“Qida təhlükəsizliyi haqqında” Qanunda GMO məhsulları ilə bağlı nələr var?

2022-04-15 23:33:00

“Qida təhlükəsizliyi haqqında” Qanunda GMO məhsulları ilə bağlı nələr var?

Milli Məclisdə “Qida Təhlükəsizliyi haqqında” Qanunun müzakirəsi ictimaiyyət arasında da birmənalı qarşılanmayıb. Bəs, bu Qanun layihəsində nələr nəzərdə tutulur?
 
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri, tanınmış iş adamı Mürvət Həsənli facebook səhifəsində paylaşdığı statusunda bu suala belə aydınlıq gətirir:
 
Azərbaycanda genetik modifikasiya olunmuş məhsulların – GMO-nun istifadəsi ilə bağlı müzakirələr daim aktuallığını qoruyur. Bu baxımdan, Milli Məclisdə birinci və ikinci oxunuşda qəbul olunmuş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi diqqət çəkir. Belə ki, layihədə qida məhsulu kimi heç bir GMO və ya GMO-dan əldə edilmiş məhsulun istehsalına, emalına və ya dövriyyəsinə icazə verilmir. Yalnız siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən, müvafiq qurum tərəfindən qeydiyyata alınmış və həyat və sağlamlığa zərərli olmayan, istehlak xüsusiyyətləri ilə bağlı istifadəçiləri aldatmayan, habelə heyvanların normal qidalanması üçün əvəz etdiyi məhsullardakı zəruri inqrediyentlərə malik olan genetik modifikasiya olunmuş yem məhsullarının dövriyyəsinə icazə verilir.
 
Bu yem məhsulları istehsal, emal edilməmişdən və dövriyyəyə buraxılmamışdan əvvəl həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin və digər tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə tədqiqi aparıldıqdan sonra qeydiyyata alınacaq.
 
Qanuna əsasən, ölkə ərazisində GMO məhsulların ilkin istehsalı qadağandırBu da o deməkdir ki, Azərbaycan torpaqlarında gen mühəndisliyi yolu ilə genetik modifikasiyaya məruz qalmış toxumların əkilməsinə və GMO bitkilərin yetişdirilməsinə icazə verilməyəcək. Bununla yanaşı, sərbəst və könüllü seçimin təmin edilməsi məqsədilə yem məhsullarının tərkibində genetik modifikasiya olunmuş orqanizmlər mövcud olduğu halda, etiketlərində genetik modifikasiya olunmuş orqanizmlər haqqında məlumatın əks etdirilməsi tələbi Qanunda əks olunmuşdur.
Hazırda dünyada GMO-lardan istifadənin başlıca səbəbi həmin orqanizmlərin xəstəliklərə, zərərvericilərə, bitki-mühafizə vasitələrinə, quraqlıq kimi iqlim dəyişikliklərinə və digər təsirlərə daha davamlı olmalarıdır. Daha çox yem qismində istifadə edilən GMO bitkilər soya (zülalla zəngin olduğundan zülal mənbəyi kimi daha çox quşçuluq təsərrüfatlarında istifadə edilən paxlalı bitki), qarğıdalı (lif və yağla zəngin olduğundan enerji mənbəyi kimi daha çox maldarlıq təsərrüfatlarında istifadə edilən dənli bitki), pambıq (zülal mənbəyi kimi gövşəyən hevanların yemlənməsində istifadə edilən kol bitkisi) və kanola (yağ və zülal mənbəyi kimi daha çox südlük heyvanların, donuz və quşçuluq təsərrüfatlarında istifadə edilən bitki) bitkiləridir.
 
Beynəlxalq mənbənin 2019-cu il üzrə hesabatına əsasən, dünyanın 29 ölkəsində ümumilikdə 190 milyon hektar ərazidə GMO məhsulları becərilir və bu məhsulların 70-90 faizi məhz yem kimi heyvandarlıqda istifadə edilir. Eyni mənbəyə əsasən, 2019-cu ildə istehsal edilən ümumi soyanın 74 faizi, qarğıdalının 31 faizi, pambığın 79 faizi, kanolanın (raps) 27 faizi GMO olub.
 
Avropanın Qida Təhlükəsizliyi Qurumunun (EFSA) yayımladığı “GMO yemlə qidalanan heyvanların ət, süd və yumurtalarında GMO təyini” adlı hesabatında bu günə qədər aparılmış çoxsaylı tədqiqatlar nəticəsində GMO bitkilərin DNT fraqmentlərinin və ya zülallarının kənd təsərrüfatı heyvanlarının toxumalarında və ya onlardan alınan məhsullarda aşkar edilmədiyi qeyd edilmişdir.
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya Sağlamlıq Təşkilatının birgə hazırladığı “GMO bitkilərin təhlükəsizlik aspektləri” adlı hesabatında, bitki DNT-sinin məməlilərin hüceyrələrinə ötürülməsinin mümkünlüyünə yönəlmiş çoxsaylı təcrübələrin nəticələrinə əsasən, bu günə qədər bitki DNT-sindəki marker genlərin həmin bitki ilə qidalanan heyvanların hüceyrələrinə ötürülməsi ilə bağlı heç bir məlumat əldə edilməmişdir.
 
Ümumdünya Səhiyyə Təşkilatının yayımladığı rəsmi məlumatda beynəlxalq bazarda mövcud olan GMO-ların elmi risk qiymətləndirilməsinə cəlb olunduğu və sağlamlıq üçün risk təşkil etmədiyi, eləcə də həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə insan sağlamlığına heç bir təsirinin aşkar olunmadığı bildirilib.
 
Milli Biotexnoloji Məlumat Mərkəzinin “Genetik modifikasiya olunmuş yemlərin heyvandarlıq populyasiyalarına təsiri” adlı elmi məqaləsində, illərlə GMO bitkilərlə yemləndirilmiş heyvanın sağlamlığında heç bir dəyişikliyin aşkar edilmədiyi, həmin heyvanlardan əldə edilən yumurta, ət, süd və süd məhsullarında GMO komponentlərinə və ya onların ölçülə bilən izlərinə rast gəlinmədiyi, məhsulların keyfiyyətində, eləcə də həmin heyvanların ətinin strukturu, tərkibi və qidalılıq dəyərində dəyişikliyin aşkar edilmədiyi qeyd olunub”. \\Ovqat.com 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya