Saat:03:36
Haqqımızda

Qırğızıstanda saxlanılan daha bir azərbaycanlının yaxınından Prezidentə MÜRACİƏT – “Biz dövlətimizə güvənirik”

2024-04-01 16:15:33

Qırğızıstanda saxlanılan daha bir azərbaycanlının yaxınından Prezidentə MÜRACİƏT – “Biz dövlətimizə güvənirik”

Xəbər verildiyi kimi, 5 nəfər azərbaycanlı “ölkə rəhbərliyinə sui-qəsd” ittihamı ilə saxlanılıb. Belə ki, Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi “cinayətkar qruplaşma”nın üzvü olmaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb. Bildirilib ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S., Məmmədov Z.İ. yüksəkvəzifəli şəxsə qarşı cinayətə hazırlaşırmış. Onlardan Əsgərov M.O.-nun kriminal aləmdə tanınmış şəxs olması və Qırğızıstan dövlətinin cinayətkarlığa qarşı apardığı fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlməsi iddia edilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, saxlanılan şəxslərdən daha birinin – Əliyev Vüqar Sultan oğlunun yaxını – oğlu Əlizadə Cavid Vüqar oğlu “Hürriyyət”ə müraciət edib. Qəzetimiz vasitəsilə sözünü ölkə rəhbərliyinə çatdırmaq istəyən C.Əlizadə atasının günahsız olduğunu iddia edir:

“Cənab Prezident!

Qırğızıstanda tutulmuş 5 nəfər Azərbaycan vətəndaşı ilə əlaqədar Sizə müraciət edirəm. Çünki orada günahsız şəkildə tutulanlardan biri mənim valideynim Vüqar Əliyevdir.

Mövzu ilə əlaqədar özümüz də kifayət qədər araşdırmalar aparırıq. Qeyd edilən ittiham çox ağır ittihamdır və orada olan 5 nəfərin də belə bir ittihama sübutsuz məruz qalmasını doğru qəbul etmirəm. Heç bir məhkəmə aparılmadan, istintaq getmədən və məhkəmə qərarı sübutlu və əsaslı şəkildə ortaya çıxarılmadan şəxslərin hər birinin üzlərinin paylaşılması, məxfiliyinin pozulması, insan hüquqlarının pozulması ilə bağlı olan məsələlərdən əlavə, onların bu formatda tutulması və bu cür ağır ittihama məruz qalması ailəmiz tərəfindən çox kədərlə qarşılanıb.

Dövlət tərəfindən verilən vəkillə danışıq zamanı da o, azərbaycanlıların heç bir sübut olmadan saxlanıldıqlarını və günahsız olduqlarını bildirdi. Əlavə olaraq, dövlətimizdən kömək istəməyimizi məsləhət bildi.

İnanırıq ki, bu mövzunun düzgün şəkildə araşdırılması mənim valideyinimdən əlavə, eyni vaxtda respublikamızın vətəndaşlarının əsassız olaraq bu cür ağır ittihama məruz qoyulduğunu ortaya çıxaracaq. Odur ki, biz Sizlərə - dövlətimizə güvənirik.

Cənab Prezident!

Mən xaricdə təhsil aldığım zaman dövlətimizi layiqincə təmsil etməklə bərabər, tariximizi digər xalqlara çatdırmışam. Bizi zəhmətlə böyüdən valideynimə bu cür ittiham bizi çox kədərləndirir. Sizin bu mövzuda bizə kömək edəcəyinizə inanıram və güvənirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Rəsmi qurumların da mövqeyini dərc etməyə çalışacağıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.197124