Saat:07:30
Haqqımızda

QIRĞIZ OLİQARX VƏ QARDAŞLARI BAKIDA HƏBS OLUNUB - Nələrdə ittiham olunurlar? + VİDEOLAR

2024-03-27 16:28:01

QIRĞIZ OLİQARX VƏ QARDAŞLARI BAKIDA HƏBS OLUNUB - Nələrdə ittiham olunurlar? + VİDEOLAR

Xəbər verdiyimiz kimi, beynəlxalq axtarışa verilmiş Qırğızıstan gömrük xidmətinin sabiq rəis müavini Rayımbek Matraimov Azərbaycanda həbs edilib.

Rayımbek Matraimov Bakıdan Bişkekə ekstradisiya edilib.

"Sputnik Qırğızıstan"  qırğız məmurun Bakıda həbs olunnmasının səbəbləri ilə bağlı Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin məlumatını yayıb.

Hurriyyet.az xəbər verir ki, məlumatda Rayımbek Matraimov qanunsuz həbslərin həyata keçirilməsində və çirkli pulların yuyulması ilə bağlı cinayət işlərində iştirakda ittiham olunduğu qeyd edilib. Bildirilib ki, məhz buna görə o, eləcə də qardaşları Tilek Matraimov, Ruslan Matraimov və İslambek Matraimov Bakıda saxlanılaraq Qırğızıstana təhvil verilib.

Qeyd edək ki, Tilek Matraimov  “Oşqaz” müəssisəsinin direktor müavini olub.

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi Rayımbek Matraimovu öldürülmüş kriminal avtoritet Kamçı Kolbayevlə də sıx əlaqədə ittiham edib: "O, Gömrük Xidmətinin əməkdaşları və dövlət məmurları arasından cinayətkar qrup yaradıb. Xüsusilə, Rayımbek Matraimov Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin "Qanunsuz azadlıqdan məhrum etmə" və "Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması)" maddələri ilə təqsirləndirilir".

Məlumatda həmçinin deyilir ki, Rayımbek Matraimovun ümumi dəyəri 34 milyon 810 min 500 dollar olan daşınmaz əmlakının müsadirə olunub. 

"Dövlət Gömrük Xidmətinin sabiq rəis müavininin harada olduğu məlum deyildi və o, axtarışa verilmişdi. Daha sonra Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi onun Bakıda olmasını və Qırğızıstanda saxlanılan, Qırğızıstan Respublikasının rəhbərliyinə sui-qəsd hazırlayan Azərbaycandan olan transmilli cinayətkar qrupun üzvləri ilə əlaqəsini müəyyən edib" - deyə, məlumatda qeyd edilir..

Onu da qeyd edək ki, ötən gün Azərbaycan Daxili İşlər Nazirliyi Qırğızıstanın 4 vətəndaşının ölkələrinə təhvil verildiyini açıqlayıb: "Qırğızıstan hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında ölkə ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. Azərbaycan Daxili İşlər Nazirliyi Qırğızıstanın aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı qarşı tərəfə təqdim edib. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.

Həmçinin, Qırğızıstan hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar Qırğızıstanın aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər. Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğızıstanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir".

Qeyd edək ki, sosial şəbəkələrdə də Matraimovun Bişkekə aparılmasının fotoları və vidosu yayılıb. Onları da təqdim edirik: 

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR