları oraya da yol tapdılar.

Sonra Vidadi Bakı şəhəri, Sabunçu rayonunda yaşamağa başladı. Mən Sabunçu Məhkəməsinə getdim. Orada işimi nizamlamağa başladığım an Vidadi geriyə - Ağdama döndü. Mən Ağdamda işimi həll etməyə başlayanda havadarlarının xüsusi planı altında biz yaşadığımız qəsəbədə ona verilmiş üçgözlü yaşayış evini Vidadiyə satdırıb, onu Tər-tər ərazisinə göndərdilər.

Qarşılaşdığım bu dözülməz vəziyyət məni haldan-hala saldı. Nəticədə bir litr benzin götürüb Tər-tər rayon icra qrupunun yerləşdiyi binaya yollandım. Benzini başımdan töküb özümü yandırmaq istəyəndə təpiklə vurub yere düşən alışqanı məndən uzaqlaşdırdılar. Mən intiharı həyata keçirə bilmədim.

Polis şöbəsindən polislər tökülüb gəldi. İntiharı həyata keçirə bilməsəm də, tökdüyüm benzinin acısını üç ay yaşadım. Çünki benzin sinəmdə “öz işini görmüşdü”. Sinəmin dərisi bütöv çıxdı. Üç ay dərman-maz preparatlarından istifadə etdim.

Beləliklə, azda olsa vicdanı olan insanların köməyi ilə

4100 manatımı hissə-hissə aldım, hələ 5900 manatım dələduzda yatır. Düşünürəm, görəsən çiynində paqon gəzdirən bu dırnaqarası qanun keşikçilərinin heç vicdanı sızlamırmı?

Onların anası-bacısı yoxdurmu?

Artıq yataq xəstəsiyəm. Əsəblərimi müalicə etdirirəm. Qarşılaşdığım bu haqsızlığa dözə bilmirəm. Mən sənədlərimlə birgə ötür-ötür oyununun qurbanına çevrilmişəm.

Ən ali məhkəmə vicdan məhkəməsidir. O da mən qarşılaşdığım paqonlularda yoxdur, əgər olsaydı onlar bir dələduzun müdafiəçisinə çevrilib, özlərini də ona tay etməzdilər.

İndi bu ünvansız yaşayan səfil Tər-tər ərazisində məskunlaşıb. Mən Tər-tər rayonu icra qrupunun işçisi Cahangir müəllimlə əlaqə saxladım. Onun mənə cavabı bu oldu ki, sənin adında hərf səhvliyi var idi, biz işi Ağdama qaytarmışıq. Ağdama da gəldim, mənə sözləri o oldu ki, “bizə iş qaytarılmayıb”.

Artıq daha nə deyim, hər şey göz qabağındadır. Mən Səməd Vurğunun qara dərili rəssam qəhrəmanı kimi döydüyüm qapılardan rədd cavabı aldım. Açdığım qapıların ağzında qaldım. Haqlı ikən haqsız oldum. Dələduzun işinə rəvac verildi. Qara dərili Amerikalı ilə müstəqil Azərbaycanın vətəndaşına heç bir fərq qoyulmadı.

Çox böyük ümidlə öz dərdimi sizə ünvanladım. Ümüdvaram ki, 2008-ci ildən bu günə kimi, yəni 2024-cü ilə kimi əlimdə qalan bu qətnamə müsbət həllini tapacaq və mənim heç kim tərəfindən məlhəmi tapılmayan ağır dərdimin üstünə sizin əlinizlə su səpiləcək”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.235610